- Redaktor masası
- 24 İyul 14:56
- 7 537
DİM-in böhranı: Magistraturadan minlərlə kəsilən var, amma plan yerləri boş qalıb - ŞƏRH

Bu il magistraturaya qəbul imtahanlarının nəticələri yenidən bir paradoksu üzə çıxardı: Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 16848 plan yerinin 79.81%-i dolub.
16848 plan yerindən 3 mindən çoxu boş qaldı. Eyni zamanda minlərlə tələbə də Məleykə Abbaszadənin təşkil etdiyi test imtahanlarından kəsildi. Buradakı uyğunsuzluq DİM-in illərlə davam edən sistem problemidir. Çünki əgər həm boş yerlər qalırsa, həm də qəbul olunmayan tələbələr varsa, deməli, sistem "error" verib və məqsədindən uzaqlaşıb. Hər iki halda problem texniki yox, struktural mahiyyət daşıyır.
Dövlət İmtahan Mərkəzi özünü illərdir bu prosesin "texniki icraçısı" kimi təqdim etsə də, əslində elə sistemi dizayn edən, meyarları müəyyən edən, nəticələri formalaşdıran da elə DİM-in özüdür. Onun qurduğu mexanizm Azərbaycanda elmin və təhsilin inkişafı qarşısında ən böyük əngələ çevrilib, sosial bərabərsizliyi genişləndirən anti-rifah sisteminə dönüb. İmtahanların məzmunu, keçid balları, ixtisas qruplarının tərkibi, mərhələlərin quruluşu- bütün bu şərtlər DİM-in müəyyən etdiyi çərçivədə formalaşır. Bu çoxsaylı çərçivə və cəmiyyətin, cəmiyyətin ən aktiv kəsimi olan gənclərin yüklənməsi, usandırılması, toplumdan qoparılması isə qıcıq, narazılıq və gələcək adına problemlər yaradır.
Məsələn, magistraturaya qəbul üçün informatika fənnindən imtahan vermək gərəkdir. Rəqəmsal dövrdə yaşayan gənclər bu sahədə gündəlik bacarığa malikdirlər. Onlar kompüter sistemləri ilə işləməyi, müxtəlif platformalarda layihə təqdim etməyi, çeşidli proqramları sərbəst qullanmağı Məleykə Abbaszadə başda olmaqla çoxundan yaxşı bacarırlar. Amma DİM onlara informatika suallarını hələ də kağız üzərində verir. Təsəvvür edirsiniz, kompüterlə işləmək bacarığını yoxlamaq istədiyiniz məzuna kodlaşdırma dili, ikilik sistemlər, mətn formatlama, printer əmrləri və s. suallara kağız üzərində cavab almaq istəyirsiniz.
Digər problem- məntiq fənnidir. İmtahanın ilk mərhələsində məntiq testləri əsas yükü təşkil edir. Lakin ali məktəblərdə bu fənn heç ümumi tədris sistemində yer almır. Ya heç tədris olunmur, ya da seçmə fənn kimi keçirilir. Belə olduğu halda tələbədən necə məntiq üzrə yüksək nəticə gözlənilə bilər? Bu, elə bil riyaziyyat keçilməyən fakültədən ali riyaziyyat imtahanı almağa bənzəyir.
DİM-in sisteminin əsas qüsurlarından biri də seçim azadlığının məhdudlaşdırılmasıdır. Müxtəlif ixtisas qruplarının tərkibi elə müəyyən olunur ki, tələbə bəzən öz profilinə uyğun fakültəni seçə bilmir. Seçim azadlığı formal şəkildə təqdim olunur, amma daxili mexanizmlər və məhdudiyyətlər bu azadlığı praktik olaraq bloklayır. Nəticədə tələbə üçün seçim "var", amma "alternativ" yoxdur.
Bütün bu uyğunsuzluqların nəticəsində yüzlərlə namizəd sistemdən kənarda qalır, amma plan yerləri dolmur. Nəticədə, Azərbaycan təhsili böhrana yuvarlanır. Təhsil sistemi düşünməli olduğu halda, hələ də ölçür. Məleykə Abbaszadə ölçür, ölçür, ölçür və axırda da elmin, təhsilin başına qamış ölçür.
Təcrübə tələb olunduğu halda, nəzəriyyə tələb olunur. Seçimə ehtiyac duyulduğu halda, məhdudiyyətlər diktə olunur. Əgər yerlər boşdur, amma tələbələr kənardadırsa, bunu nə dərk etmək, nə də etiraf etmək çətin olmamıdır- sistem yanlışdır! Bu yanlışlıqlar dərhal düzəltmədən, gənclərin yolunu açmadan təhsilin inkişafından danışmaq mümkünsüzdür. Odur ki, Dövlət İmtahan Mərkəzi yaranmış vəziyyətə operativ reaksiya verməli və boş qalan magistratura plan yerlərinin doldurulması üçün əlavə müsabiqə elan etməlidir. Bu, həm dövlət sifarişlərinin reallaşması, həm də yüzlərlə namizədin haqlarının təmin olunması baxımından vacib addımdır. Əgər minlərlə plan yeri boş qalıbsa, keçid balını toplamış, lakin seçim mərhələsində yer tutmamış abituriyentlər üçün yeni şans yaradılmalıdır. Bu addım yalnız təhsil resurslarının səmərəli istifadəsini deyil, həm də ictimai ədalət prinsipinin qorunmasını təmin edər. Bu səbəbdən DİM prosesi yekunlaşdırmaq əvəzinə, onun açıq qalan hissəsini tamamlamalı, yeni müsabiqə ilə plan yerlərini dolmağa çalışmalıdır. Əks halda, həm dövlət sifarişi boşa çıxacaq, həm də gənclərin inamı daha da sarsılacaq.
Zeynal ABDİN,
AzNews.az