- Siyasi müzakirə
- 16:37
- 2 181
"Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq" - Deputat
“İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Qayıdış hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər beynəlxalq aktlarla təsbit edilib. Odur ki, Ermənistan beynəlxalq hüquqa əməl etməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına sülh yolu ilə geri dönməsinə süni əngəllər törətməməli, onların qayıdışını təhlükəsiz və ləyaqətli şəkildə təmin etməlidir. Bu gün Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” adlı III Beynəlxalq Konfransda səslənən fikirlər bir daha göstərdi ki, zorla çıxarılmış azərbaycanlıların doğma torpaqlarına qayıdışı həm hüquqi, həm tarixi, həm də mənəvi baxımdan xalqımızın haqlı tələbidir”.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar:
“Soydaşlarımızın indiki Ermənistan ərazisindən zorla köçürülməsi, onların mülkiyyətlərinin əlindən alınması, maddi və mədəni irs nümunələrinin dağıdılması və özgəninkiləşdirilməsi tarixi faktlarla sübuta yetirilib. Ermənistanın məqsədi Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın tarixi və mədəni izlərini silmək olub. Bu, yalnız xalqımızın maddi sərvətlərinə qarşı deyil, həm də onun mənəvi və tarixi kimliyinə qarşı yönəlmiş bir hücum idi. Bu gün isə bu ədalətsizliklərin aradan qaldırılması, zorla çıxarılmış azərbaycanlıların doğma torpaqlarına geri qayıtması və mədəni irsin bərpası üçün beynəlxalq hüququn imkanlarından istifadə olunması zəruridir”.
S.Salmanova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, uzaqgörən siyasət Qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək üçün mühüm zəmin yaradır:
“Dövlət başçısının qətiyyətli rəhbərliyi, milli maraqların qorunması və beynəlxalq hüquqa əsaslanan yanaşması bu prosesin uğurla həyata keçirilməsində həlledici rol oynayır. Bu ilin avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması da gələcəkdə hər iki xalqın birgəyaşayışını təmin etmək üçün ümidverici bir addımdır. Bu addım xalqlar arasında uzunmüddətli sülhün əsasını qoyması, regionda davamlı sülh, qarşılıqlı anlayış və mehriban qonşuluq münasibətləri üçün vacibdir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına sülh, təhlükəsizlik və ləyaqətli şəkildə qayıdacaq, mədəni irsimiz qorunacaq və bərpa olunacaq”.
AzNews.az