- Müşahidə məntəqəsi
- 25 İyul 18:34
- 4 205
Ekspert: “Təqaüd artımı həm maddi dəstək, həm keyfiyyət təşviqidir”
.jpg)
“Prezidentin imzaladığı sərəncama əsasən, təhsil müəssisələrində fəaliyyət göstərən elmlər namizədləri, eləcə də tələbələrin təqaüdlərində artım müşahidə olunub. Bu artım tələbələrin gündəlik xərclərini ödəməyə kifayət edirmi? Beynəlxalq təcrübəyə baxdıqda məlum olur ki, dünyanın əksər ölkələrində verilən təqaüdlər tələbələrin bütün xərclərini tam şəkildə qarşılamır. Təqaüdün əsas məqsədi tələbənin bütün ehtiyaclarını ödəmək yox, onun müəyyən səviyyədə maddi ehtiyaclarını qarşılamağa dəstək olmaqdır. Məsələn, Bakıda təhsil alan, bölgələrdən gəlmiş bir tələbənin ay ərzində 500–600 manat xərclədiyini nəzərə alsaq, bu xərclərin müəyyən bir hissəsinin dövlət tərəfindən təqaüd formasında qarşılanması mühüm dəstək hesab oluna bilər. Əlbəttə, burada akademik göstəricilər də nəzərə alınır. Yaxşı oxuyan, yüksək nəticələr göstərən tələbələr daha yüksək təqaüd alırlar. Orta göstəricili tələbələrin təqaüdləri nisbətən aşağı, zəif göstəricili tələbələrin isə daha az olur. Bu, həm bakalavr, həm də magistr səviyyəsində fərqli məbləğlərlə təzahür edir. Yəni təqaüdün məbləği birbaşa tələbənin akademik göstəricilərindən asılıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, doktorantlar, ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.
Ekspert qeyd edib ki, tələbə dərslərinə ciddi yanaşmalı, imtahanlara məsuliyyətlə hazırlaşmalı və yüksək nəticə göstərməlidir.
“Bu, ona yalnız biliyini artırmaq deyil, həm də daha yüksək təqaüd almaq imkanı qazandırır. Məsələn, 160 manatlıq təqaüd tələbənin nəqliyyat və gündəlik xərclərinin azı üçdə birini qarşılayır. Bu da əhəmiyyətli dəstəkdir. Təbii ki, bu məbləğ çox deyil, amma artımın özü təqdirəlayiqdir. Bu dövlətin təhsilə verdiyi dəyərin göstəricisidir. Həm müəllimlərin, həm də tələbələrin təqaüdlərinin artırılması dövlətin təhsilə və insan kapitalına diqqətini nümayiş etdirir. Digər tərəfdən, bu artım tələbələri daha yaxşı oxumağa təşviq edir. Yəni yüksək təqaüd almaq üçün tələbə mütləq yüksək nəticə göstərməlidir. Bu da rəqabət və keyfiyyət baxımından təhsilin səviyyəsini yüksəldir. Qeyd edim ki, Azərbaycanda müxtəlif növ təqaüdlər mövcuddur. Dövlət proqramı çərçivəsində verilən təqaüdlər tam fərqli məbləğlərdə olur. Beynəlxalq təqaüd proqramları da var və onlar da müxtəlif meyarlara əsaslanır. Məsələn, beynəlxalq olimpiada və imtahanlarda uğur qazanan tələbələr daha yüksək təqaüdlərlə təmin edilə bilərlər. Dövlət proqramı çərçivəsində isə təqaüdlər yalnız aylıq ödənişlərlə məhdudlaşmır. Orada illik olaraq 25-30 min manata qədər maliyyə dəstəyi göstərilə bilər. Bu isə illik təhsil, yaşayış və digər xərclərin əhəmiyyətli hissəsini əhatə edir. Nəticə olaraq, əsas məqsəd tələbəni daha çox oxumağa, savadlı və hazırlıqlı kadr kimi yetişməyə sövq etməkdir. Yüksək nəticə göstərən tələbə həm akademik uğur qazanır, həm də daha yüksək təqaüd alma imkanı əldə edir. Bu da son nəticədə dövlətin gələcəyi üçün keyfiyyətli kadrların formalaşmasına töhfə verir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az