- Yazarlar
- 30 Aprel 20:09
- 2 883
İranla münasibətlər

Prezident cənab İlham Əliyevin həmişə qeyd etdiyi kimi, qonşu ölkələrlə əlaqələr hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu istiqamətdə addımlar atılıb. Ölkəmiz o cümlədən, qonşu İran ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik münasibətlər dərin tarixi və mədəni köklərə əsaslanır. Hər iki xalqı birləşdirən ortaq tarix, dini və mədəni dəyərlər əsrlər boyu qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinin formalaşmasına zəmin yaratmışdır. İran İslam Respublikası 1992-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş və bu addım iki ölkə arasında münasibətlərin qurulmasında mühüm rol oynamışdır. Sonrakı illərdə Azərbaycan-İran əlaqələri siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etmiş, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə daima dəstək nümayiş etdirmişlər.
2025-ci ilin aprel ayının 28-də İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkianın Azərbaycan Respublikasına həyata keçirdiyi rəsmi səfəri bu baxımdan mühüm önəm daşıyır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirilən görüşlərin ardından dövlət başçıları mətbuata birgə bəyanatla çıxış etmişlər. Prezident İlham Əliyev çıxışında İran-Azərbaycan münasibətlərinin əsrlərə söykənən dostluq, qardaşlıq və mehriban qonşuluq ənənələri üzərində qurulduğunu xüsusi vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, iki ölkə arasında tarixi, mədəni və dini bağlılıqlar xalqlarımız arasında etimad və qarşılıqlı anlayış mühitinin formalaşmasına şərait yaratmışdır.
Cənab Prezident İlham Əliyev bəyanatında bildirmişdir ki, Azərbaycan ilə İran arasındakı münasibətlər uzun illər ərzində inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. O, qeyd etmişdir ki, qarşılıqlı maraqlara əsaslanan bu əlaqələr bütün sahələr üzrə uğurla genişlənməkdədir və bu, hər iki xalqın rifahına xidmət edir: “Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır”.
Dövlət başçısı vurğulamışdır ki, İran və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir, regional və beynəlxalq məsələlərdə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipinə sadiq qalırlar. Bu amil iki ölkə arasında etibarlı tərəfdaşlığın daha da möhkəmləndirilməsinə şərait yaradır: “Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır”.
Prezident İlham Əliyev səfər çərçivəsində aparılmış danışıqların yüksək səviyyədə keçdiyini və bir sıra sahələr üzrə mühüm razılaşmaların əldə olunduğunu qeyd etmişdir. O, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret addımların atıldığını və bunun gələcəkdə əlaqələrin daha da dərinləşməsinə təkan verəcəyini bəyan etmişdir. Cənab Prezident həmçinin İran Prezidenti Məsud Pezeşkiana səfərə görə təşəkkürünü bildirərək, bu ziyarətin Azərbaycan-İran münasibətlərinin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Bu bəyanat bir daha göstərir ki, Azərbaycan ilə İran arasında əlaqələr qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipləri əsasında formalaşmışdır və bu münasibətlər gələcəkdə də yüksələn xətlə inkişaf edəcəkdir.
Samirə Hüseynova