Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir. Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
  • Yazarlar
  • 21 Fevral 2020 15:29
  •  21 513

Keçmişdən gələcəyə nə daşıyırıq?

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Niyə? Cavabı məlum idi: Növbəti ərazi boşaldılması Qarabağda olacaq. Bu hamıya gün kimi aydın olsa da A. Mütəllibova aydın deyildi. Adam bir dəfə televizorda çıxıb bəyan etmədi ki, mən Moskvaya etiraz edirəm. Əvəzində guya rus ordusunun köməyilə ermənilərlə mübarizə aparacaqdı. Maraqlı vəziyyət yaranmışdı. İmperiya dərin iqtisadi və siyasi böhran içində idi. Ən adi tələbat mallarını tapmaq belə mümkün deyildi. Ət, yağ və digər ərzaqlar talonla verilirdi. Zavod, fabrik işçiləri maaş ala bilmirdilər, çünki iqtisadi sistem pozulmuşdu. Bu sistem belə idi ki, əgər bir zavodda iş dayanırsa, ölkənin o biri başında, məsələn Kamçatkada da iş dayanacaq, çünki hazır malın bir hissəsini burada hazırlayırdılarsa, digər hissəsini SSRİ-nin başqa bir şəhərində istehsal edirdilər. Hələ mən demirəm ki, rubl çox sürətlə ucuzlaşır, devolvasiya olurdu. İmperiyada işbazlar, yaxud iş adamları ya bir ayın içində çox varlı olurdular, ya da müflisləşirdilər. Kimin adamı vardı, bir günün içində bir neçə milyon subsidiya götürürdü. Əgər bu pul əmtəəyə qoyulurdusa, yaxud buna mal alınırdısa adam milyoner olurdu, çünki rubl çox tezliklə dəyərinə görə konfet kağızına dönürdü. Belə dövrdə pul-əmtəə-pul deyil, əmtəə-pul-əmtəə prinsipi böyük rol oynayırdı.

Bax, belə şəraitdə Qarabağda və onun ətrafında yerləşən ordu hissələri məvacibsiz qalmışdılar və komandanlıq əsgərlərini yedirtməli, zabitlərin maaşlarını verməli idi. Qarabağ və ətraf rayonlarda yaşayan azərbaycanlılardan ov tüfənglərini yığışdırdıqları, yaxud müsadirə etdikləri halda, ordu ermənilərə silah və başqa hərbi ləvazimatlar satırdı. Yeri gəlmişkən, bir haşiyə də çıxım. Silah alış-veriş məsələsinə, azərbaycanlıların başlarının altına balış qoyan birinci növbədə 1989-cu ilin yanvarında Moskva tərəfindən yaranmış Qarabağ üzrə "Xüsusi komitə" oldu. Bu komitənin də başına ermənipərəst Arkadi Volski təyin edildi. Moskva bu komitəni yaratmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin tabeçiliyini Bakının səlahiyyətindən çıxarıb birbaşa özünə tabe etdi. Bu imperiya üçün non-sens və Azərbaycanın o zamankı rəhbərliyinin üzünə tüpürmək idi. Bu təhqir idi və bunu xalqının psixologiyasını zərrə qədər bilməyən və M. S. Qorbaçova sonsuz inanan Ə. Vəzirov heç nə olmayıbmış kimi qəbul etdi.

Qayıdaq pulsuz qalan ordu hissələrinə. Hərbi hissə komandiri pul qazanmaq üçün, təbiidir, Moskvanın razılığı ilə həm Azərbaycan, həm də Ermənistan rəhbərliyilə danışıqlar aparırdılar ki, bəs filan kəndi sizin üçün boşaldacağıq. Pulunu alıb kəndi boşaldırdı, guya hücum edib kəndi ermənilərdən alıblar. Sonra da erməni tərəfilə danışıqlar aparırdılar. Razılaşdıqdan sonra yenidən kəndi ermənilərə qaytarırdılar. Hər iki tərəfin rəhbəri də xalqın qarşısında çıxış edib deyirdilər ki, bəs imkan verin işimizi görək, artıq rus ordusu ilə hər şey danışılıb. Ancaq mahiyyət bəlli idi, bu ərazilərdə yaşayan bütün azərbaycanlılar ya qırılmalı, ya da əynində nə vardısa eləcə köçürülməlidirlər.

Biz isə hələlik könüllü batalyonlar yaratmaqla məşğul idik. Zatən, yaranan bəzi batalyonlar kifayət qədər özlərini doğrulda bildilər. Şuşa, Laçın, Ağdam və başqa batalyonlar buna misal ola bilər. Ermənilərlə döyüş və qarşıdurma təkcə Qarabağda və onun ətrafında getmirdi. Bura Naxçıvanı, Qazaxı, Tovuzu, Gədəbəyi və başqa rayonları da aid etmək lazımdır. Bu bədnam qonşumuzla nə qədər sərhəd rayonlarımız vardı, hamısından həyəcanlı xəbərlər gəlirdi.

Digər tərəfdən də 1991-ci ilin 21 noyabrında siyasi elitamızın, vətənpərvər insanların, Qazaxıstan nümayəndəsinin və rus zabitinin oturduğu vertolyotun Qarakənd üzərində vurulması və hamısının faciəli surətdə həlak olması Azərbaycanda siyasi boşluğu daha da dərinləşirdi və bununla Ermənistanla Azərbaycan arasındakı böhran özünün növbəti mərhələsinə qədəm qoydu. Artıq boşluq vardı və Mütəllibov respublikanı idarə edə bilmirdi. Azərbaycan Xalq Cəbhəsi isə getdikcə güclənirdi. Bu ərəfədə də yaranmış bütün könüllü dəstələr demək olar ki, Xalq Cəbhəsinə tabe idilər. Xarizmatik liderin rəhbərlikdə olmaması, Moskvaya bağlılıq, son nəticədə 26 fevral 1992-ci il Xocalı qətliamına gətirib çıxartdı.

Əvvəlcə, artıq prezident adını daşıyan Mütəllibov rəsmi elan etdi ki, Xocalıda heç nə baş verməyib, yalnız bir-iki nəfər şəhəri müdafiə edən zaman həlak olub. Həqiqətdə isə Xankəndində ( sovet vaxtı adı Stepanakert) yerləşən və heyətinin yarısı erməni əsgəri və zabiti olan 316-cı alay Xocalıda uşaq, qoca, qadın demədən, qarşılarına kim çıxıbsa qətlə yetirdi. Bunu yaxşı ki, o zaman ANS-in yaradıcısı olan, sonradan Milli Qəhrəman adına layiq görülən Çingiz Mustafayevin yanındakı operator lentə aldı və bütün dünyaya göstərdi. Sən demə, 800-ə yaxın insan qətlə yetirilmiş, minlərlə adam əsir düşmüşdü. Bircə gündə xalqın qəzəbi və nifrəti görünməz həddə çatdı və bu çəkiliş Milli Məclisdə nümayiş olunduqdan sonra Ayaz Mütəllibovun istefası məsələsi gündəmə gəldi. Bu istefa məsələsi 6 mart 1992-ci ildə baş verdi.

Buna qədər isə 1991-ci ildə maraqlı hadisələr baş verdi.

Məhz bu ildə bütün imperiya qaynayırdı. Artıq Moskvada oturanlar da başa düşürdülər ki, bu yenidənqurma və aşkarlıq dövləti qısa müddətdə bütün sahələrdə çökdürüb. Moskvada B.N.Yelsinlə M. S. Qorbaçovun amansız mübarizəsi gedirdi və xalq, onun aparıcı hissəsi olan ziyalılar Yelsin tərəfində idi. Faktiki olaraq Yelsin özünü Rusiyanın mütləq hakimi sayırdı və buna haqqı da çatırdı, çünki Moskvada ikihakimiyyətlilik yaranmışdı.

SSRİ parçalanmağa doğru gedirdi və siyasi proseslər getdikcə dərinləşirdi. Görünən bu idi ki, 1991-ci ildə respublikalar Moskvanın tabeçiliyindən uzaqlaşırdılar. Bunun bariz nümunəsi kimi sosialist bayraqlardan imtina sürətlənirdi. Azərbaycanda ilk dəfə rəsmi olaraq üçrəngli bayrağımız 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin rəhbərlik etdiyi Ali Sovetdə qəbul olundu. Bu bir növ Naxçıvanın müstəqillik uğrunda apardığı mübarizənin başlanğıcı idi. Ümumiyyətlə o zamanlar Naxçıvan azadlıq uğrunda mübarizədə poliqon hesab olunurdu. Bu yolda orada hansı addımlar atılırdısa, sonradan bunlar Bakıda tətbiq olunurdu.

Baxmayaraq ki, Bakıda H. Əliyev A. Mütəllibov və onun tərəfdarları tərəfindən təqib və təhdid olunurdu, buna rəğmən Naxçıvanın addım səsləri Bakıda daha çox eşidilməyə başlayırdı. Bununla yanaşı ermənilərin də Naxçıvana hücumları səngimirdi. Bir sözlə, bu "kiçik torpaq"da xalq həm müstəqilliyinə doğru addım atır, həm də torpaqlarını ermənilərdən qoruyurdu.

Bunun ardınca 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında" qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi.

Bəli, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli (göy, qırmızı, yaşıl rənglər bərabər ölçüdə) bayrağımız üstündə hilal (ay) və səkkiz guşəli ulduzla yenidən dövlət bayrağımız oldu. Buna qədər, yəni iyunun 26-dan noyabrın 9-na qədər bayrağımızın rəngi, üstündə ay və səkkiz güşəli ulduz olmaqla al qırmızı idi.

Hadisələr çox sürətlə gedirdi. Faktiki olaraq Bakıda ikihakimiyyətlik idi. Bir tərəfdən Moskvanın paytaxtda otuzdurduğu A. Mütəllibov (yeri gəlmişkən A. Mütəllibov özünü Qorbaçov kimi prezident təyin etdirmişdi), digər tərəfdə isə xalqdan güc alan Azərbaycan Xalq Cəbhəsi və onun Tətil Komitəsi yaranmışdı. Xalq Cəbhəsi də içindən parçalanmaya meylli idi. Bir tərəf özünü demokrat, digər tərəfsə radikal millətçi adlandırırdı. Əslində burada demokratiyaya yer olmamalı idi, çünki xalq Ermənistanın timsalında böyük güclərlə mübarizə aparırdı. Ölkədə müharibə gedirdi. Azərbaycan qaçqın və köçkünlər torpağına çevrilmişdi. Özü də gələnlər təkcə Ermənistandan deyildi, həm də döyüşlər nəticəsində Qarabağın içindən gələnlər getdikcə çoxalırdı.

Tətil komitəsi istədiyi vaxt fabrik, zavodları və dəmir yollarını bağlayır, sadə camaatı mitinqlərə çağırırdı. 1991-ci il ən çox mitinqlər keçirilən il oldu. Bakıda ikihakimiyyətliliyə bir səbəb o idi ki, demokrat və kommunistlərdən (hər tərəfdən 25 deputat olmaq şərti ilə) ibarət Ali Sovet tərəfindən Milli Şura yaradılmışdı və bu qurum öz səlahiyyətlərini 50 nəfərdən ibarət Milli Şuraya həvalə etmişdi.

İmperiyanın son nəriltisi gəlirdi. M. S. Qorbaçovun Forosda istirahətindən istifadə edərək bir qrup yüksək çinli insan 1991-ci ilin 19 avqustunda fövqəladə vəziyyətlə bağlı komitə yaratdı. Xalq arasında bu komitəyə QKÇP (qosudarstvennıy komitet no çerezvıçoynomu polojeniyu) deyilirdi. Bu komitənin sədri Qorbaçovun müavini Gennadi Yanayev idi və imperiyanı idarə etmək üçün bütün səlahiyyətlər bu komitəyə verildi. Yanayevdən əlavə bura DTK sədri V. Kryuçkov, daxili işlər naziri B. Puqo, baş nazir V. Pavlov, müdafiə naziri D. Yazov və başqaları daxil idi. Bunun ardınca SSRİ Ali Sovetinin sədri A. Lukyanov QKÇP-ni dəstəklədiyini bəyan etdi.

Qorbaçov Krımın Foros adlı rezidensiyasında faktiki olaraq ev dustağına çevrilmişdi və bu, dövlət çevrilişi idi. Komitə düşünürdü ki, 1964- cü ildə N. S. Xruşşovu necə devirmişdilərsə elə də olacaq.

Ardı var...