- Müşahidə məntəqəsi
- 22:18
- 932
“Gürcüstanın əcnəbi tələbələrə qapını bağlaması təhsilə real fayda verməyəcək” - Məzahir Məmmədli
“Hər ölkə artıq təhsil sahəsində öz konsepsiyasını yenidən nəzərdən keçirir. Son vaxtlar Gürcüstanın atdığı addımlar isə həm siyasi, həm də elmi-təhsil baxımından tamam fərqlidir. Düşünmürəm ki, qəbul edilən qərarlar Gürcüstan hökumətinə nə büdcə, nə də təhsil sahəsində real fayda gətirəcək”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, Gürcüstan növbəti tədris ilindən dövlət universitetlərinə əcnəbi tələbə qəbulunu dayandıracaq. Nazir Givi Mikanadze bildirib ki, bu addım gürcü vətəndaşlarının təhsilə çıxışını genişləndirmək məqsədi daşıyır. Xarici tələbələri yalnız özəl universitetlər qəbul edə biləcək. Hazırda Gürcüstanda 37 minə yaxın əcnəbi tələbə təhsil alır, onlardan 860-ı azərbaycanlıdır. Ekspertlər hesab edir ki, bu qərar azərbaycanlı gəncləri ya bahalı özəl universitetlərə, ya da digər ölkələrə yönəlməyə məcbur edəcək.
Ekspertin sözlərinə görə, əksinə, bütün dünya ölkələri qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsində maraqlıdır.
"Məqsəd odur ki, tələbələr bir-birindən öyrənsin, fərqli təhsil təcrübələrini mənimsəsin və onları öz ölkələrində tətbiq etsinlər. Azərbaycanın bu prosesə erkən qoşulacağını düşünmürəm, çünki ölkəmiz xarici tələbələrin qəbulunda maraqlıdır. Amma əgər növbəti ildən tələbə qəbulunu dayandıracaqlarsa, bu həm Gürcüstan dövlət büdcəsinə təsir edəcək, həm də təhsil sahəsində faydalı nəticə verməyəcək. Böyük ehtimalla, bu addımın siyasi tərəfi var, çünki Gürcüstanda vəziyyət gərgindir və siyasi atmosfer arzu olunan səviyyədə deyil. Ona görə də, bu qərarın əsas məqsədinin indiki gərginliyi azaltmaq olduğu ehtimal olunur",
Rəfiqə Namazəliyeva,
AzNews.az