- Müsahibə
- 21:00
- 1 614
İnsanın klonlaşdırılmasının etik və psixoloji təhlili - Müsahibə
AzNews.az olaraq, elmi-etik müstəvidə insan klonlaşdırılması məsələsini araşdırdıq. Mövzunu psixoterapevt Dilbər Bəhmənli ilə müzakirə edərək, insan surətinin yaradılmasının fərdiyyət anlayışı, şəxsiyyət kimliyi və mənəvi dəyərlər sisteminə təsirini təhlil etdik:
– Dilbər xanım, “Klonlaşdırma” anlayışı son illərdə yenidən müzakirə mövzusuna çevrilib. Ümumiyyətlə, insanın klonlaşdırılması nə deməkdir?
Klonlaşdırma bir canlı orqanizmin genetik cəhətdən tam surətinin yaradılması deməkdir. Elm bunu hüceyrə səviyyəsində həyata keçirə bilir, yəni bir insanın bədən hüceyrəsindəki DNT götürülərək nüvəsiz yumurta hüceyrəsinə yerləşdirilir və bölünmə prosesi başladılır. Nəticədə, yaranan embrion genetik olaraq donor şəxsin tam eynisi olur. Ancaq, bu, texniki olaraq mümkün olsa da, etik və psixoloji cəhətdən çox mürəkkəb və ziddiyyətli bir məsələdir.
– Etik tərəfdən baxsaq, insanın klonlaşdırılması hansı riskləri yaradır?
Ən önəmli məsələ insanın şəxsiyyətinin, fərdiliyinin “Təkrarlanmaz” olması prinsipidir. Hər insan yalnız genetik koddan ibarət deyil, onun şəxsiyyətini tərbiyə, təcrübə, emosiyalar və sosial mühit formalaşdırır. Klonlaşdırma sanki bu unikal fərdiliyi “İstehsal edilə bilən bir şey”ə çevirir. Bu, həm insan ləyaqəti, həm də varlığın mənəvi dəyəri baxımından ciddi etik suallar yaradır.
– Psixoloji baxımdan belə bir insanın vəziyyəti necə ola bilərdi?
Əgər klonlaşdırılmış bir insan doğulsaydı, o, genetik olaraq başqa bir şəxsin surəti olardı, amma eyni şəxsiyyətə malik olmazdı. Bu fərdin psixoloji inkişafında “Kimliyini tapmaq” problemi çox ciddi ola bilərdi. O, “mən kiməm, mən özümüyəm, yoxsa kiminsə surətiyəm?” sualı ilə daim mübarizə aparardı.
Bu, kimlik böhranı, özünüdərkdə ziddiyyətlər və sosial adaptasiya çətinlikləri yarada bilər. Yəni klonun fiziki eyniliyi psixoloji eynilik mənasına gəlmir.
– Cəmiyyət belə bir vəziyyətə hazırdırmı?
Zənnimcə, xeyr. İnsan klonlaşdırılması cəmiyyətin dəyərlər sistemini sarsıdar. Biz ailə, valideynlik, irs və nəsil anlayışlarını bioloji, emosional və mənəvi bir bütövlük kimi qəbul etmişik. Klonlaşdırma bu bütövlüyü texnoloji səviyyəyə endirir. Belə bir vəziyyətin sosial münasibətlərə, ailə modelinə və insanın mənəvi dəyərlərinə necə təsir göstərəcəyi məlum deyil.
– Psixoterapevt kimi sizcə elm bu sahədə harada dayanmalıdır? Sərhədlər müəyyən olunmalıdırmı?
Elm insan həyatını yaxşılaşdırmaq üçün mövcuddur, onu manipulyasiya etmək üçün yox. İnsan klonlaşdırılması həyatın yaradılış prosesinə birbaşa müdaxilədir. Bu sahədə etik sərhədlər qorunmalıdır. Məncə, elmin məqsədi insanın surətini yaratmaq yox, insanın özünü dərk etməsinə, psixoloji və mənəvi inkişafına yardım etmək olmalıdır.
-Son olaraq oxuculara nə demək istərdiniz?
Elm və texnologiya sürətlə inkişaf edir, amma insanın dəyəri yalnız onun genetik quruluşunda deyil. Əsl unikal olan insanın daxili dünyası, düşüncəsi, emosiyaları və yaradıcılıq qabiliyyətidir. Biz klonlaşdırılmış deyil, özünü dərk etmiş insanlar olmağa çalışmalıyıq.
Nuray,
AzNews.az