- Paytaxt
- 15:08
- 1 137
Azərbaycan və Şimali Makedoniya arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Şimali Makedoniyanın Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Şimali Makedoniya tərəfindən isə xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovski rəhbərlik edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran münasibətlər, habelə regional və qlobal inkişaflar müzakirə olunub.
İki ölkə arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən razılıq ifadə olunub, dövlətlərarası dialoqun davam və inkişaf etdirilməsində Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
İqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan təbii qazı ilə təchiz olunan ölkələr sırasına Şimali Makedoniyanın qoşulması məmnunluqla xatırlanıb.
İki xalq arasında əlaqələrin gücləndirilməsi və eləcə də dövlətlərarası münasibətlərə əlavə dəyər qatılması xüsusunda humanitar istiqamət, o cümlədən təhsil, mədəniyyət və turizm kimi sahələr üzrə mübadilələrin təşviqinin əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflı məlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.