• COP29
  • 14 Fevral 13:17
  •  4 484

COP Büro üzvü: Azərbaycan “yaşıl” iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atıb

Növbəti illərdə iqlim dəyişikliyi konvensiyaları ilə tənzimlənən məsələlər dövlətlər arasında yeni, aşkar olmayan iqtisadi münasibətlərin əks olunacağı prizmaya çevriləcək.

Bu barədə “Report”a İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Büro üzvü Andrey Bojiç (Andrej Bojic) bildirib.

O vurğulayıb ki, bir çox ekspertlər bununla bağlı həmfikirdirlər.

A.Bojiç hesab edir ki, iqlim dəyişikliyi təhlükələrinə cavab tədbirlərindən biri kimi dövlətlər müxtəlif siyasi və iqtisadi vasitələr üzərində işləyir: “Ən mürəkkəb məsələlərdən biri böyük enerji istehlakına əsaslanan müasir iqtisadiyyatların sənaye iqtisadiyyatlarından innovasiyalara, ətraf mühitin mühafizəsinə və bərpa olunan enerji mənbələrinə əsaslanan “yaşıl”a keçididir”.

Ekspert hesab edir ki, bu keçid bəzi ölkələrin həyata keçirməli olduğu son dərəcə mürəkkəb siyasi, iqtisadi, sosial və ekoloji tədbirlər kompleksini təmsil edir.

COP Büro üzvü, ölkələrin “yaşıl” iqtisadiyyata keçidini “könüllü-məcburi” adlandırıb. Onun fikrincə, bu, vəziyyəti ən yaxşı şəkildə təsvir edir, çünki əks halda dövlətlər iqtisadi əməkdaşlığın yeni formalarında iştirak edə bilməyəcəklər: “Az inkişaf etmiş ölkələrə gəldikdə isə bu, əlavə təzyiq yaradır, çünki çox vaxt beynəlxalq maliyyə institutlarından alınan kreditlər, eləcə də ikitərəfli əməkdaşlıq ekoloji standartlarla şərtlənir”.

Ekspert bildirir ki, Azərbaycan “yaşıl” iqtisadiyyatın qurulmasında irəliləyiş əldə edib: “Mükəmməl həll nümunəsi elektrik və istilik enerjisi istehsalını əhatə edən tullantıların düzgün atılması, ictimai ehtiyaclar üçün əhəmiyyətli dərəcədə az enerji sərf edən “ağıllı” şəhərlər konsepsiyasının yaradılması və şirkətlərin karbon izlərinin düzgün ölçülməsi ola bilər. Mən bilirəm ki, Azərbaycan bu sahələrdə mühüm addımlar atıb və bu, şübhəsiz ki, düzgün yoldur”.