- Yazarlar
- 10 İyun 13:45
- 8 177
Niyə bəzi kənd məktəbləri fərqlənir?

2024–2025-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “Abituriyent 12” jurnalında yer alan statistik göstəricilər bir daha göstərdi ki, keyfiyyətli təhsil yalnız şəhər mərkəzlərinin imtiyazı deyil. Bəzən ucqar kənd məktəbləri – adı bəzilərimizə tanış belə olmayan kəndlərin orta məktəbləri – ədəbiyyat, riyaziyyat, fizika, informatika, tarix və kimya kimi çətin fənlər üzrə yüksək nəticələr əldə edirlər. Məsələn, Saatlı rayonu Əlisultanlı kənd tam orta məktəbi, Şəki rayonu şəhər liseyi, Qax rayonu 4 saylı məktəb, Zaqatala Texniki fənlər liseyi, Qubadlı Qaralar kənd məktəbi, İsmayıllı Diyallı və Qurbanəfəndi kənd məktəbləri, Masallı Musaküçə, Cəlilabad Göytəpə, Goranboy Xanqərvənd və Qızılhacılı məktəbləri – bunlar sadəcə statistik rəqəmlərdən ibarət deyillər. Bu məktəblər Azərbaycanın müxtəlif bölgələrində təhsil uğurunun mümkünlüyünün canlı sübutlarıdır və bizə vacib sualı xatırladır: nə üçün bəzi məktəblər bu qədər fərqlənir, digərləri isə hələ də əsas səviyyəyə belə yaxınlaşa bilmir?
Bir çox uğurlu məktəbin arxasında fədakar müəllimlər dayanır. Onlar şəraitdən, avadanlıq çatışmazlığından, əməkhaqqının aşağı olmasından asılı olmayaraq, şagirdlərə inamı, tədrisə sevgini və məsuliyyəti aşılamağı bacarırlar. Bəzən bir müəllim – məsələn, kimya və ya fizika müəllimi – təkcə dərs demir, həm də gələcəyin qapılarını açır. Eyni zamanda bəzi kəndlərdə məktəblər hələ də ictimaiyyətin nüfuzlu məkanıdır. Valideynlərin məktəbə olan inamı, uşaqların təhsilə yönləndirilməsi, hətta kənd icmasının müəllimə hörməti motivasiyanı artırır. Belə məktəblərdə “Oxumaq kəndin yolunu dəyişəcək” düşüncəsi yalnız şüar deyil, ailəvi və cəmiyyət səviyyəsində qəbul edilən bir reallıqdır.
Digər tərəfdən, məktəb rəhbərliyinin vizyonu və daxili idarəetmə mədəniyyəti də nəticəyə birbaşa təsir göstərir. Direktorun müəllim kollektivi ilə münasibəti, dərsdənkənar fəaliyyətlərin təşkili, imtahanlara hazırlığın sistemli təşkili kimi amillər məktəbin ümumi atmosferini və tədrisin keyfiyyətini müəyyənləşdirir. Bəzi məktəblərdə dərs prosesinə paralel olaraq qəbul proqramı əsasında əlavə hazırlıqlar keçirilir, repetitorluq xidməti olmadan belə ciddi təkrarlar təşkil olunur. Müəllimlər bəzən hətta öz hesablarına və şəxsi vaxtlarından keçərək əlavə dərslər verirlər. Bu, yalnız savadlı müəllimlərin deyil, həm də vicdanlı və missiyalı müəllimlərin işidir. Nəticədə bu yanaşma şagirdlərin daha hazırlıqlı və özünəinamlı şəkildə imtahana girməsini təmin edir.
Ancaq bütün məktəblərdə bu yanaşma müşahidə olunmur. Geridə qalan məktəblərin vəziyyətinə nəzər saldıqda əsas səbəblərdən biri kimi ixtisaslı kadr çatışmazlığı önə çıxır. Xüsusilə təbiət və dəqiq fənlər üzrə müəllimlərin lazımı səviyyədə olmaması şagirdlərin bu sahələrdə inkişafını ciddi şəkildə ləngidir. Bəzən bir məktəbdə müəyyən müddətdə fizika və ya informatika müəllimi və s. olmur və bu boşluq təkcə dərs saatları ilə deyil, uşaqların gələcək perspektivləri ilə ölçülür. Eyni zamanda, bəzi məktəblərdə müəllimlər arasında motivasiya çatışmır, tədris prosesinə “vəzifə öhdəliyi” kimi yanaşılır, yaradıcılıq və məsuliyyət hissi itib. Valideynlərin məktəbə inamının zəif olması, eləcə də idarəetmədə nəticəyönümlü yanaşmanın yoxluğu da vəziyyəti daha da ağırlaşdırır. Bu cür məktəblərdə imtahanlara yönəlik ciddi hazırlıq mühiti formalaşmır, uşaqlar universitetə daxil olmağın həyatlarını dəyişəcəyinə inanmır, bəzən isə bu barədə düşünmək belə onlara uzaq görünür. Bundan əlavə, fizika, kimya, informatika kimi fənlər üçün baza avadanlıqlarının olmaması və ya az olması, praktiki imkanların yoxluğu həmin fənlərin sadəcə nəzəri səviyyədə qalmasına gətirib çıxarır.
Dünyanın bir çox ölkəsində, xüsusən Finlandiya, Sinqapur, Estoniya və Cənubi Koreya kimi təhsil sistemində uğur qazanan ölkələrdə də eyni yanaşma müşahidə olunur: fərqi müəllim yaradır. Məsələn, Finlandiyada müəllimlər yalnız dərs keçən deyil, həm də icmanın formalaşmasında iştirak edən peşəkar lider kimi yetişdirilirlər. Estoniyada təhsildə texnologiyadan istifadəyə geniş imkanlar yaradılıb və ən ucqar kənd məktəblərində belə müasir tədris metodları tətbiq olunur. Sinqapurda təhsil siyasətçiləri zəif nəticə göstərən məktəblərin uğurlu məktəblərlə "tərəfdaşlıq modeli"ni tətbiq edirlər – yəni yaxşı nəticə göstərən məktəbin müəllimləri və rəhbərliyi digərlərini mentorluqla dəstəkləyir. Cənubi Koreyada isə müəllimlərin sosial statusu və davamlı peşəkar inkişafı onların şagirdlərə təsir gücünü artırır. Bu nümunələr göstərir ki, məktəbin uğurunu yalnız infrastruktur və maliyyə deyil, insan faktoru – yəni müəllim, məktəb rəhbərliyi və təhsil yönümlü ictimai münasibət formalaşdırır.
Bugünkü Azərbaycan məktəbi qarşısında dayanan əsas çağırış təhsildə ədalətli keyfiyyətin təmin olunmasıdır. Uğurlu məktəblərin təcrübələri göstərdi ki, bu mümkündür. Dövlət, müəllim, valideyn və cəmiyyət birlikdə çalışdıqda, ən ucqar kənd məktəbi belə, qəbul imtahanlarında yüksək nəticə göstərə bilər. Əsas məsələ istək və sistemli yanaşmadır. Bu məktəbləri yalnız statistik rəqəmlərlə qeyd etməklə kifayətlənmək olmaz – onların təcrübəsini öyrənmək, paylaşmaq və yaymaq lazımdır.
Unutmayaq: məktəb yalnız bir binadırsa, onu təhsil ocağına çevirən ruh orada çalışan insanlardır. Hər bir kənd məktəbi bir ümid ocağına çevrilə bilər – yetər ki, bu ocağın közünü qoruyan, alovunu artıran müəllimlərə, rəhbərlərə və valideynlərə sahib olaq. Təhsilin uğuru – sadəcə nəticə deyil, həm də bu nəticəyə gedən yolun dürüst, vicdanlı və məqsədyönlü olmasıdır. Bu yolun yolçusu olan hər kəsi ürəkdən alqışlamaq və dəstəkləmək bizim vəzifəmizdir. Azərbaycanın təhsil uğurları nə qədər çox kənddən doğarsa, bir o qədər dayanıqlı və ədalətli gələcəyimiz olacaq.
Günay Əkbərova,
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü