Azərbaycan siyasi sistemini Kremlin təsir dairəsindən çıxarır - ŞƏRH

Ukrayna müharibəsi ilə bağlı qurulan masalar Azərbaycanı qətiyyətli addımlar atmağa sövq edir.

Dövlətimiz həm geopolitik planda öz təhlükəsizlik təminatlarını gücləndirməli, həm də Rusiyanın Azərbaycanın müstəqilliyinə daxili təzyiq rıçaqlarını tam zərərsizləşdirməlidir. Bu rıçaqlar, əlbəttə, həm kifayət qədər geniş, həm də əksər hallarda kamufulyaj altındadır. Lakin bir neçə istiqamət kifayət qədər açıq və aktualdır.

Birincisi, Rusiya yönümlü siyasi narrativlərə qarşı sayıq olmalıyıq. Bu təsirlərin qarşısının alınmasında dövlətlə birgə intellektual media resursları olaraq bizim üzərimizə də xüsusi məsuliyyət düşür. İctimai rəyin dezinformasiyalardan qorunmasında və elmi əsaslı məlumatlandırma kampaniyaları qurulmasında milli ictimai düşüncə müəssisəmiz sərgilədiyi dinamikanı və prinsipiallığı qorumalıdır. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyətini süquta aparan amillər cəmiyyətə konseptual şəkildə çatdırılmalıdır ki, "Əliheydər Qarayev xətti" müasir ictimai rəy üçün tam ifşa olsun.

İkincisi, Kremlin kommunikasiya kanalı kimi istifadə etdiyi, edə biləcəyi bütün formal və qeyri-formal şəbəkələr, qruplar, ictimai və siyasi təşkilatlar, vəzifəli şəxslər və publik fiqurlar monitorinq edilməlidir.

Üçüncüsü, daxili sosial və siyasi proseslər, cəmiyyətin "dib dalğaları" milli maraqlar çərçivəsində nəzarətdə saxlanılmalı, ən diqqətli şəkildə təhlil olunmalı, ictimai şüur Fətəli xan Xoyskinin məşhur ifadəsinə uyğun desəm, bezin qiymətinə deyil, Azərbaycanın yüksələn qüdrətinə köklənməlidir.

Hər zaman demişəm ki, 2013-cü ilin prezident seçkiləri ictimai-siyasi proseslər üçün baza prinsipi rolunu oynayır. Çünki 2013-cü ilin oktyabrında Azərbaycanda sadəcə prezident seçkisi keçirilmirdi. Gələcəyimiz, müqəddəratımız həll olunurdu. Ya hakimiyyətdə İlham Əliyev qalıb illər sonra Qarabağı bizə, bizi Qarabağa qaytaracaq, ya da iqtidar bir qrup avantüristin, möhtəkirin, satqının, tamahkarın əlinə keçəcək, ölkə xaosa sürüklənəcək, çox güman ki, ermənilər Gəncə və Bərdəni də götürəcəkdilər.

Biz bir cəmiyət olaraq bütün bu rəzil ssenarilərin qarşısını prezident İlham Əliyevə güvənməklə aldıq. Müstəqillik əzminin və müstəqil Azərbaycanın yetirşdirdiyi liderin qarşı cəbhəsində "Milyarderlər İttifaqı", "Ziyalılar Forumu", "Milli Şura" kimi adlar altında Rusiyadan yönləndirildiyi artıq heç kimə sirr olmayan quruluşlar vardı. Söhbət xahiş-minnətlə "Ziyalılar Forumu"nun vitrininə bəzək kimi çıxarılmış şairlərdən, yaxud müxalif düşərgə mənsubu kimi Milli Şurada təmsil olunmuş siyasət həvəskarlarından getmir. Söhbət, məsələn, ondan gedir ki, Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş Abbas Abbasov kimilər Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış kütlələrin liderlərini necə ələ aldı, "Milyarderlər İttifaqı"nın cingildətdiyi pul kisəsindən başqa hansı təhrikedici amillər və mexanizmlər vardı?

Bu günlərdə baş verənlərə qayıtsaq, olaylar öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın öz daxili siyasi dinamikasını xarici təsir nəticəsində manipulyasiyalardan qorumaqla milli suverenlik hərəkatını yeni mərhələyə daşımasıdır. Hüquqi zəmində aparılan bu steralizasiya mərhələsində:

- Xarici qüvvələrin Azərbaycanın siyasi sisteminə müdaxilə mexanizmləri ləğv edilir;

- Konstitusiyaya, xalqın iradəsinə və sosial təkamülə arxalanmayan zorakı siyasi layihələr sıradan çıxarılır;

- Suverenlik ideyası Azərbaycanın tərəqqi modelinin əsas qayəsi olaraq tam qoruma altına alınır.

Beləliklə, rəsmi Bakı özünü Ukrayna savaşının nəticələrindən asılı vəziyyətə salmır, daxili siyasi təhlükəsizlik arxitekturasını möhkəmləndirir, strateji inkişaf trayektoriyasını yeni dünya nizamının qurulmasında proaktiv oyunçu kimi müəyyən edir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru