- İşin içi
- 29 İyul 18:47
- 2 692
Yeni tarif hər kəs üçün eyni olacaq – heç bir sinifləndirmə nəzərdə tutulmur - EKSPERT

“Elektroenergetika sektorunda sabit tarifin tətbiqi o deməkdir ki, şəbəkəyə qoşulan istehlakçılar hər ay sabit məbləğdə ödəniş edəcəklər. Bu ödəniş istehlak olunan enerji miqdarı ilə deyil, daha çox istehlakçının statusundan asılı olmayaraq, paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması məqsədi daşıyır. Məsələn, əgər bir vətəndaşın iki evi varsa və yalnız birində yaşayırsa, yaşamadığı ev üçün də müəyyən edilmiş sabit tarif əsasında ödəniş etməli olacaq. Yəni, ödəniş yalnız faktiki istifadə olunan enerjiyə görə deyil, həm də şəbəkəyə qoşulu olmanın özü ilə bağlı olacaq”.
Bu fikirlərdə Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Qeyd edək ki, elektrik enerjisi ilə bağlı sabit aylıq tarifin tətbiqi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Elektroenergetika haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, sabit tarif — elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan, sabit xarakterli xərclərin tənzimləyici orqan tərəfindən müəyyən edilən hissəsini qarşılamaq məqsədilə, hər bir istehlakçı üçün tətbiq olunan aylıq tarif komponentidir.
Ekspertin sözlərinə görə, bu modeldə heç bir kateqoriyalaşdırma və ya sinifləndirmə aparılmır, yəni əhali qrupları arasında fərqlilik nəzərdə tutulmur.
“Tarif hər kəs üçün eyni olacaq və toplanan vəsait yalnız elektrik enerjisinin paylanmasını həyata keçirən qurumların müəyyən xərclərinin ödənilməsinə yönəldiləcək. Gözlənilir ki, gələcəkdə aztəminatlı ailələr üçün müəyyən güzəştlər nəzərdə tutulacaq. Lakin ümumilikdə qanunun mahiyyəti ondan ibarətdir ki, sinifləndirmə aparılmadan, şəbəkəyə qoşulan bütün istehlakçılara eyni sabit tarif tətbiq ediləcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az