- Redaktor masası
- 29 İyul 23:25
- 5 870
İntellektual snobizm Ana dilimizə qarşı: Ədəbi dilimizin elmi funksiyasını təhdid edən mexanizmlər

1 Avqust- Azərbaycanda Ana dili və Əlifba Günü kimi qeyd olunur.
Gözəl gündür!
Bu gözəl gün münasibəti ilə öncə Ulu Öndər Heydər Əliyevi ehtiramla anır, xatirəsi qarşısında baş əyirəm.
Heydər Əliyevin dühası və iradəsi sayəsində dövlət dilimizin adının məhz “Azərbaycan dili” olaraq Konstitusiyaya daxil edilməsi və dövlət dili barədə Ana Yasa maddəsinin immunitet altına alınması bizim millətləşmə prosesimizin ən böyük nailiyyətlərindəndir. O Böyük Adamın qədrini zaman keçdikcə daha çox biləcəyik.
Azərbaycan ədəbi dilinin formalaşmasının tarixini, elmi və qrammatik müstəqillik qazanmasının şərtlərini, milli identifikasiyamızın ərsəyə gəlməsində oynadığı mühüm funksional rolu nəzərə almayanlar, yaxud nəzərə almaq istəməyənlərin pafoslu çırpıntıları əbəsdir.
Dilimiz- vətənimiz, vətənimiz-dilimizdir!
Bunu söz oynatmaq xatirinə deyil, coğrafi kimliyi milli kimliyə, milli kimliyi coğrafi kimliyə qarşı qoymaq istəyənlərin elmi baxımdan qarşısında dayana bilmədikləri ən əsas tezis kimi söyləyirəm. Millətləşmə prosesində adını dövlətlərə verən millətlər olduğu kimi, adını coğrafiyadan alanlar da mövcuddur. Milli dövlətlərin yaranması və inkişafı yalnız millət-coğrafiya birgələyində mümkün olduğu üçün yuxarıdakılardan hansı halın baş verməsindən asılı olmayaraq, coğrafiya dilə, dil coğrafiya ilə eyniləşib. Bu, modernizmin ortaya çıxardığı zərurət kimi Azərbaycan türklərinin, eləcə də Azərbaycandakı digər etnik varlıqların həm xalq, həm də vətən anlayışının mərkəzində dayanıb.
Bu gün həmin mərkəzdə ana dilimizin elmi funksionallağına nəzər salmaq istəyirəm.
Elmi fəaliyyət- mütləq həqiqəti tapmaq deyil, həqiqətə mümkün qədər yaxın olan hipotezanı qurmaq deməkdir. Elmi düşüncənin əsasında məntiq, metodoloji çeviklik və təhlil qabiliyyəti dayanır.
Akademik sistem mərhələli şəkildə fərdlərdə məhz bu keyfiyyətləri yüksəldir: ali təhsilin bakalavr pilləsində tələbə ümumi nəzəri biliklərlə tanış olur, magistr səviyyəsində daha ixtisaslaşmış və analitik düşüncə qabiliyyəti qazanır, doktoranturada isə həmin sahə üzrə konkret bir problemin tədqiqinə yönəlir.
Lakin bu inkişaf zəncirinin ən yüksək pilləsinə – doktoranturaya keçid üçün bu gün Azərbaycanda bir şərt var ki, o, getdikcə daha çox intellektual snobizmə və real elmi inkişafın ləngiməsinə səbəb olur. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi xarici dil imtahanlarını qəsd edirəm. Bu imtahanların götürülməsində DİM-in yaratdığı xeyli fəsad var, amma indi onların üzərində çox dayanmayaq.
Çünki, qənaətimə görə, Ana dili və əlifba günü keçirən bir toplumda elmi tədqiqata yönəlmək istəyən kadrlardan xarici dil tələb etmək, ümumiyyətlə, yersiz və ziyanlıdır.
10, 20 il əvvəl elmi ədəbiyyata çıxış üçün xarici dil bilməyi zəruri edən obyektiv şərtlər mövcud idi. Lakin bu gün İKT-nin və Süni İntellektin sürətli inkişafı ilə bu baryer demək olar ki, aradan qalxıb. Google Translate, DeepL, ChatGPT, yaxud digər sinxron tərcümə alətləri ilə tədqiqatçı istənilən mənbəyə saniyələr içində çıxış əldə edə bilir. Hətta bu gün çeşidli konfranslara qatılanlar ağıllı cihazların sinxron tərcümə xidmətindən istifadə edir, istənilən dildə təqdimatları anlayır, sual verə bilir, müzakirələrə qoşulurlar. Başqa sözlə desək, xarici dil, həm də biri yox, onlarcası, yüzlərcəsi artıq beynimizdə yox, əlimizdədir. Samballı tədqiqat aparmaq üçünsə beyin lazım, mənbələrlə işləmək, sistemləşdirmək, təhlil etmək, yeniliklər yaratmaq bacarığı vacib. Artıq toplu şəkildə əlimizdə olan xarici dilllər bu baxımdan heç bir tədqiqata dəyər qatmır. O, elmi sübut prosesində iştirak etmir!
Odur ki, 1 Avqust bizə belə bir sualı verir: ana dilimiz yalnız gündəlik ünsiyyət, poeziya və siyasət dili olmalıdır, yoxsa elmi düşüncənin daşıyıcısı kimi inkişaf etməlidir?
Cavab birmənalıdır: Azərbaycan ədəbi dili istənilən elmi ideyanı ifadə etməyə qadirdir. Bugün bu dildə yazılmış fəlsəfi məqalələr, tarix araşdırmaları, iqtisadi təhlillər və hətta dəqiq elmlərə aid dərsliklər göstərir ki, dilimizin elmi funksionallığı kifayət qədər yüksəkdir. Problem dilin özü ilə deyil, ona qarşı göstərilən etimadsızlıqla və postkolonial psixologiyadan doğan ikinci dərəcəli münasibətlə bağlıdır. Bu, sindrom cəmiyyətimizdə rus dilinə, fransız dilinə, alman dilinə, ingilis dilinə, hətta Türkiyə türkcəsinə münasibətdə də özünü kəskin biruzə verir. Hətta bəzən ehkam da kəsilir: “İngilis dili bilmirsənsə, elmdən danışma”!
Bu fikir elmi fəaliyyətin mahiyyətini dildən asılı hala gətirməklə, intellektual nomenklaturaçılığı təşviq edir. Elm azad düşüncə aktıdır, orada ideyanın dəyərini onun hansı dildə söylənilməsi ölçülmür. Fəqət milli, müstəqil və tərəqqi yolunda inamla irəliləyən bir dövlətin vətəndaşıyıqsa, ideyalar bizim ana dilimizdə formalaşmalı və təqdim olunmalıdır. Nədən Avropanın hər hansı bir ölkəsində universitetlər doktorantura təhsili üçün öz vətəndaşlarından xarici dil biliyi tələb etmirlər? Çünki bu tələbin intellektual diskriminasiyaya səbəb olacağını bilir, öz rəsmi dövlət dillərində elmi dataların çoxalmasına çalışırlar. Odur ki, Azərbaycan da bu təcrübədən çıxış etməlidir. Daha açıq ifadə etsəm, doktoranturaya qəbulda, o cümlədən dissertasiya müdafiəsinə buraxılışda xarici dil şərti ləğv olunmalıdır.
Niyəsini sadalayıram.
Əvvəla, dil bilikləri elmi bacarıqları əvəz etmir: Yaxşı tədqiqatçı olmaq üçün əsas bacarıqlar – metodoloji hazırlıq, tənqidi düşüncə, analitik qabiliyyət – xarici dildən asılı deyil.
İkincisi, yuxarıda dediyim kimi, texnologiya bu boşluğu doldurub: Süni İntellekt və tərcümə texnologiyaları vasitəsilə istənilən resursdan istifadə etmək mümkündür.
Üçüncüsü, imtahanları keçirən DİM öz ağırlaşdırılmış şərtləri ilə İntellektual kapitalı boğur: Xarici dil imtahanı bəzən yüksək elmi potensialı olan, lakin texniki dil bilikləri zəif olan şəxslərin sistemdən uzaqlaşdırılmasına səbəb olur.
Dördüncü, regiondan gələn istedadlara, aztəminatlı ailələrdə yetişən tələbələrə baryer yaradır: Urbanizasiyanın bu şəkildə əngəllənməsi əyalətlərin mərkəzi intellektual kadrlarla təmin etməsinin qarşısını almaqla millətləşmə prosesinə zərbə endirir.
Beşincisi, nə qədər acı olsa da, deməliyik: ana dilində elmə etimadsızlıq doğurur. Əgər ingilis, yaxud başqa bir dil bilmədən elmdən, təhsildən danışmaq olmazsa, o zaman Azərbaycan ədəbi dilinin elmi funksiyası sıfırlanmış vəziyyətə düşür.
Sonda bir məsələni də məxsusi olaraq vurğulayım.
Azərbaycan dilinin gələcəyi də qalan bütün dillər kimi Süni İntellektə inteqrasiyadan asılıdır. Qarşımızda dayanan ən vacib məsələ Çingiz Abdullayevin, yaxud Elmar Məmmədyarovun Azərbaycan dilində nə qədər yaxşı danışması yox, Süni İntellektin nə qədər Azərbaycanca düşünməsidir. Azərbaycanlı düşüncəsini ana dilimiz vasitəsi ilə Süni İntellektə daşımaq üçün formalizmdən və snobizmdən imtina edib çoxsayda data- elmi, publisistik, texnoloji məzmun yaratmalıyıq.
Taleh Şahsuvarlı