- Redaktor masası
- 25 İyul 19:15
- 6 821
Kreml Qusmana niyə nifrət qusdu? - ŞƏRH

Rusiya dövlət informasiya agentliyi- TASS-ın baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusman gözlənilmədən vəzifəsindən azad edilib. Bu qərar mediada və ekspert dairələrində geniş rezonans doğurub. Qusman özü isə Azərbaycan mediasının suallarına təfsilatlı açıqlama vermədən "“hava limanına tələsirəm” deyib. Onun suallardan yayınması, hadisənin sıradan kadr dəyişikliyi olmadığını düşünənlərin qənaətini daha da gücləndirib.
Xüsusi diqqət ona yönəlib ki, təcrübəli və tanınmış jurnalist Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumuna qatılmış, tədbirin diqqətçəkən isimlərindən olmuşdu. Ona görə də ehtimal edilir ki, Qusmanın bu tədbirdə Azərbaycanla bağlı konstruktiv mövqe tutması, Prezident İlham Əliyevə qarşı səmimi münasibətini bir daha ifadə etməsi Rusiyanın bəzi hərbi və siyasi dairələrində qıcıq yaradıb. Qusmanın vəzifədən azad edilməsi məhz bu kontekstdə siyasi mesaj kimi qiymətləndirilir.
Mixail Qusman 1950-ci ildə Bakıda anadan olub. Atası Böyük Vətən Müharibəsi veteranı, hərbi həkim, anası isə Azərbaycan Xarici Dillər İnstitutunun professoru idi. O, Azərbaycanda və SSRİ-də siyasi və informasiya strukturlarında uzun illər fəaliyyət göstərmiş, 1999-cu ildən TASS agentliyində yüksək vəzifə tutmuşdur. Onun Azərbaycan və Rusiya arasında əlaqələrdəki rolunu “körpü” kimi təsvir etmək olar. Bakılı Qusman post-sovet məkanında medianın nüfuzlu simalarından olmaqla yanaşı, həm də xalq diplomatiyasının əsas fiqurlarından idi. Təsadüfi deyil ki, o, Rusiya ilə yanaşı Azərbaycan Respublikasında da bir çox nüfuzlu orden və medallarla təltif olunmuşdu.
Elə bütün bunları yada salan Azərbaycanın ekspert dairələri Qusmanın Şuşa Forumunda iştirakı ilə vəzifədən azad olunması arasında əlaqə görürlər. Heç şübhəsiz, bu forum Azərbaycanın regional informasiya siyasətində yeni bir mərhələdir və Qusmanın burada görünməsi Kremlin müəyyən dairələrində narazılıq doğurub. Bu addım Rusiyanın Azərbaycana qarşı informasiya təsirini sərtləşdirmək və normallaşma diskursunu zəiflətmək niyyəti kimi qəbul edilir. Bu qərar sıradan kadr dəyişimindən daha çox siyasi və ideoloji mesajlar ehtiva edir.
Birincisi, Kremlin informasiya məkanında əsas prioritet tam loyalıq və mərkəzdən gələn tapşırıqlara əməl edilməsidir. Qusman kimi Azərbaycanla bağlı ədalətli və konstruktiv yanaşma nümayiş etdirən media fiqurlarına Kreml öz mediasistemində artıq yer görmür. Kremlin tələbi budur ki, bütün media emissarları yalnız rəsmi Kremlin siyasi xəttini təbliğ etsin, onun narrativlərinə xidmət etsin. Bu, o deməkdir ki, regional və milli məsələlərdə balanslı mövqe tutmaq, azacıq müstəqil ritorika göstərmək belə, mərkəzi hakimiyyətin “media" anlayışına ziddir.
İkincisi, Qusmanın kənarlaşdırılması Rusiyanın Azərbaycana qarşı sərt informasiya kursuna keçdiyinin göstəricisidir. Qusman kimi cəmiyyətlər arasında bir növ körpü rolunu oynayan şəxslərin işdən uzaqlaşdırılması Kremlin Azərbaycana qarşı informasiya savaşını genişləndirmək istədiyini göstərir. Bu, Rusiyanın regiondakı dominantlığını möhkəmləndirmək məqsədindən doğan aqressiv addımdır.
Nəhayət, bu dəyişiklik Kremlin daha sözəbaxan, imperiya xiffəti çəkən və manipulyativ kadrlar vasitəsilə yeni diskurs formalaşdırmaq niyyətini üzə çıxarır. Deməli, Azərbaycanın regional liderliyinə qarşı Kremldən yeni həmlələr gözləyə bilərik.
Nəticə etibarı ilə, bütün bunlar Azərbaycana xəbərdarlıqdır: informasiya mübarizəsində vəziyyət gərginləşir. Kremlin media maşını üzərimizə daha total şəkildə hücum edəcək, aqressiv və kinli olacaq. Azərbaycan cavab olaraq öz informasiya təhlükəsizliyini möhkəmləndirmək və beynəlxalq media müstəvisində daha aktiv olmaq məcburiyyətindədir.
Qusman Azərbaycanda doğulmasına, xalqımıza, dövlətimizə və prezidentimizə hörmətlə yanaşmasına, Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmasına baxmayaraq, Rusiya dövlətinə xidmət edirdi. Onun bu şəkildə işdən uzaqlaşdırılması Rusiyanın şəxsiyyətlərə dəyər vermədiyini bir daha ortaya qoydu.
Zeynal ABDİN,
AzNews.az