"Qərblə Rusiya arasında gedən savaş, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin gecikməsinə təsir göstərir" -Ramiz Alıyev

“Azərbaycan və Ermənistan dövlət başçıları həm Qərb vasitəçilərinin, həm də Rusiya dövlətinin vasitəçiliyi ilə dəfələrlə görüşlər keçirmişdir. Xüsusilə vurğulamaq istəyirəm ki, istər Qərb dövlətlərinin vasitəçiliyi ilə olan görüşlərdən sonra tarixdə mütləq şəkildə tərəflərin görüşünü Rusiya tərəfi təşkil edir və yaxud da ki, əgər ilk görüş Rusiyada olubsa, mütləq şəkildə Qərb tərəfi də görüşlərin keçirilməsinə təşəbbüs göstərib. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bütün görüşlərə, müzakirələrə hazırdır. İstənilən vasitəçi ölkənin bitərəfliyi qorumaq şərtilə, vasitəçilərin dəvətini qəbul edib görüşdə iştirak etməyə hazır olduğunu bildirmişdir. Hesab edirəm ki, bu da müsbət yanaşılan bir addımdır. Cənab Prezidentin təqdim etdiyi beş bənddən ibarət olan sənəd istər Qərb dövlətləri, ABŞ, Avropa Birliyi və digər dövlətlər Almaniya, Rusiya tərəfindən yüksək qiymətləndirilib və təqdirəlayiq hesab olunubdur. Belə olduğu halda, təəssüflər olsun ki, ilkin razılaşmalar baş tutmağına baxmayaraq, Qərb dövlətlərinin təzyiqləri nəticəsi olaraq Ermənistanın sülhə gedən yoldan kənar tutmaq cəhdləri baş verir. Artıq biz görə bilirik ki, bu keçirilən görüşlər sona çatdırılmır və nəticə vermir. İstər Qərb dövlətləri, istərsə də bəzi dövlətlər tərəfindən əngəllər yaradılır. Burada sanki bir savaş gedir. Qərb dövlətləri istəyir ki, onların maraqlarına uyğun formada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın. Eyni zamanda Rusiya da istəyir ki, Rusiyanın nəzarəti və istəyi ilə maraqlarına uyğun olaraq sülh müqaviləsi bağlansın”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.

Siyasi şərhçi qeyd edib ki, Qərblə Rusiya arasında gedən bu savaş, əlbəttə ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin gecikməsinə də böyük təsir göstərir.

“Azərbaycan-Ermənistan arasında digər tərəflərin iştirakı olmadan müəyyən bir razılaşma, sənədlərin müəyyən olunması, delimitasiya və demarkasiya proseslərinin aparılması ilə bağlı hər iki tərəfdən komissiya sədrlərinin görüşü oldu. Hətta Azərbaycan və Ermənistan müstəqil dövlət olduqdan sonra ilk dəfə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı məsələdə Ermənistan Azərbaycanı dəstəklədiyini vurğuladı, birgə bəyanat yaydılar. Eyni zamanda birgə bəyanat yayaraq əsirlərin mübadiləsi ilə bağlı razılaşma əldə olundu və bu çox təqdirəlayiq haldır. Bu onu göstəricisi idi ki, Azərbaycan-Ermənistan arasında danışıqlar hər iki ölkə qərar verərsə, buna razı olarsa, razılaşma və görüşlər baş tutacaqdır”.

R. Alıyev sonda vurğulayıb ki, hər iki ölkənin səlahiyyətli şəxslərinin və dövlət başçılarının birgə görüşü keçiriləcəksə, vasitəçilərsiz keçirilən görüş daha məqbuldur bu zaman daha müsbət nəticə əldə ediləcəkdir.

“Eyni zamanda, əgər mütləq lazımdırsa ki, hansısa bir tərəfin olması və hesab edirəm daha yaxşı olardı ki, region dövlətlərinin burada vasitəçiliyi olsun. Çünki regionu ən yaxşı bilən region dövlətləridir. Bu müqavilənin imzalanmasında region dövlətlərinin iştirakı, regiondan kilometrlərlə uzaqda olan hər hansı bir dövlətin regionla bağlı öz planlarını həyata keçirmək məqsədilə tərəfləri münaqişəyə çəkmək, tərəflər arasında təxribatlar yaratmaq cəhdi göstərən dövlətin iştirakından daha yaxşıdır”.

Rəfiqə NAMAZƏLİYEVA