"Ulu Öndərin misilsiz xidmətləri unudulmayacaq"

Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını xalqımız yaxşı xatırlayır. O zaman Azərbaycan dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizdə xaos, özbaşınalıq hökm sürür, bəzi qüvvələr başıpozuq hərəkətlərə yol verirdilər. Ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyilləri baş qaldırmışdı. Belə bir vəziyyətdən xilas olmaq üçün müdrik liderə ehtiyac var idi. Xalqımız bəlalardan qurtulmaq üçün xilaskar kimi Heydər Əliyevə inanırdı. Ona görə də xalqımız dahi şəxsiyyəti Bakıya dəvət etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyev yenicə müstəqilliyini bərpa etmiş ölkəmizin parçalanmasının qarşısını aldı. Həmçinin ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən xilas oldu. Uzaqgörən siyasətçinin atdığı addımlar, həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan çiçəklənməyə, tərəqqi etməyə başladı. Beləliklə, iyunun 15-i tariximizə qızıl hərflərlə yazılmaqla yanaşı, xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi də həkk olundu.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb: “Nazirliyin hazırkı qurumları o vaxtlar ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Dahi lider həmin qurumları birləşdirdi və ölkədə vahid ekoloji siyasəti həyata keçirən nazirlik yaratdı. Heydər Əliyevin əsasını qoyduğu nazirlik Azərbaycanın nəinki bu gününə, hətta sabahına xidmət edir. Onu qeyd edim ki, Azərbaycanda ilk milli park da Ulu Öndərin hakimiyyəti dövründə yaradılıb. Belə ki, Ümummilli Liderin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisində Ordubad Milli Parkı təsis edildi. Sonradan Prezident İlham Əliyevin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə milli parkın adı dəyişdirilərək akademik Həsən Əliyevin adına Zəngəzur Milli Parkı adlandırıldı. Milli Parka görkəmli alimin adının verilməsi təsadüfi deyildi. Çünki Həsən Əliyev təbiətimizi çox sevirdi və onun mühafizəsində əvəzsiz xidmətləri olmuşdu.

Hazırda ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Sonuncu milli park - Qızılağac Milli Parkı ötən ilin sentyabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev onun siyasətini uğurla davam etdirir. Ölkəmizdə ətraf mühitin mühafizəsi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə işlər görülür. Hər bir dövlətin gələcəyi vətəndaşlarının sağlamlığından da asılıdır. Təbiət, ətraf mühit nə qədər sağlam olarsa, gəncliyimiz, dövlətçiliyimiz də etibarlı əllərdə olacaq”.

F.Əliyev Azərbaycan dövləti, xalqı var olduqca Ulu Öndərin misilsiz xidmətlərinin unudulmayacağını, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib. O, müdrik liderin Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kursunun ölkəmizi xoş, parlaq gələcəyə aparacağını xüsusi vurğulayıb. (Azərtac)