Ermənistanın Qərbə Yönəlik Kursu: Tallindəki Gizli Dialoqun Şifrələri

“Aprel ayının son günlərində yayılan bir xəbər Cənubi Qafqazda geosiyasi müzakirələri yenidən gündəmə gətirib. “Hayeli Armenia” və bir sıra Teleqram kanallarının yaydığı məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Estoniyanın paytaxtı Tallində Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və Böyük Britaniya kəşfiyyatının rəhbəri Riçard Murla gizli görüş keçirib. Təxminən yarım saat davam etdiyi deyilən bu görüşün “Radisson” otelinin qapalı zalında baş tutduğu iddia edilir. Rəsmi mənbələr bu məlumatlara hələlik münasibət bildirməyib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Estoniyada səfərdə olduğu bir vaxtda Tallində Türkiyə və Britaniya kəşfiyyat rəhbərləri ilə gizli görüş keçirdiyi iddia olunub. Bu barədə “Hayeli Armenia” və bir neçə Teleqram kanalı məlumat yayıb. İddialara görə, Paşinyan hazırda Tallindəki “Radisson” otelinin qapalı zalında Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın və Britaniya kəşfiyyatının rəhbəri Riçard Murla görüşür. Görüşün təxminən yarım saat davam etdiyi bildirilir. Detallar açıqlanmayıb, rəsmi İrəvan isə yayılan məlumatlara münasibət bildirməyib.

Millət vəkili bildirib ki, əgər bu görüş həqiqətən baş tutubsa, bu, təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturası üçün ciddi siqnaldır.

“Görüşdə Türkiyə və Böyük Britaniya kimi iki mühüm beynəlxalq aktorun iştirakı bir sıra suallar doğurur və yeni geosiyasi konfiqurasiyanın konturlarını göstərir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın təhlükəsizlik və xarici siyasət kursunda dəyişikliklər açıq şəkildə müşahidə olunur. Rusiya ilə münasibətlərin gərginləşməsi, KTMT-yə olan inamsızlıq fonunda İrəvan Qərblə daha sıx əlaqələr qurmağa və alternativ təhlükəsizlik mexanizmləri yaratmağa çalışır. Ermənistan rəhbərliyinin “beynəlxalq zəmanət” axtarışında olması bu kontekstdə başa düşüləndir. Tallindəki ehtimal olunan görüş Ermənistanın Qərblə təhlükəsizlik koordinasiyasını genişləndirmək cəhdinin bir nümunəsi kimi dəyərləndirilə bilər. Xüsusilə Türkiyənin iştirakı məsələyə əlavə dəyər qatır. Türkiyə-Azərbaycan strateji müttəfiqliyi nəzərə alındıqda, bu tip görüşlərin Azərbaycanın razılığı və məlumatlılığı olmadan baş tutması inandırıcı deyil. Bu səbəbdən görüş paralel diplomatik proseslərin bir hissəsi və ya normallaşma səylərinin texniki mərhələsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Böyük Britaniya kəşfiyyat rəhbərinin iştirak etməsi bu təşəbbüsə beynəlxalq və transatlantik ölçü qazandırır”.

Millət vəkili vurğulayıb ki, Brexit-dən sonra daha çevik və qlobal xarici siyasət yürütməyə başlayan Böyük Britaniyanın Cənubi Qafqazdakı rolu getdikcə artmaqdadır:

“Fransa ilə müqayisədə, Ermənistanın təhlükəsizlik gündəmində Londona daha çox önəm verməsi Qərb daxilində alternativlərə olan ehtiyacla izah oluna bilər. Bu yanaşma, eyni zamanda, Ermənistan üzərində daha konstruktiv qərb təzyiqlərinin formalaşmasına da xidmət edə bilər. Əgər bu görüş baş tutubsa, bu həm də onu göstərir ki, Türkiyə-Azərbaycan tandemi artıq təkcə açıq diplomatiyada deyil, qapalı diplomatik çevrələrdə də fəaldır. Bu isə Azərbaycanın regional siyasətdə çevik və çoxşaxəli diplomatik yanaşmasını bir daha təsdiqləyir. Ermənistanın yeni geosiyasi axtarışları və Estoniyada baş tutduğu iddia edilən görüş Cənubi Qafqazda təhlükəsizlik balansının dəyişməkdə olduğunu göstərir. Azərbaycan bu dəyişikliklərə emosional deyil, strateji düşüncə və diplomatik təşəbbüskarlıqla yanaşmalıdır. Bakı artıq sübut edib ki, bölgədə sabitliyin əsas təminatçılarından biridir. Yeni mərhələdə bu mövqeyi qorumaqla yanaşı, daha geniş və dayanıqlı geosiyasi əlaqələr qurmaq imkanları mövcuddur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az