- Redaktor masası
- 30 Aprel 19:46
- 4 505
Partiyalar Şərqi Zəngəzurda: Laçında siyasi inkluzivlik

Bakının keçmiş prokuroru, sabiq millət vəkili, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə üç-beş addım irəlidə bir laçınlı söhbət edə-edə gedir. Qulağım tanış adlar çalır, bizim kənddən və qohumlardan danışırlar. İstər-istəməz qulaq müsafiri oluram. O qədər şirin-şirin danışırlar ki, söhbətlərini bölmək istəmirəm. Çingiz müəllim Laçını tanıyan, Laçına bağlı adamlardandır. Koronovirusun eldən apardığı prokuror və döyüşçü, rəhmətlik Telman Tanrıverdiyevlə çox yaxın dost idilər. Bu sayədə işğaldan öncə də Laçında, Qarıqışlaqda çox olub. Hər kəs bu sehirli məmləkəti bir cür tanıyır, bir xatirə ilə sevir. Çingiz Qənizadə Laçını dost xatirələri ilə özündə yaşadır. Bir ilginc müşahidəsi də var. Çingiz Qənizadənin təsəvvüründəki Laçın zəngin kitabxanası olan ziyalılar məskənidir. Mənim neçə-neçə qohumum evində, rəflərində ən azı mindən çox kitab vardı. Üç-beş addım irəlidə o kitabxanaların birindən- mərhum Əliş Tanrıverdiyevin düşmənin bir kibrit dənəsi ilə məhv etdiyi sərvətindən söhbət gedirdi...
“Aşot, bax, gör necə yanır!”- bu səs isə 1992-ci ilin yazından gəlirdi. Mayın 18-də şəhərə girən silahlı ermənilərdən biri Laçının çatır-çatır yanmasından zövq alırdı. “Biz Berdzorun məsələsini artıq həll etdik” deyə öyünürdülər. Mərkəzdəki heykəlin önündə “Analarını ağlatdıq” (söyüşü ədəbi dildə ifadə edirəm) nərəsi ilə havaya atəş açırdılar. “Vilis”dən düşən eynəkli, saqqallı, şlyapalı, xaçlı bir dığa mahnı oxuyurdu: “Anuş, Anuş...”
Ləman, Ləman!- “Laf TV”-nin rəhbərinə səslənirəm: bilirsənmi bura hansı yerdir? “Ermənilər o vaxt şəhərə girəndə burada mahnı oxuyurdular, yəqin görmüsən o videonu”- həmkarımın cavabını gözləmədən xatırlatmağa çalışıram. Bir neçə addım atıb dayanıram: “Bax, burada “Kalaşnikov”un lüləsi ilə bizim bir ağ maşının şüşəsini sındırır, güllələnmiş sürücünün avtomatını götürür, “yoldaş türk, silah daha sizə lazım deyil” rişxəndi ilə şəhidimizi aşağılayırdılar. Silahı qoltuğundan çıxarılan hərbiçimizin başı yana əyilirdi...
Hər kəs başı yuxarı gəzirdi Laçında! Həm mənəvi, həm də fiziki anlamda. Təpələrin üstündə yüksək səviyyədə bərpa və təmir edilmiş füsünkar evlərə boylanan partiya təmsilçilərinin, şərhçilərin və jurnalistlərin havası lap Hoçazın zirvəsində idi. 6-7 saatlıq yolun yorğunluğuna bənd olan yox idi, ayaqlarımızın keyi Laçına girər-girməz təzəcə salınmış bəndin qənşərində yoxa çıxmışdı. Naharı Həkəri çayının sahilində, Laçın bulvarında elədik. İşğaldan sonra qurulan balıqçılıq təsərrüfatında yetişdirilmiş farelin dadından bir porsiya ilə kimsə doymadı. İkincisini istədik. Məclis əhlinin mütləq əksəriyyəti siyasi iddiası yüksək adamlar idi, məlum. Partiya sədrləri və funksionerləri, deputatlar, deputatlığa namizəd olmuş funksionerlər, keçmiş nazirlər, məmurlar, bir sözlə, siyasi proseslərdə dəfələrlə üz-üzə gəlmiş, bəzən bir-birini sərt şəkildə sancmış, bəlkə də illərlə küsülü qalmış insanlar eyni süfrə arxasında kinsiz-küdurətsiz oturmuşdular. Elçin Şıxlı ilə aramız dünənə qədər sərin idi, amma sağ olsun, bu səfərdə mənə ən çox diqqəti o göstərdi, ən çox onunla ünsiyyətdə oldum. Mərhum yazıçımız İsmayıl Şıxlı bir ara Laçının deputatı olub, Elçin müəllimin Qaragöllə bağlı xeyli xatirəsi var. Onları bir az bölüşdük.
Səfəri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş söbəsi təşkil etmişdi. Şöbənin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə artıq, səhv etmirəmsə, 6-cı dəfədir ki, siyasi cameənin nümayəndələri işğaldan azad olunan bölgələri ziyarət edir. Bu səfərlərin əhəmiyyətini 7 maddədə sadalamağa çalışacam.
1. Ziyarətlər siyasi partiyalar arasında milli həmrəyliyin güclənməsinə xidmət edir. Müxtəlif ideoloji baxışlara və siyasi oriyentasiyaya malik şəxslərin birgə səfərləri Azərbaycanın ərazi bütövlüyü məsələsində bütün partiyaların vahid mövqedə olduqlarını nümayiş etdirir.
2. Partiya liderləri və üzvləri azad edilmiş ərazilərdə yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olurlar. Bu, onların regionun inkişafı ilə bağlı daha konkret təkliflər irəli sürmələrinə, o cümlədən ictimai müzakirələrdə bu barədə daha rasional mövqe tutmalarına şərait yaradır.
3. Səfərlərdə siyasi partiyalar yerli məmurlarla görüşür, ərazinin problemləri barədə fikir mübadiləsi aparırlar. Bu, işğaldan azad olunan bölgələrdə sosial-iqtisadi inkişafına daha realist yanaşmaların formalaşmasına imkan verir.
4. Ziyarətlər çərçivəsində həm yerli, həm də xarici auditoriyaya işğaldan azad edilmiş ərazilərin tərəqqisinin Azərbaycan üçün prioritet məsələ olduğu mesajı çatdırılır. Siyasi partiyaların bu məsələdə birgə fəaliyyəti Azərbaycanın milli maraqlarına tam uyğundur.
5. Bu cür səfərlər siyasi partiya nümayəndələrinə işğal dövründə ermənilərin törətdikləri vandalizmin və dağıntıların şahidi olmaq imkanı yaradır. Bu faktlar onların beynəlxalq platformalarda daha təsirli çıxışlar etməsinə əsas verir.
6. Ziyarət zamanı əldə edilən məlumat və praktiki müşahidələr siyasi diskursun sağlamlaşmasına səbəb olur.
7. Belə səfərlər azad olunmuş bölgələrin strateji, iqtisadi və mədəni əhəmiyyəti haqqında ictimaai təsəvvürləri genişləndirir, regionlara investisiya cəlb etmək üçün yeni imkanlar açılır, bölgəyə qayıtmış keçmiş məcburi köçkünlərə mənəvi dəstək göstərilir.
Bir təklifim də var, orada çox hörmətli Ədalət müəllimə şəxsən çatdıra bilmədim, ancaq açıq ifadə etməkdə də bir problem görmürəm. Siyasi cameənin Qarabağa səfərləri əsasən simvolik xarakter daşıyır və çox yaxşı olardı ki, işğaldan azad olunan bölgələrdəki konkret problemlərin həlli istiqamətində konkret sahələr üzrə tədbirlərlə müşayiət olunsun. Məsələn, işğaldan azad olunan bölgələrdə mina problemi həm Azərbaycan, həm də dünya üçün olduqca aktual mövzudur. Bu barədə səlahiyyətli qurumların iştirakı ilə müzakirələr keçirmək, siyasi partiyaların birgə mövqeyini daxili və xarici auditoriyaya çatdırmaq, Azərbaycan partiyalarının üzvü olduğu beynəlxalq təşkilatların diqqətini mina probleminə cəlb etmək olduqca fayda verər.
Müşahidələrimə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş söbəsinin sistemli və ardıcıl fəaliyyəti sayəsində belə bir ortam artıq mövcuddur. Əgər YAP-ın sədr müavini Tahir Budaqov “Real” sədri Natiq Cəfərli ilə çay içə-içə Süni İntellektin perspektivi, KAXCP sədri Mirmahmud Mirəlioğlu AVP sədri Fəzail Ağamalı ilə Şərqi Zəngəzurun strateji əhəmiyyəti, AXP sədri Pənah Hüseyn ADMP sədri Elşən Musayevlə yeni ideoloji çağırışlar barədə təmkinli bir şəkildə fikir mübadiləsi apara bilirlərsə, mina problemi kimi önəmli mövzularda ortaq siyasi mövqenin müəyyən edildiyi forumlar nədən keçirilməsin?
Bütövlükdə, siyasi partiya nümayəndələrinin və ictimai rəy yaradıcılarının Laçın səfəri yüksək səviyyədə keçdi və əminəm ki, yaddaşlardan silinməyəcək. Bu cür səfərlərdən sonra adətən deyilir ki, Azərbaycanda yeni siyasi mədəniyyət formalaşır və siyasi dialoqu gücləndirən tədbirlər məhz bu mədəniyyətin genişlənməsinə xidmət edir. Doğru mövqedir! Bəli, məsələ təkcə siyasi cameənin işğaldan azad edilmiş bölgələri görməsi, Prezident İlham Əliyevin sərkərdəliyi ilə qazanılmış tarixi zəfərdən duyduğumuz kollektiv məmnuniyyətin bir parçası kimi Qarabağın havasını ciyərlərinə çəkməsi deyil. Ən önəmli cəhətlərdən biri məhz budur ki, PA-nın təşkilatçılığı ilə işğaldan azad olunan bölgələrə səfərlər Azərbaycanda siyasi inkluzivliyi inkişaf etdirir. Siyasi inklüzivlik siyasi sistemin və idarəetmənin hər bir vətəndaşın maraqlarını əhatə etməsi deməkdir. Bu prinsipə görə, heç bir fərd və ya qrup cəmiyyətin ümumi inkişafından kənarda qalmamalı, onların mövqeyi nəzərə alınmalıdır. İnklüziv siyasi mədəniyyət üçün fərqli fikirlərə hörmət, xidmətlərə bərabər çıxışın təmin edilməsi, azlıqların maraqlarının qorunması xasdır. Laçın səfərində bu meyarların hər birinin həyata keçməsini müşahidə etdim. Düşünürəm ki, bizim sosial-siyasi təlimlər üzrə təhsil alan tələbələrə bu mövzuda dərs keçirilərkən Azərbaycan partiyalarının işğaldan azad edilmiş Qarabağa səfərləri dolğun örnəklərdən biri kimi nümunə göstərilə bilər.
Taleh ŞAHSUVARLI,
Bakı-Laçın-Bakı