• Yazarlar
  • 22 Sentyabr 2023 12:08
  •  11 984

Ermənistan hakimiyyəti artıq tam olaraq Rusiyaya qarşı gedir

Dünənki Yevlax görüşündən sonra Qarabağdakı erməni vətəndaşlarımıza humanitar yardım göndərildi. Yəni, reinteqrasiyanın başlandığı aydındır. O da aydındır ki, Azərbaycan heç zaman öz vətəndaşlarını ac qoymaq istəməyib.
24 saatlıq antiterror tədbirləri dövründə yaralanan bir erməni qadını Azərbaycan həkimləri əməliyyat edərək yardım göstərib. Azərbaycan öz vətəndaşlarına qarşı deyil, ölkəmizə və hərbçilərimizə qarşı təxribat törədən qeyri-qanuni hərbi birləşmələrə və terrorist xuntanın silahlı nümayəndələrinə qarşı antiterror tədbirləri həyata keçirib və bu tamamilə legitimdir.

Azərbaycan silahı yerə qoyaraq təslim olan qeyri-qanuni hərbi birləşmələrin döyüşçülərinə amnistiya tətbiq edəcək.
Azərbaycan Xankəndidən erməniləri deportasiya etmir, əksinə, qalın, vətəndaşlığımızı qəbul edin, yaşayın, dil, din, mədəni, munisipal haqlarınız olacaq, sivil vətəndaş olun deyir. Gedənlər öz xoşları ilə gedir, heç bir zorlayıcı davranış yoxdur.
Göründüyü kimi, Qarabağdakı ermənilərə qarşı Ermənistan tezislərindən (guya genosid, etnik təmizləmə, acından öldürmə və s.) heç biri real deyil. Buna baxmayaraq, bir sıra beynəlxalq təşkilatlar və siyasətçilər erməni tezisləri əsasında (reallığı bilmədən) Azərbaycana qarşı iddialar qaldırırlar. Lakin bu iddialar əsassız olduğu üçün, real nəticələr doğurmur. Məsələn, dünən BMT TŞ-də yenə Qarabağ mövzusunda müzakirə aparıldı. Təsadüfi deyil ki, ölkəmiz əleyhinə heç bir qərar qəbul olunmayıb. Hətta nümayəndələr Laçın və Ağdam yolunun hər ikisinin humanitar yardım üçün açıldığını və Yevlax görüşünü alqışlayıblar. Hətta hətta, Fransa XİN belə müzakirə zamanı deyib ki, Azərbaycanın ərazi bütövlüyünə heç bir şübhə yoxdur.

Ermənistan isə hər zamankı ampluasında Azərbaycanı "etnik təmizləmə siyasətində" ittiham edib. Halbuki 1 milyonadək insanı Ermənistan, Qarabağ və ətraf 7 rayondan didərgin salan məhz onlar olublar. Aydındır ki, ermənilər bütün beynəlxalq platformalarda anti-Azərbaycan yalanlarına və propoqandalarına davam edəcəklər. Bunun üçün hazırlıqlı olmalıyıq və milli maraqların təminini əsas götürən humanist yönümlü siyasətdən geri çəkilməməliyik.

Digər maraqlı məqam isə Ermənistanın Qarabağda BMT mandatı ilə sülhməramlıların yerləşdirilməsi tələbidir. Ermənistan hakimiyyəti artıq Rusiyaya tam olaraq qarşı gedir və bölgəyə ABŞ-ın üstünlük təşkil edəcəyi gücləri gətirməyə çalışır. Bu mümkün deyil, birincisi ona görə ki, Azərbaycan öz ərazisində BMT mandatlı sülhməramlıların yerləşməsinə izn verməyib və verməyəcək. Hələ sülh müqaviləsi imzalansın, 2025-də ruslar da çıxıb ... gedəcək. Qaldı ki, Ermənistanın bu barədə tələbinə, uzağı 102-ci baza əvəzinə bölgəyə BMT mandatlı qüvvələr gətirilə bilər. Bu isə Ermənistanın Rusiyadan tam qopması halında mümkündür. Rusiyaya qarşı bu cür davranış isə nə vəd edir Ermənistana? Ukraynalılaşma?! Yaxud qurtuluş Cənubi Qafqaza sülhün gəlməsi ilə mümkündür? Azərbaycan-Ermənistan sülhü, sabitlik, təhlükəsizlik.

Şəhla CƏLİLZADƏ