Fətullah Gülənin mirzələri Türkiyə səfirliyinin tədbirlərində yuxarı başda əyləşdirilir

Azərbaycanda uzun illərdir media sahəsində fəaliyyət göstərən, dövlət müstəqilliyinə sədaqəti və prinsipial mövqeyi ilə tanınan jurnalist Taleh Şahsuvarlı Türkiyənin Bakıdakı səfirliyinə və rəsmi Ankara dairələrinə kəskin suallarla müraciət edib. O, sosial şəbəkədə paylaşdığı statusda öz mövqeyini bir daha qətiyyətlə ortaya qoyub:

“1995-ci ildən – yəni 18 yaşım tamam olan ildən mediadayam. Səhvlərim, düzlərimlə birlikdə bütün şüurlu fəaliyyətimi Azərbaycanın dövlət müstəqilliyinə həsr etmişəm. Azərbaycan Respublikasının xalqından və dövlətindən başqa heç bir xarici qüvvəyə zərrənin zərrəsi qədər mənəvi, ideoloji və maddi bağlılığım yoxdur! AZƏRBAYCAN RESPUBLİKASINA XİDMƏT EDİRƏM!”

Bu qəti mövqe ilə yanaşı, Taleh Şahsuvarlı xüsusilə FETÖ-nün Azərbaycandakı fəaliyyətlərinə qarşı illərlə apardığı mübarizədən danışıb və həmin təşkilatın təsirlərinə hələ də bəzi dairələrdə rast gəlindiyini qeyd edib. Onun fikrincə, bu təsirin ən bariz nümunələrindən biri Türkiyənin Azərbaycandakı səfirliyində müşahidə olunur:

“Qardaş Türkiyə üçün ürəyim yanır. Bir millət və iki dövlətik – bu, aksiomadır! Qardaş Türkiyənin Azərbaycandakı səfirliyində yuva salan Fətullah Gülən simpatizanları təmizlənməlidir. T.C. Bakü Büyükelçiliyinə bir daha sual verirəm: Cəhənnəmə vasil olmuş Fətullah Gülənin rəsmi saytında məqalələri yer alan isimləri kimlər, niyə, nə üçün keçirdiyiniz "Fətullah Gülen darbesine karşı" tədbirə dəvət etmişdi?”

Şahsuvarlı birbaşa olaraq Türkiyə Prezidentinə, eləcə də dövlətin müvafiq orqanlarına çağırış edir:

“Türkiyə prezidenti Recep Tayyip Erdoğana bir daha müraciət edirəm ki, bu məsələni araşdırsınlar. İbrahim Kalın, bu məsələni araşdırın, xahiş edirəm! Azərbaycanda FETÖ şəbəkəsinə qarşı illərlə mübarizə aparanlar deyil, FETÖ-yə xidmət edənlər səfirliyinizin tədbirində yuxarı başda əyləşdirilir.”

Jurnalist bir neçə il əvvəl səfirlikdə keçirilən görüşlərdən birini də xatırladır. Onun sözlərinə görə, həmin görüşlərdə sədaqətli və prinsipial imzalar dəvət olunsa da, bu addım yalnız Ankaraya təqdimat məqsədi daşıyırdı:

“Fətullah Gülənin çevriliş cəhdindən sonra Türkiyə səfirliyi bir neçə siyasi analitiki, köşə yazarını görüşə dəvət etmişdi. Elxan Şahinoğlu Allah şahididir – yanaşı oturmuşduq. Əlimi iştirakçılara uzadaraq dedim: ‘Siz bizi belə dəqiq tanıyırdınızsa, illər boyu nədən bir dəfə hər hansı tədbirə dəvət etmədiniz?’ Səfirlikdən hansısa nümayəndə cavabında boş-boş danışdı. Təkrar dedim ki, gəlin bir-birimizi aldatmayaq, bu tədbir Ankaraya özünüzü təqdim etmək üçündür. Bu səfirlikdəki bir çoxlarının məhz FETÖ-ya qarşı çıxmağımıza görə bizdən xoşu gəlmir.”

Taleh Şahsuvarlının sözlərinə görə, FETÖ-nün ideoloji fəaliyyəti ilə Rusiya Prezidenti Vladimir Putinin işğalçı ideologiyası arasında oxşarlıqlar mövcuddur. Bu isə artıq təkcə məzhəbçi bir şəbəkə ilə deyil, Azərbaycanın milli ideoloji bütövlüyünə qarşı yönəlmiş qlobal bir savaşla üz-üzə olduğumuzu göstərir:

“Putinin Ukraynanın işğalından əvvəl Kremlin saytında yazdığı məqaləyə baxın və bir də Fətullah Gülən tör-töküntülərinin Azərbaycan dilinə, Azərbaycan tarixinə, Azərbaycan qayəsinə münasibətini təhlil edin. Tezislər bu qədər oxşadırsa, deməli Azərbaycana qarşı ideoloji bir savaş var. Savaşdırsa, savaşdayam!”

Sonda Taleh Şahsuvarlı bu günlərdə Bakıdakı Türkiyə səfirliyində baş tutan və guya FETÖ-yə qarşı anım tədbiri adı ilə təşkil olunmuş tədbirdə məhz FETÖ tərəfdarlarının ön sıraya çəkildiyini vurğulayaraq sual edir: bu tədbirin arxasında dayanan ideoloji və siyasi məntiq nədən ibarətdir və bu məsuliyyəti kim daşıyır?

“Bu gün qardaş Türkiyənin Bakıdakı səfirliyi Fətullah Gülənin çevriliş cəhdinə qarşı anım tədbiri keçirib və orada... Fətullah Gülənin rəsmi saytında məqalələri olanlar ön sırada əyləşdirilib! Arxasını Recep Tayyip Erdoğan, Devlet Bahçeli, T.C. Dışişleri Bakanlığı və bizim Azərbaycan Xarici İşlər Nazirliyi düşünsün!”

AzNews.az