- Siyasi müzakirə
- 29 İyul 18:13
- 3 866
Elşad Mirbəşiroğlu: ‘Sülh ehtimalı bu dəfə real və ümidvericidir

“Abu-Dabi görüşü bir daha göstərdi ki, Azərbaycanla Ermənistan arasında dialoq mühiti mövcuddur. Xatırlatmaq istərdim ki, 2023-cü ilin dekabr ayında da tərəflər arasında bir təmas formalaşmışdı. Bu ilin mart ayında isə ölkələr arasında sülh sazişinin mətninə dair razılaşma əldə olunub. Bu, olduqca müsbət haldır. Nəhayət, uzun illərdən sonra bölgədə sülhün əldə olunması ehtimalı real və ümidverici görünür. O ki qaldı regionda geosiyasi mübarizə potensialına, təəssüf ki, bu, hələ də mövcuddur. Bu, tarixən müşahidə edilən bir reallıqdır. Cənubi Qafqaz strateji baxımdan çox mühüm əhəmiyyətə malik bir regiondur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu deyib.
Qeyd edək ki, son dövrlərdə Cənubi Qafqazda baş verən hadisələr, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşməsi bölgədə yeni geosiyasi düzənin formalaşmasına təkan verir. İyulun 10-da Əbu-Dabidə iki ölkənin liderləri arasında keçirilən görüşdən sonra diplomatik ritorikada daha konstruktiv və ümidverici çalarlar müşahidə olunur. Görüşdən sonra ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 illik nəzarət təklifi və bu məsələyə dair İrəvandan səslənən bəyanatlar diqqətçəkən məqamlar sırasındadır. Bu inkişaflar, eyni zamanda, İran və Rusiyanın regiondakı maraqları və mövqeləri baxımından da mühüm təsirlərə malikdir.
Siyasi şərçi bildirib ki, Zəngəzur dəhlizi məsələsi də bu geosiyasi rəqabətin diqqət mərkəzinə düşür.
“Məsələn, İran tərəfi artıq narahatlığını ifadə edir ki, əgər bu dəhliz üzərində ABŞ nəzarəti olarsa, bu, onun maraqlarına toxuna bilər. Eyni zamanda, Rusiya da birbaşa narahatlıq bildirməsə də, ABŞ-ın bölgəyə gəlməsi onu da narahat edir. Bunu sübut etmək üçün əlavə arqumentə ehtiyac yoxdur. Bu baxımdan düşünürəm ki, bölgədə geosiyasi rəqabət ola bilər. Amma burada həlledici mövqe məhz Azərbaycanın mövqeyidir. Azərbaycanın istəyi ondan ibarətdir ki, vətəndaşlarımız, yüklər və nəqliyyat vasitələri ölkənin əsas hissəsi ilə Naxçıvan arasında sərbəst hərəkət edə bilsin və bu prosesə heç bir maneə yaradılmasın. Bizim sağlam və məntiqli mövqeyimiz budur. O ki qaldı Zəngəzur dəhlizində ABŞ-ın iştirakı məsələsinə, bu artıq Ermənistanla ABŞ arasında olan məsələdir. Əgər bu məsələdən kimlərsə – Rusiya və ya İran – narahatdırsa, bu narahatlığını Ermənistanla müzakirə etməlidir. Yəni bu halda Ermənistanın mövqeyi müzakirə predmetinə çevrilməlidir və həmin ölkələrin tələbləri də məhz Ermənistana yönəlməlidir. Azərbaycan isə regionda etibarlı, keyfiyyətli kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Ölkə Prezidenti də Qlobal Media Forumunda vurğuladı ki, Zəngəzur dəhlizi mühüm nəqliyyat layihələrinin inkişafı deməkdir”.
Siyasi şərhçi əlavə edib ki, bu layihə, eyni zamanda, region və ona yaxın coğrafiyaların inteqrasiya olunduğu geniş nəqliyyat sistemlərinin bir hissəsinə çevrilə bilər:
“Bizim yanaşmamız ondan ibarətdir ki, bu layihədən regionun bütün ölkələri faydalansın. Bu layihə sülhə, barışa və iştirakçı ölkələrin qarşılıqlı maraqlarına xidmət edən faydalı bir təşəbbüs olsun. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın mövqeyi, hər zaman olduğu kimi, qalib gələcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az