- Yazarlar
- 13:46
- 3 391
Azərbaycan mətbuatının 150 illiyi: ənənələr, çağırışlar, perspektivlər

Bütün dövrlərdə həqiqətin, azadlığın və müstəqilliyin carçısı olmuş milli mətbuat cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqın maariflənməsi, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda ana dilində nəşr olunan ilk milli qəzet - 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim, publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılmışdır. 1877-ci ilin 29 sentyabrına qədər fəaliyyət göstərən “Əkinçi” ayda iki dəfə, 300-400 tirajla çap olunmuş və ümumilikdə 56 sayı işıq üzü görmüşdür. Azərbaycan milli mətbuatının formalaşması və inkişafında “Əkinçi”nin əvəzsiz rolu olmuşdur. Maarifçilik hərəkatının əsas tribunasına çevrilmiş bu qəzetin başlıca məqsədi dini fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə və tərəqqiyə çağırmaq idi. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik dərslərini biz məhz milli mətbuatımızın səhifələrindən öyrənmişik. “Əkinçi”nin açdığı yolla davam edən “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Açıq Söz”, “Şəlalə” kimi qəzet və jurnallarımız xalqımızın milli özünüdərkinin formalaşmasına və cəmiyyətin tərəqqisinə xidmət etmişdir.
Milli mətbuatımızın müasir inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan mətbuatının inkişaf tarixində də yeni bir mərhələ açmışdır. Ümummilli Liderin 1998-ci il 6 avqust tarixində imzaladığı fərmanla Azərbaycanda dövlət senzurası ləğv olunmuş, bununla da ölkədə söz və mətbuat azadlığının təmin olunması yolunda əsaslı addım atılmışdır. Həmin dövrdən başlayaraq mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin təmin edilməsi, jurnalistlərin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mətbuatla dövlət arasında sağlam münasibətlərə əsaslanan mütərəqqi ənənələr formalaşmışdır. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mətbuat cəmiyyətlə dövlət arasında bir körpüyə çevrilmişdi. Milli Mətbuat Gününün ümumxalq bayramı kimi qeyd edilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, 22 iyul 1991-ci ildən etibarən bu tarix Azərbaycanda Milli Mətbuat Günü kimi rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı həmin gündən etibarən milli mətbuatın yaranmasını ictimai-mədəni həyatımızın mühüm hadisəsi və bayramı kimi qeyd etməkdədir.
“Əkinçi”nin maarifçi ənənələrini və ideyalarını Azərbaycan mətbuatı yaşadaraq inkişaf etmiş, informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq çap mediası ilə yanaşı, elektron və internet mediası da sürətlə inkişaf etmişdir. Müasir dövrdə informasiya texnologiyalarının yüksəlməsi Azərbaycan mətbuatını qlobal informasiya məkanının ayrılmaz tərkib hissəsinə çevirmişdir. Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı uğurla davam etdirilir. Milli mətbuatın ildönümlərinin ölkədə geniş qeyd olunması, KİV-lərə maliyyə yardımlarının göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və media işçilərinə qayğının tərkib hissəsidir. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əyani təzahürüdür. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Raşılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir. Prezident İlham Əliyevin tapşırığı ilə media sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparıldı. “Media haqqında” yeni Qanun qəbul olundu. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.
Fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Birinci və ikinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin əvəzolunmaz fəaliyyəti danılmazdır. Onların peşəkarlığı, fədakarlığı və çevikliyi sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar dolğun məlumatlar çatdırıldı. Belə ki, Müharibə dövründə mediamız əsl vətənpərvərlik, birlik, həmrəylik nümunəsi ortaya qoyub. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunaraq dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab prezident İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıblar. Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan reallıqlarının təbliğində mühüm platformadır. 2023-cü ildə Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Ötən il keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu Forum bir ənənəyə çevrilsin və gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir. İldən-ilə Forumun iştirakçılarının sayında artım tədbirin əhəmiyyətini və önəmini açıqlayır. Qeyd edək ki, ötən il 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu Foruma qatıldı.
Hər dövrün öz çağırışları və hədəfləri mövcuddur. Müasir dövr isə Azərbaycan mediası qarşısında yeni məqsədlər və vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında aktiv iştirak, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, süni intellektin imkanlarından istifadə, media savadlılığının artırılması, dezinformasiya və saxta xəbərlərlə mübarizə, eləcə də effektiv kommunikasiya əlaqələrinin qurulması — bütün bunlar müasir Azərbaycan mediasının inkişaf perspektivini müəyyənləşdirən əsas istiqamətlərdəndir. Zaman dəyişsə də, ali məqsədlər eyni olaraq qalır. Maarifçi ziyalılarımızın miras qoyduğu ədalət, obyektivlik və şəffaflıq prinsipləri bu gün də Azərbaycan mediası tərəfindən qürurla yaşadılır. Əminik ki, zamanın sınaqlarından şərəflə çıxan Azərbaycan mətbuatı, böyük maarifçi, alim və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuat ənənələrinə sadiq qalmaqla, müasir informasiya tendensiyalarını nəzərə alaraq, daim dövlətimizin və xalqımızın maraqlarını uca tutacaq, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsi və ictimaiyyətin operativ şəkildə məlumatlandırılması sahəsində daha da fəal olacaqdır.
Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini, bütün media mənsublarını təbrik edir, bu məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!
Samirə Hüseynova