İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının dünya ictimaiyyətinə müraciət edib

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 8 Noyabr- Şanlı Zəfər Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir:

8 Noyabr- Şanlı Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, əzmkarlığının və ədalət uğrunda mübarizəsinin parlaq simvoludur. Bu gün Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərini və ədalətli sülhün qələbəsini təcəssüm etdirir. Bu Zəfər, eyni zamanda, insan və vətəndaş hüquqlarının və azadlıqların və ləyaqətin bərpası deməkdir.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq biz bu günü yalnız hərbi zəfər kimi deyil, həm də sülh, təhlükəsizlik və insan ləyaqətinin qələbəsi kimi dəyərləndiririk. Azərbaycan xalqı uzun illər ərzində işğal, köçkünlük və humanitar böhranlarla üz-üzə qalsa da, bu sınaqları yüksək dözüm, vətənpərvərlik və mənəvi dəyərlərlə aşdı. Torpaqlarımızın azad edilməsi regionda yeni mərhələ – ədalətə əsaslanan sülh və birgəyaşayış modelinin formalaşması üçün imkan yaratdı.

Biz bu münasibətlə dünya ictimaiyyətinə müraciət edərək bildiririk ki, sülh və ədalət bir-birindən ayrılmaz dəyərlərdir. Ədalətin təmin olunmadığı mühitdə sülh davamlı ola bilməz, zorakılıq, istismar və insan alveri kimi cinayətlər kök salır. Tarix və müasir münaqişələr göstərir ki, müharibələr, humanitar böhranlar və məcburi köçkünlük halları insan alveri üçün münbit şərait yaradır. Qadınlar və uşaqlar bu dövrlərdə ən çox zərər görən, istismar və zorakılığa məruz qalan həssas qruplardır. Koalisiya olaraq biz bu reallıqdan dərin narahatlıq duyur və beynəlxalq ictimaiyyəti müharibələrin sosial-humanitar nəticələrinə, xüsusilə də insan alveri risklərinə qarşı birgə səfərbər olmağa çağırırıq.

Azərbaycan dövləti sülh və bərpa mərhələsində beynəlxalq humanitar hüquqa və insan hüquqlarına sadiqliyini nümayiş etdirir. Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, quruculuq və inteqrasiya proqramları, mina təmizləmə, sosial müdafiə və qadınların reabilitasiyası istiqamətində atılan addımlar dövlətin və vətəndaş cəmiyyətinin ortaq səylərini əks etdirir. Biz bu prosesdə beynəlxalq tərəfdaşların dəstəyini və əməkdaşlığını vacib hesab edirik.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası hesab edir ki, hər bir qələbə yalnız hərbi güclə yox, həm də mənəvi və humanitar dəyərlərlə ölçülürr. Azərbaycanın Zəfəri zorakılığa qarşı ədalətin, işğala qarşı beynəlxalq hüququn və qurbanlara qarşı insan ləyaqətinin qələbəsidir. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları sülhün qorunması, insan alverinə qarşı mübarizənin gücləndirilməsi, qadın və uşaqların müdafiəsi, psixososial reabilitasiya və sosial ədalətin bərpası istiqamətində birgə fəaliyyətə çağırırıq.

Zəfər Günü bizim üçün qisasın deyil, sosial ədalətin bərpasının, düşmənçiliyin deyil, sülhün təntənəsidir. Azərbaycan xalqı dünyaya sübut etdi ki, ədalət, insan ləyaqəti və sülh uğrunda mübarizə ən böyük qələbədir. Biz inanırıq ki, bu bəşəri dəyərlərin qorunması regionda və dünyada insan alverinə, zorakılığa və istismara qarşı mübarizənin təsirli yoludur.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq dünya ictimaiyyətinə müraciət edirik:

Sülhü qorumaq, müharibələrin fəsadlarını aradan qaldırmaq və insan ləyaqətini müdafiə etmək üçün bir olaq!

Allah şəhidlərimizə rəhmət eləsin!

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası