“Aİ-nin ‘Tramp marşrutu’ planı Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini artırır” - Rəşad Bayramov

“Avropa İttifaqı rəsmilərinin son dövrlərdə “Tramp marşrutu” adlandırılan təşəbbüsdən və Türkiyə–Azərbaycan əməkdaşlığının yeni perspektivlərindən danışması Cənubi Qafqazda dəyişən geosiyasi dinamikanın Avropa tərəfindən diqqətlə izlənildiyini göstərir. Bu təşəbbüs zahirən tranzit və ticarət marşrutlarının yenilənməsi kimi təqdim olunsa da, əslində Avrasiyada güc balansının yenidən formalaşdırılmasına yönəlmiş daha geniş strateji konsepsiyanın tərkib hissəsinə çevrilə bilər. İlk növbədə, Aİ üçün bu təşəbbüsün arxasındakı əsas motiv enerji və logistika təhlükəsizliyinin yenidən qurulmasıdır. Ukrayna müharibəsi Avropanın təkcə enerji asılılığını deyil, həm də təchizat zənciri baxımından nə qədər həssas olduğunu göstərdi. Bu kontekstdə Azərbaycan və Türkiyə üzərindən keçən marşrutların genişləndirilməsi Aİ üçün həm etibarlı, həm də siyasi baxımdan daha təhlükəsiz alternativ kimi görünür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Avropa İttifaqının bir sıra yüksək səviyyəli rəsmiləri son dövrlərdə “Tramp marşrutu” və Türkiyə–Azərbaycan əməkdaşlığının perspektivləri barədə açıq şəkildə danışmağa başlayıblar. Bu təşəbbüs təkcə tranzit və ticarət məsələləri ilə məhdudlaşmır, həm də bölgədə geosiyasi balansın yenidən formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Əgər bu əməkdaşlıq planı reallaşarsa, Cənubi Qafqazın iqtisadi və nəqliyyat infrastrukturu ciddi şəkildə güclənə bilər. Bunun nəticəsində region ölkələri Avropa ilə Asiya arasında yeni ticarət və enerji dəhlizlərində strateji tərəfdaş kimi daha qabarıq şəkildə önə çıxa bilər.

Siyasi şərhçinin sözlərinə görə, bu proses Avropanın strateji diqqətini Cənubi Qafqaza yönəldir və region ölkələrinin geoiqtisadi əhəmiyyətini artırır.

"İkincisi, Türkiyə–Azərbaycan tandemi artıq regional güc mərkəzi statusunu möhkəmləndirib. Enerji, təhlükəsizlik, nəqliyyat və diplomatiya sahələrində dərin inteqrasiya regional proseslərə birbaşa təsir göstərir. Aİ tərəfindən irəli sürülən yeni əməkdaşlıq modeli bu tandemin Avrasiyanın Qərb–Cənub xəttində daha da güclənmiş rol oynamasına şərait yarada bilər. Bu baxımdan təşəbbüs Cənubi Qafqazı yalnız tranzit məkanı kimi deyil, həm də iqtisadi-siyasi körpü kimi ön plana çıxarır. Bununla belə, yeni əməkdaşlıq çərçivəsinin Rusiya üçün geosiyasi nəticələri kifayət qədər həssasdır. Moskvanın ənənəvi təsir sahəsi hesab etdiyi Qafqazda alternativ marşrutların aktuallaşması onun nəqliyyat üzərində çıxış imkanlarını məhdudlaşdırır, siyasi təsir alətlərini zəiflədir. Şimal marşrutunun rəqabət qabiliyyətini itirməsi isə Rusiyanın regiondakı strateji mövqelərini əlavə təzyiq altına salır. Ermənistanın Qərbə inteqrasiya meyillərinin artması fonunda Moskvanın təsir dairəsinin daralması daha aydın görünür. İran da bu təşəbbüsləri öz maraqları üçün ciddi maneə kimi dəyərləndirir. Tehranın fikrincə, Türkiyə–Azərbaycan xəttinin güclənməsi İranın alternativ marşrut kimi əhəmiyyətini azalda bilər. Xüsusilə Zəngəzur dəhlizinin reallaşma ehtimalı Tehranın tranzit üstünlüyünü zəiflədərək onun regional çəkisinə təsir göstərə bilər. İran tərəfi düşünür ki, Aİ-nin dəstəklədiyi yeni şəbəkələr Tehranın proseslərdən kənarda qalması riskini artırır. Halbuki həm Rusiya, həm də İran üçün yeni nəqliyyat şəbəkələrindən faydalanmaq potensialı mövcuddur – sadəcə bu imkanların düzgün qiymətləndirilməsi lazımdır. Nəticə etibarilə, Aİ-nin yeni əməkdaşlıq planı və “Tramp marşrutu”na artan marağı Cənubi Qafqazın geosiyasi xəritəsinin yenilənməsi potensialını gücləndirir. Bu təşəbbüs reallaşarsa, regionda yeni güc balansının formalaşması qaçılmaz görünür".

Rəfiqə Namazəliyeva,

AzNews.az