- Hadisə
- 14:16
- 2 133
Türkiyənin “T3 Fondu” Azərbaycanda ikinci mərkəzini Qubada açacaq

Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) yaxın gələcəkdə Azərbaycanın Quba şəhərində elm mərkəzi açacaq.
Bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında fondun direktorlar şurasının sədri Elvan Kuzucu Hıdır bildirib.
“Bizim fondun Azərbaycanla əlaqələrinin uzun tarixi mövcuddur. Bu mənada “TECHNOFEST”i həyata keçirdikdən sonra güclü bir bağ qurmuşuq. Bakıda fəaliyyət göstərən elm mərkəzimiz iki il ərzində yüz mindən çox azərbaycanlı yeniyetmə və gənci qəbul edib. Bu, bizim üçün çox gözəl göstəricidir”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda fondun həyata keçirdiyi təcrübə proqramlarından 80-ə yaxın tələbə məzun olub:
“Yəni onlar ikiillik təhsil proqramlarını uğurla bitiriblər və biz yeni tələbələr seçmişik. Onlar artıq təhsillərinə başlayıblar. Beləliklə, bizim Azərbaycanla sıx əlaqəmiz davam edir. Yaxın gələcəkdə, bəlkə də 1-2 həftə ərzində Azərbaycanın Quba şəhərində yeni elm mərkəzi açacağıq. Bununla ölkədə ikinci mərkəzimiz fəaliyyət göstərəcək. Biz bu istiqamətdə işlərə, Azərbaycandakı fəaliyyətimizə böyük dəyər veririk”.
E.K.Hıdır vurğulayıb ki, “T3 Fondu” Azərbaycanla “TECHNOFEST” çərçivəsində də çox sıx əməkdaşlıq edir:
“Beləliklə, əslində çox gözəl, yaxşı əlaqəmiz davam edir və bu çərçivədə də Azərbaycanın fərqli qurumlarla ilə görüşlərimizə, ortaq işlərimizə də davam edirik”.

Qeyd edək ki, ASAN xidmət ilə Türkiyə Texnologiya Komandası Fondu arasında imzalanmış memoranduma əsasən yaradılan "Bilim Bakı" mərkəzinin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin “Nobel” mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.
Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.