“Qərbin susqunluğu Ermənistanda qorxu rejimini daha da dərinləşdirir” - Tural İsmayılov

"Ermənistanda son illər müşahidə olunan avtoritar meyillər təsadüfi proses deyil, hakimiyyətin sistemli siyasətinin nəticəsidir. Qərb və Avropa İttifaqının bu proseslərə səssiz qalmasının əsas səbəbi Ermənistanın regionda geosiyasi alət kimi istifadə olunmasıdır. Demokratiya və insan haqları çox vaxt real siyasətdə maraqlara qurban verilir. İrəvan hazırda Rusiya ilə Qərb arasında sıxışmış, lakin Qərbin təsir dairəsində saxlanılması vacib sayılan ölkə kimi dəyərləndirilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Xatırladaq ki, Ermənistanda son illərdə insan haqlarının sistemli şəkildə pozulması, siyasi rəqiblərə qarşı sərt repressiv metodların tətbiqi və dövlət institutlarının tamamilə hakimiyyətin nəzarəti altına alınması ölkədə faktiki olaraq avtoritar modelin formalaşdığını göstərir. Hazırda müxalifət liderləri və fəallar sistemli şəkildə təqib olunur, həbslərə məruz qalır və siyasi rəqabət demək olar ki, məhv edilir. Eyni zamanda müstəqil medianın fəaliyyəti məhdudlaşdırılır, dini institutlara qarşı repressiv metodlar tətbiq edilir. Təəccüblü olan isə Qərb və Avropa İttifaqının bu proseslər qarşısında nümayiş etdirdiyi susqunluqdur. İnsan hüquqları və demokratik dəyərlərin qorunmasını əsas prinsip kimi tanıyan beynəlxalq qurumların Ermənistandakı avtoritar transformasiyaya qarşı passiv mövqeyi ölkə daxilində hakimiyyətin sərt siyasətini daha da legitimləşdirir.

Siyasi şərhçinin sözlərinə görə, buna görə də Paşinyan hakimiyyətinin daxili repressiyaları strateji maraqlar fonunda bilərəkdən görməzlikdən keçirilir.

"Qərb üçün əsas prioritet Ermənistanın tam şəkildə Moskvanın orbitindən kənarda qalmasıdır. Bu məqsəd naminə siyasi məhbuslar, medianın boğulması və müxalifətin sıradan çıxarılması ikinci plana atılır. Beynəlxalq təşkilatların selektiv yanaşması insan haqları anlayışının universallığını ciddi şəkildə sual altına alır. Ermənistanda avtoritarlaşma prosesi cəmiyyətdə qorxu mühitini dərinləşdirir və dövlət institutlarını formal struktura çevirir. Bu isə ölkəni uzunmüddətli perspektivdə daha zəif və idarəolunmaz edir. Avtoritar idarəçilik Ermənistanın xarici siyasətini də daha aqressiv və riskli xəttə sürükləyə bilər. Qərbin susqunluğu eyni zamanda bölgədə ikili standartlar anlayışını daha da dərinləşdirir. Bu isə həm Qərbin imicinə, həm də beynəlxalq hüququn nüfuzuna ciddi zərbə vurur. Nəticə etibarilə Ermənistanda avtoritarlaşma təkcə daxili problem deyil, regionun ümumi təhlükəsizlik arxitekturasını sarsıdan ciddi geopolitik riskdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az