Ana 2 övladı ilə polis bölməsində gecələdi - SƏBƏB

Şirvan rayonunda yaşayan məcburi köçkün Lətifə Həsənova 2 övladı ilə bərabər qadın təşkilatlarına müraciət edib. İrsi xəstəlikdən əziyyət çəkən qadın ailəsi tərəfindən zorakılığa məruz qaldığını bildirib. Qadını təşkilata 9-cü polis bölməsindən gətiriblər.

Səbail rayon 9-cu polis bölməsindən AzNews.az-a verilən məlumata görə, qadın 2 uşağı ilə bərabər bundan əvvəl bir dəfə də şöbədə gecələyib: "O, iki uşağı ilə bərabər aparatın qarşısında dayanıb, polisə müraciət etməyib. Havanın soyuq olduğunu nəzərə alaraq uşaqlarla bərabər qadına gecələmək üçün şərait yaradılıb. O, yaşamaq üçün evinin olmadığını söyləyib".

Daha sonra qadın övladları ilə bərabər "Təmiz dünya" İctimai Birliyinə gətirilib. O, bərabər yaşadıqları qohumları tərəfindən döyüldüyünü qeyd edib. Lakin ailə həyat yoldaşı tərəfindən tərk edilən qadına qarşı heç bir zorakılıq hallarına yol verməyib: "Ailə ilə danışdıqdan sonra qadını övladları ilə bərabər yaşadığı rayona yola saldıq. Amma o, döyüldüyünü idda edərək bədənindəki yaraların zorakılıq əlaməti olduğunu göstərirdi".

Qeyd edək ki, özü və 2 övladı irsi xəstəlikdən əziyyət çəkən qadının müalicəsinə külli miqdarda vəsait tələb edilir. Onun yaxınlarının da bu xəstəlikdən vəfat etdiyi bildirilir.

Elnarə Əlosmanqızı

AzNews.az