Şuşadan dünyaya çağırış

Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın Qələbəsinin rəmzi və tarixi Şuşa Bəyannaməsinin imzalandığı əzəmətli Şuşa şəhərində III Şuşa Qlobal Media Forumunun keçirilməsi dünya ictimaiyyətinin diqqətini bir daha Qarabağa, işğaldan azad olunmuş torpaqlara yönəltdi. 2025-ci il 19–21 iyul tarixlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş Forum 52 ölkədən 140-a yaxın media nümayəndəsini bir araya topladı. Forumda 30-dan çox nüfuzlu beynəlxalq xəbər agentliyinin, yeddi beynəlxalq təşkilatın, 80 media qurumunun və müvafiq dövlət strukturlarının təmsilçiləri iştirak etdilər. Forum iştirakçıları Şuşada təkcə erməni vandalizminin acı izlərinin deyil, həm də Azərbaycanın qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin canlı şahidi oldular. Bu, Azərbaycanın dövlət gücünün, siyasi iradəsinin və iqtisadi potensialının bariz göstəricisi olmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə sabit və təhlükəsiz tərəfdaş kimi qəbul olunmasını daha da möhkəmləndirdi. Nəticə etibarilə, Azərbaycanla əməkdaşlıq etmək və işğaldan azad olunmuş ərazilərə sərmayə yatırmaq istəyənlərin coğrafiyası sürətlə genişlənir, ölkəmizin beynəlxalq mövqeləri daha da güclənir.Bütün sahələrdə olduğu kimi informasiya sahəsində də Azərbaycan öz sözünü deməyi bacarır İnformasiya təhlükəsizliyinin təmin olunmasında Şuşa III Qlobal Media Formunun əhəmiyyəti böyükdür. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb. Prezident çıxışında sürətlə inkişaf edən texnologiyalar fonunda ölkələrin bu prosesə adekvat yanaşma nümayiş etdirməsinin vacibliyini qeyd edib. O, xüsusilə süni intellektin müxtəlif sahələrdə, o cümlədən media sektorunda oynadığı artan rola diqqət çəkərək, bu tendensiyanın informasiya istehsalı və yayımı proseslərini köklü şəkildə dəyişdirdiyini bildirib.

Forumun əsas məqsədlərindən biri – rəqəmsal transformasiyanın media sektoruna təsirini dəyərləndirmək, yeni texnologiyaların məzmunun yaradılması və yayımındakı rolunu təhlil etmək, həmçinin saxta xəbərlərin artdığı bir dövrdə media savadlılığının əhəmiyyətini ön plana çəkməkdir. Forum çərçivəsində ölkə başçısı cənab İlham Əliyev media nümayəndələrinin suallarını cavablandıraraq bildirib ki : “Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb və bu ənənə davam edəcək”. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

Azərbaycan Prezidenti İlham Əliyev Forumda dərinməzmunlu çıxış edərək bir çox məsələlərə toxunub o cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Zəngəzur dəhlizi ilə bağlı verilən suala cavab olaraq Cənab Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizi sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq. Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır.

Cənab İlham Əliyev sistemli şəkildə həyata keçiriləcək qayıdış prosesindən geniş bəhs edərək bu reallığı xüsusi qeyd etdi ki, bizim peşəkar kadrlarımız, eyni zamanda, təcrübəmiz var. Doğrudan da görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir - qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik, bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, bu qədər elektrik enerjisi lazım olsun. Ağdam-Xankəndi-Şuşa yolunda 7 tunel inşa edilib. Tunellərin ümumi uzunluğu 80 kilometrdir. Ən uzun tunel yəqin ki, növbəti iki-üç ayda hazır olacaq. Murov dağının altındakı tunelin uzunluğu, - təkcə bir tunelin uzunluğu, - 11 min 700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib. İndi Ağdama qatarla rahat getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməlini mən bu yaxınlarda qoymuşam. Xankəndi-Şuşa kanat yolunun da tikintisi yəqin ki, yaxın zamanlarda başlayacaq və çox mənzərəli bir vasitə olacaq. Eyni zamanda, bunun funksional tərəfi də çox önəmlidir - hər yerdə inşaat-quruculuq işləri, xəstəxanalar, evlər, yaşayış binaları. Xocalı rayonunun iki kəndinə insanlar qayıdıb. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. “Böyük Qayıdış” Proqramı artıq reallaşıb.

Dövlət başçısı İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi dolğun, əsaslandırılmış və diplomatik cavabları Azərbaycanın həm daxili siyasətində, həm də beynəlxalq informasiya mühitində etimad doğuran mühüm siyasi hadisə kimi yadda qaldı. Bu çıxışlar Azərbaycan dövlətinin açıq dialoqa, şəffaf siyasətə və qlobal media ictimaiyyəti ilə səmimi əməkdaşlığa hazır olduğunu bir daha nümayiş etdirdi. Bir sözlə, III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan təkcə regional məsələlərin deyil, beynəlxalq əhəmiyyətli problemlərin də müzakirəsi və həllində fəal rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal arenada öz mövqeyini daha da möhkəmləndirir, sülhə, təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrlə seçilən etibarlı tərəfdaş kimi çıxış edir.

Samirə Hüseynova