- Yazarlar
- 15:35
- 3 608
Vardavar- Ermənilərin Novruzdan oğurladıqları mərasim

Ermənilər arasında bu gün "xalq bayramı" kimi qeyd olunan Vardavar su çiləmə, əyləncə və kollektiv mərasimlərlə müşayiət olunur. Rəsmi erməni tarixşünaslığı bu bayramı həm xristianlıqla, həm də guya qədim "erməni mifologiyası" ilə əlaqələndirməyə çalışsa da, obyektiv tarixi-etnoqrafik təhlil göstərir ki, Vardavarın müasir forması bütövlükdə onlara yad mədəniyyətdən, xüsusilə də Azərbaycan türklərinin Novruz adətlərindən götürülərək "erməniləşdirilmiş" bir modeldir. Novruz bayramının çərçənbə mərasimlərindən birini- su çərşənbəsinin "sulaşma" ənənələrini götürüb öz adlarına çıxır, ayrıca bayram kimi qeyd edirlər. Məsələ budur.
Erməni kilsəsinin təqviminə görə, Vardavar bayramı Pasxadan 14 həftə sonra, yayın ortalarında qeyd olunur. Bu, ilk baxışda sadə bir təqvim məlumatı kimi görünə bilər, lakin əslində çox mühüm detaldır və bayramın sonradan xristianlıq çərçivəsində yenidən institutlaşdırılmasını göstərir.
Əgər hər hansı bir bayramın təqvimi və məzmunu sonradan dini sistemə uyğunlaşdırılıbsa, bu, onun ilkin formasının ya itirildiyini, ya da mövcud olmadığını göstərir. Vardavarın "İsa Məsihin dəyişilməsi" ilə əlaqələndirilməsi də xristianlıqla heç bir simvolik və teoloji əlaqəsi olmayan su çiləmə rituallarının dini don geyindirilməsi cəhdidir. Odur ki, məsələnin kökünə boylanmaq lazım:
Azərbaycan türklərinin əsrlərlə qeyd etdiyi, atəşpərəstlik dövrünün rəsmi bayramı Novruzda dörd əsas elementdən biri sudur. Novruz bayramının ayrılmaz tərkib hissəsi olan Su çərşənbəsi əsrlərdir qeyd olunur. Bu günün rəmzləri- su ilə yuyunmaq, bir-birinə su çiləmək, bulaq başına getmək, su üstündə arzu tutmaq- baharın gəlişi, ruhi təmizlənmə və yenidən doğuluşun simvolikası ilə bağlıdır.
Təəccüblü olmasa da, xristianlıqdan öncəki dövrə aid etibarlı heç bir yazılı və ya digər maddi mənbədə "erməni" (hay) etnosunun adı, onlarla bağlı bayram, mifoloji sistem və ya ritual izah yoxdur. Bu isə onu göstərir ki, erməni kimliyinə aid bayramların əksəriyyəti sonrakı dövrlərin oğurlanmış məhsuludur. Xristianlıqdan sonra yaranan mədəni və siyasi zərurətlər nəticəsində yeni dini çərçivəyə uyğunlaşdırılmış bu bayramlar daha sonra "qədim xalq ənənəsi" kimi təqdim olunub.
"Astğik tanrıçası" ilə bağlı təqdim olunan mifoloji modelin özü belə sonrakı ideoloji konstruksiyadır və bu tanrıça haqqında mövcud olan məlumatlar əsasən digər şərq xalqlarının mifoloji dünyasından götürülmüş ümumiləşdirmələrdir. Qısası, Vardavarın qədimliyi sübut olunmur, əksinə onun xristianlığa zorla pərçim edilmiş folklor konstruksiyası olduğu ortaya çıxır.
Bir daha təkarar etməkdə fayda var: Vardavardakı sulaşma adəti Azərbaycan türklərinin Novruz bayramından, konkret olaraq Su çərşənbəsindən götürülüb.
Qərbi Azərbaycana, Naxçıvana, Zəngəzura, Göyçəyə və İrəvan ətrafına bir neçə əsr öncə gəlmiş ermənilər türklərlə birgə yaşadıqları müddətcə bu adətlərə birbaşa şahidlik etmiş və zamanla onları oğurlamışlar. Mədəniyyətlərin qarşılıqlı təsiri təbii prosesdir, lakin təsir və mənimsəmə fərqli şeylərdir. Vardavar bayramı nümunəsində biz etno-mədəni mənimsəmənin, tarix uydurmanın və kimlik saxtalaşdırmasının açıq modelini görürük.
Bayramın təqvimi xristianlığa uyğundur – deməli, ilkin deyil.
Bayramın ritualları türklərə məxsusdur – deməli, orijinal deyil.
Bayramın mifoloji izahı yoxdur – deməli, süni şəkildə bərpa olunub.
Bayramın adı belə "gül suvarma", "gül tökmə" kimi əndrabadi bir etimologiya ilə izah olunur – deməli, dil etnoqrafiyası baxımından da zəifdir.
Bu cür mənimsəmə hallarını mədəni irs kimi təqdim etmək, təkcə tarixi saxtalaşdırmaq deyil, həm də əsl mədəni kimliyə hörmətsizlikdir.
Taleh ŞAHSUVARLI,
AzNews.az