Əsl azərbaycanlı, dəyərli alim, nəcib ziyalı Əyyub Əyyubovun 60 illik yubileyi tamam olur Əsl azərbaycanlı, dəyərli alim, nəcib ziyalı Əyyub Əyyubovun 60 illik yubileyi tamam olur

Olduğu kimi görünən, göründüyü kimi olan insan

Əsl azərbaycanlı, dəyərli alim, nəcib ziyalı Əyyub Əyyubovun 60 illik yubileyi tamam olur


Hər bir millətin bəşəri miqyasda tanınmasında onun mədəniyyəti, elmiylə yanaşı, sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri ölçüyəgəlməzdir. Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara xidmət etmək istəyi ziyalıların zəngin iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalmışlar.

Müəllim, alim, ziyalı missiyasını bu vaxta qədər deyilmiş heç bir söz tam əhatə eləmir. Bu ad hər kəs üçün əzizdir. Həzrət Əli (ə.s.) deyib ki, hər kim mənə bir hərf öyrətsə, mən ona qul, kölə olaram. Əgər həyatımızı gözəlləşdirən bütün peşə sahiblərinin yaradıcısı Ulu Tanrıdırsa, tərbiyə edərək ərsəyə çatdıran heç şübhəsiz müəllimdir. Bu müqəddəs peşə sahibləri haqqında söz deməyin heç də asan olmadığını anlayıram. Lakin bütün şüurlu həyatını Azərbaycanın təhsil sisteminə sərf etmiş, böyük elm fədaisi, nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən, fenomen düşüncə, yüksək idarəetmə qabiliyyətli bir insan haqqında düşüncələrimi qələmə almağı özümə borc bildim.

Söhbət şərəfli ömür yolu, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış dəyərli alimdən, müəllim adının ucalığında dayanan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovdan gedir. Əyyub müəllimin istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır.

Şübhəsiz, elmdə yüksək pillələri qət etmək hər bir alimin arzusudur. Lakin bu nəcib istəyi, niyyəti xalqın, dövlətin mənafeyi naminə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad və qabiliyyət, gərgin zəhmət tələb edir. Mənalı ömrünün 60-cı pilləsində olan professor Əyyub Əyyubov bu və digər keyfiyyətləri ilə yanaşı, yüksək mənəviyyatı, xeyirxahlığı ilə fərqlənən insanlardandır. Professorun həyat yoluna nəzər salarkən, onun yüksək zəkası, əxlaqi keyfiyyətləri ilə seçilən nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu dərin məhəbbətlə sevən bir vətəndaş olduğunu aydın görmək olur.

Təbii, hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin müəyyənləşməsində havasını udduğu, suyunu, çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bütün bu amillər isə istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və kamilləşməsində mühüm rol oynayır. Əbəs yerə "ot kökü üstə bitər" deməyiblər.

Əyyub Əyyubov 1956-cı il mart ayının 08-də yurdumuzun gözəl guşələrindən biri olan Ağdam rayonunun İlxıçı kəndində Seyid Zeynal Abdin ağanın ailəsində dünyaya göz açıb. Çox hikmətli və məlumatlı, bütün mahalda böyük nüfuz və söz sahibi olmuş bu el ağsaqqalını Qarabağ camaatı indinin özündə də dərin hörmət və ehtiramla anırlar. Şübhəsiz, Əyyub müəllimin cəmiyyət üçün layiqli insan kimi yetişməsinə, erkən yaşlarından ülvi məqsədlər uğrunda mübarizə aparmasına böyüyüb boya-başa çatdığı ailə mühitinin, o müqəddəs ocağın təsiri böyük olub.

Əmək fəaliyyətinə də doğma İlxıcı kəndində, sovxozda fəhləliklə başlayıb. Sonradan ali məktəb illəri – öncə Ukraynada Avtomobil Nəqliyyatı İnstitutunda "Nəqliyyatın İqtisadiyyatı və İdarəedilməsi", ardınca Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunda menecment ixtisası üzrə ikinci təhsil alıb. Beynəlxalq Elmlər Akademiyasının aspiranturasında oxuduğu illərdə "Yeni sahibkar kommersiya qurumlarının müasir sosial-iqtisadi vəziyyətə uyğunlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi və dosent elmi adına layiq görülüb. Ukraynada Ümumittifaq İdarəetmə İnstitutunda müəllim, Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunda prorektor vəzifələrində çalışıb.

Beynəlxalq Elmlər Akademiyasının doktoranturasını bitirən Ə.Əyyubov "Bazar iqtisadiyyatı şəraitində elmi-texniki yeniliklər əsasında idarəetmənin təşkili" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

1993-2002-ci illərdə San-Marino Beynəlxalq Elmlər Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialının rektoru olmuş Ə.Əyyubov Nazirlər Kabinetinin 13 aprel 2003-cü il tarixli qərarı ilə yaradılan Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinə müdir vəzifəsinə təyin edilib. Kollec 3 il sonra isə Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv edilir, əvəzində müstəqil Mingəçevir Turizm Kolleci yaradılır. Yarandığı vaxtdan bu günədək kollecə professor Əyyub Əyyubov rəhbərlik edir.

Dəyərli ziyalı, yüksək tədqiqatçılıq qabiliyyətinə malik elm adamı olan Ə.Əyyubov həm də qurucu rəhbər olduğunu növbəti dəfə sübut edir. Təkcə bölgədə deyil, bütün respublikada məşhur olan Mingəçevir Turizm Kollecində yüksək standartlar səviyyəsində yeni tədris korpusunun, müasir tələblərə cavab verən idman kompleksinin, digər yardımçı binaların inşa edilərək istifadəyə verilməsi, ən əsası, bu təhsil ocağında sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərin bu məktəbə dəvət edilməsi Ə.Əyyubovun yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına əyani sübutdur.

Bu gün Mingəçevir Turizm Kolleci Ə.Əyyubovun rəhbərliyi altında beynəlxalq arenaya çıxış imkanları qazanıb. Belə ki, kollec 2008-ci ildən etibarən Böyük Britaniyanın "British Council" təşkilatının həyata keçirdiyi "Cənub-Şərqi Avropa ölkələrinin kollecləri arasında birgə əməkdaşlıq" layihəsi çərçivəsində Şotlandiyanın Edinburq şəhərindəki Stevenson Kolleci ilə əməkdaşlıq edir. Kollec həmçinin Rusiya Federasiyasının Moskva Biznes və İqtisadiyyat, Moskva Humanitar, Rumıniyanın Andrei Barseanu, Qazaxıstanın Almatı Dövlət Texnologiya və Menecment kollecləri ilə əməkdaşlıq edir. 2012-ci ildən isə Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Almaniyanın Yade Universiteti ilə, 2013-cü ildən isə Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıqlar nəticəsində qazanılan təcrübə isə heç şübhəsiz tədrisin müasir formalarının və yeniliklərin tətbiqinə imkan yaradır ki, bütün bunlara görə kollektiv ilk növbədə kollecin direktoru Əyyub Əyyubova minnətdar olmalıdır.

İstedadlı alim uzun illərdir Respublika Ziyalılar Cəmiyyəti Mingəçevir şəhər şöbəsinə sədrlik edir.

Əyyub Əyyubov iqtisadiyyat sahəsindəki yüksək nailiyyətlərinə görə respublika "Bilik"cəmiyyətinin təsis etdiyi akademik Yusif Məmmədəliyev adına medala, H.Z.Tağıyev adına mükafata, "Qızıl Qələm", "Ziyalı" media mükafatlarına, "Avropa Nəşr Mətbuat Evi"nin qızıl mükafatına və diplomuna, həmçinin müxtəlif illərdə "İlin ən yaxşı tədqiqatçı alimi" adına layiq görülüb, xeyriyyə işlərində geniş və çoxşaxəli fəaliyyətinə görə Azərbaycan Respublikası "Nizami adına Qayğı Cəmiyyəti" tərəfindən diplomla təltif olunub.

Ümumiyyətlə, zəngin həyat yolu keçmiş Əyyub müəllimin elm sahəsindəki uğurları saysız-hesabsızdır; Rusiya Federasiyası Sahibkarlıq Akademiyası, Beynəlxalq Enerji, İnformasiya Elmlər və Beynəlxalq Müstəqil Ekspertlər Akademiyalarının, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA), İtaliya İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Roma şəhərinin Fəxri alimi, Avropanın Əməkdar elm və mədəniyyət xadimi, ATEA-nın yüksək ali mükafatı olan "Wilhelm Leibniz" medalının, Birləşmiş Millətlər Təşkilatının Mükafat komissiyasının "Avropa" Şərəf ordeninin, TDABEA-nın təsis etdiyi "Qızıl ulduz" medalı və "İlin təhsil adamı" fəxri adının, Beynəlxalq "Atatürk" mükafatının və s. sahibi.
Tam mübaliğəsiz demək olar ki, 23 kitabın, 270-dən çox elmi məqalənin müəllifi olan professor Ə.Əyyubovun tədqiqatları milli məkanın sərhədlərini çoxdan aşmışdır. Əyyub müəllimin sonuncu kitabı "Məşhəddən Kərbəlaya" adlanır. Bu, professorun sayca 23-cü, məzmun və mahiyyətcə isə "Əxlaq söhbətləri" və "Müqəddəs Məşhəd Yollarında" kitablarından sonra 3-cü kitabıdır. Ədəbi-bədii, tarixi-publisistik bir əsər olmaqla yanaşı, kitab həm də ensiklopedik, dini-əxlaqi xarakter daşıyır. Kitab bəşəriyyətin ən humanist dini olan İslamın ideyalarından, bir insanın müqəddəs yerlərə səfəri zamanı yaşantılarından, tarixdən insanlara yaxşı məlum olan o müqəddəs yerlərin yüksək peşəkarlıqla təsvirindən, İslam tarixinin ən dəhşətli hadisələrdən biri və həm də rəmzi sayılacaq Kərbəla müsibətinin nəqlindən bəhs edir. Fəlsəfi və tərbiyəvi əhəmiyyətini dərk etmək üçün bu gün bütün dünyada geniş vüsət almış ziyarət turizminin təbliği baxımından bu kitabdan dərslik kimi istifadə olunacağına zərrə qədər şübhə etmirəm. Əminəm ki, qəlbi müqəddəs məkanları ziyarət etmək eşqiylə döyünən hər bir insan olduqca axıcı bir dildə qələmə alınmış bu kitabı birnəfəsə oxuyacaq.

Kitabda daha bir diqqətçəkən məqam Füzuli kimi qüdrətli bir söz nəhənginin məzarını ziyarət edərək insanlara ilahi məhəbbət aşılayan müəllifin ana haqqında düşüncələri və nəsli barədə əldə etdiyi bilgiləri şəcərə ardıcıllığı üzrə oxucuların diqqətinə çatdırmasıdır.

Yeri gəlmişkən, Əyyub müəllim ötən il özünün də dediyi kimi, çoxdan arzusunda olduğu İslamın müqəddəs şəhəri sayılan Məkkədə Həcc ziyarətində olub. Ziyarətdən olduqca zəngin, maraqlı təəssüratlarla qayıdan professorla söhbətimizdən belə anladım ki, o, bu səfərlə bağlı qeydlərini mütləq qələmə almaq niyyətindədir.

Ümumiyyətlə, Əyyub müəllim həmişə öyrənməyi, həyati təcrübə qazanmağı üstün hesab edib. Hər bir pedaqoji mühitdən bir keyfiyyət götürüb. Tanıyanlar onun həddindən artıq sadə, həssas, təvazökar, xeyirxah və qayğıkeş olmasını çox gözəl bilirlər. Çünki o, sözübütöv, sözü ilə əməli arasında uçurum olmayan bir insandır. Heç vaxt özünü başqalarından üstün tutmayıb, qazandığı nailiyyətlərlə, göstərdiyi xidmətlərlə, etdiyi təmənnasız yaxşılıqlarla öyünməyib. Hər zaman hamı ilə mehriban və səmimi rəftarı, ən kobud adamlarla belə dil tapmaq bacarığıyla fərqlənib. Əslində bütün bunlar müəllim üçün çox vacib olan keyfiyyətlərdir. Görünür, "böyük alim olmaq üçün həm də ləyaqətli insan olmaq lazımdır" deyənlər əsla yanılmayıblar. Professor Ə.Əyyubov bu iki ucalığı öz şəxsində bir araya gətirməklə özü də zirvəyə çevrilmişdir. Yüksək elmi-praktiki potensiala malik olan bu alimin insanlarla ünsiyyət bacarığı, təmkini, tələbkarlığı, uzaqgörənliyi çoxları üçün örnək sayıla bilər. Bütün bu sadaladığımız keyfiyyətlər Əyyub müəllimin – Hacı Əyyubun yüksək təvazökarlığında tamamlanır. Bu gün çoxları onu fitri istedadı, hərtərəfli elmi biliyi və məlumatı, dərin düşünmə qabiliyyəti və güclü yaddaşı olan maraqlı insan kimi tanıyır.

Vətənini sevərək millətini hər zaman yüksəkdə görmək istəyi onun mənalı və şərəfli ömür yolunda öz ifadəsini tapmışdır. Bir sözlə, o, böyük Mövlananın dediyi kimi, "olduğu kimi görünən və göründüyü kimi olan" insandır.

Hərdən düşünürəm ki, cəmiyyətdə belə insanlar nə qədər çox olsa, o cəmiyyət daha gözəl olar. Çünki Əyyub müəllim cəmiyyəti gözəlləşdirən insanlardandı. İnsan onunla söhbət edəndə ətrafından, mühitdən razı qalır.

Təbiət etibarı ilə mülayim olan Əyyub müəllim ömrünün 60-cı baharını yaşayır. Lakin ötən bu 60 il ərzində də o, bənzərsiz bir insan ömrünün mənəvi heykəlini yaratmağı bacarıb. Doğru deyiblər, həqiqi alim ömrü yer qədər sirli, göy qədər kəhkəşanlı, fikir qədər sonsuz və əsrarəngizdir.

P.S. Deyirlər, Ulu Tanrı insan üçün nəyi məsləhət bilibsə, o da tale qismətidir. Amma arzu edərdik ki, Əyyub müəllim növbəti doğum gününü Ağdamda – doğma İlxıçı kəndində qeyd etsin. Bir daha dəyərli alimimizi anadan olmağının 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona sağlıqlı ömür, tükənməz yaradıcılıq enerjisi, həmişə sədaqətli dostların əhatəsində olmağı arzulayırıq!

Azər