- Redaktor masası
- 20:08
- 2 697
Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxışı, jurnalistlərin suallarına cavabları dünya mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin materialında Prezident İlham Əliyevin AZAL aviaşirkətinə məxsus təyyarənin Rusiya səmasında vurulması, bu insidentlə bağlı qarşı tərəfin hələ də heç bir məntiqli açıqlama verməməsi fikirləri yer alıb. Qeyd olunub ki, Azərbaycan dövlətinin başçısı Moskvanın həlak olanların ailələrinə və yaralanan şəxslərə, həmçinin AZAL-ın təyyarəsinə görə təzminat ödəməsi tələbini irəli sürüb. Agentlik dövlətimizin başçısının sözlərini sitat gətirir: “Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.
İtaliyanın “Agenzia Nova” xəbər portalının yaydığı materialda Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına verdiyi ətraflı cavablar diqqət mərkəzində saxlanılıb.
Yazıda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən sitatlar gətirilib: “Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq”.
Materialda, eyni zamanda, Azərbaycan Prezidentinin sülh müqaviləsinin Ermənistan konstitusiyasına dəyişiklik edilən və ATƏT-in Minsk qrupunun buraxılan kimi imzalana biləcəyini vurğuladığı qeyd olunub.
İspaniyanın geniş oxucu kütləsinə malik “Europapress”, “Democrata”, Teleprensa”, “Upday” mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərinə geniş yer ayrılıb. İspan mediası diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısı ölkəsinin Ermənistan ilə sülhə yaxın olduğunu bildirib, amma İrəvanın bu prosesdə daha konstruktiv rol oynamasının, eyni zamanda, kommunikasiyaların açılması istiqamətində müsbət addımlar atmasının zəruriliyini vurğulayıb.
Qardaş Türkiyənin aparıcı xəbər agentlikləri, telekanalları, xəbər saytları və qəzetləri də Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışını geniş işıqlandırıb.
Rəsmi Anadolu agentliyinin geniş materialında qeyd olunur ki, tədbirdə Azərbaycanın dövlət başçısı Ermənistanla münasibətlərin normallaşdırılması perspektivləri, regional kommunikasiyaların açılması, AZAL-ın təyyarəsi ilə bağlı insident, Ukraynadakı müharibə və digər mühüm məsələlərə toxunub.
Türkiyənin xəbər agentlikləri, həmçinin “TRTHaber”, NTV, “HaberGlobal”, HaberTürk” telekanalları dövlətimizin başçısının çıxışından sitatlar gətirib, o cümlədən Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və Zəngəzur dəhlizinin açılması, İrəvanın özünü nəinki nəqliyyatda, hətta siyasi müstəvidə təcridə sürükləyən yanlış siyasəti ilə bağlı onun ifadə etdiyi fikirləri vurğulayıb.
Bir sıra qəzetlər və telekanallar Prezident İlham Əliyevin Rusiyanın qəza nəticəsində həlak olanların ailələrinə və yaralananlara, eləcə də AZAL-ın təyyarəsinə görə təzminat ödəməli olması ilə bağlı sözlərini önə çıxarıb. Həmçinin dövlətimizin başçısının işğalın qəbuledilməzliyi və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı sözlərinə xüsusi diqqət yetirilib.
Ukraynanın “Ukrinform”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “UNİAN”, “Azadlıq” radiosunun Ukrayna redaksiyası, “Qordon” nəşri, “Korrespondent”, “Tsensor” informasiya agentlikləri, xəbər portalları və digər media orqanlarında Azərbaycanın dövlət başçısının çıxışından əsas məqamlar dərc edilib.
Məqalələrdə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna münaqişələrinə, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Rusiya ərazisində vurulmasına dair fikirləri yer alıb. Dövlətimizin başçısına istinadla qeyd olunur ki, Azərbaycan yeddi aydır Rusiya tərəfdən heç bir aydın cavab almayıb. Azərbaycanın baş prokuroru Rusiya Təhqiqat Komissiyasına sorğular göndərir, lakin cavab olaraq yalnız “istintaq davam edir” ifadəsi alınır. Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət etmək niyyətindədir.
Məqalələrdə qeyd olunur ki, Prezident İlham Əliyev Malayziyaya məxsus “Boeing”in qəzaya uğraması ilə bağlı araşdırmanın 10 ildən artıq davam etdiyini də xatırladıb. Azərbaycan da nə qədər lazımdırsa, gözləməyə hazırdır. Azərbaycan təqsirin etiraf edilməsini, təyyarəni vuranların cəzalandırılmasını, həlak olanların ailələrinə təzminat ödənilməsini və AZAL-a dəymiş ziyanın ödənilməsini tələb edir.
Ukrayna mediası, həmçinin dövlətimizin başçısının Azərbaycanın işğalda olan ərazilərinin azad edilməsinə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dair fikirlərinə yer ayırarkən vurğulayıb ki, Prezident İlham Əliyev Ukraynaya heç vaxt işğalla razılaşmamağı tövsiyə edib.
“İndi verdiyim cavab əvvəlki cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”, - deyə məqalələrdə Prezident İlham Əliyevin çıxışından sitat gətirilir.
Materiallarda dövlətimizin başçısının Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın çoxsaylı qurbanlar verməsinə dair fikirləri də qeyd edilib. “Postmünaqişə dövrü də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, onlar oradan deportasiya olunmuşdu. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi.
Pul yox idi, xəzinə boş idi, bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi.
... Relyef, beynəlxalq vəziyyət bizim əleyhimizə idi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu, təkzib edilirdi...Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq”, - deyə Ukrayna mediası Azərbaycan Prezidentinin fikirlərinə istinadla yazıb.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Rusiyanın TASS, “İnterfaks”, “RİA Novosti”, “Lenta.ru”, “Gazeta.Ru”, “Moskovski Komsomolets”, “Vestnik Kavkaza” və digər media orqanlarında işıqlandırılıb.
Rusiya mediasının materiallarında əsas diqqət dövlətimizin başçısının Ermənistanla sülh müqaviləsi bağlamaq perspektivləri, Zəngəzur dəhlizinin açılması, Rusiya və ABŞ ilə münasibətlər, o cümlədən AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək niyyəti ilə bağlı bəyanatları olub.
TASS xəbər verir ki, Prezident İlham Əliyevin sözlərinə görə, Bakı və İrəvan “sülh sazişi imzalamağa çox yaxındır”. Prezident qeyd edib ki, sazişin mətni əvvəlcədən paraflana bilər, lakin yekun imza yalnız Ermənistan konstitusiyasına dəyişiklik edildikdən və ATƏT-in Minsk Qrupunun buraxılmasından sonra mümkündür.
“İnterfaks” Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Ermənistanın tranzit ölkə statusunu itirməsi riskləri barədə bəyanatına diqqət çəkib. Qeyd olunub ki, Ermənistan tərəfi son 5 ildə bu istiqamətdə heç bir addım atmayıb və “belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır”.
Agentlik Azərbaycan Prezidentinin AZAL-ın təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı Beynəlxalq Məhkəməyə müraciətin hazırlanması haqqında bəyanatını da yayıb. İlham Əliyev vurğulayıb ki, Bakı Rusiya tərəfdən cavab almayıb və hadisənin tanınmasını, təqsirkarların məsuliyyətə cəlb olunmasını və zərərçəkənlərə təzminat ödənilməsini tələb edir.
“Gazeta.ru” nəşri və “RİA Novosti” agentliyi Prezident İlham Əliyevin ABŞ-la qarşılıqlı fəaliyyətə dair bəyanatını ön plana çıxarıb. O, Bakı ilə Vaşinqton arasında münasibətlərdə müsbət dinamikaya diqqət çəkib və qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə görə Donald Trampa təşəkkür edib.
“Moskovski Komsomolets” Azərbaycan Prezidentinin forumun açılışındakı çıxışından əsas sitatları təqdim edərək, rəqəmsal çağırışlar və medianın sabitliyi mövzusunu diqqətə çatdırıb. Xüsusən, İlham Əliyevin təkcə media mühitində deyil, həm də qlobal gündəmdə olan məsələlərlə bağlı açıq müzakirələrin aparılmasının zəruriliyi barədə sözləri sitat gətirilir. “Vestnik Kavkaza” forumun strukturunu, 52 ölkədən 140 xarici qonağın iştirakını, eləcə də əsas müzakirə sahələrini ətraflı işıqlandırıb. Nəşr qeyd edib ki, forum işğaldan azad edilmiş Xankəndidə keçirilir və beynəlxalq dialoqun gücləndirilməsi platforması kimi rəmzi əhəmiyyətə malikdir.
Gürcüstanın “Publica.ge”, “Formula”, “Press.ge”, “İnterpress” mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin AZAL-ın təyyarəsi ilə bağlı insident, Ermənistanla sülh prosesi, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması və kommunikasiyaların açılması ilə bağlı fikirləri yer alıb.
Özbəkistanın “Zamin”, “Kun”, Qazaxıstanın “Kazinfo” rəsmi agentliyi, “Tengri”, “Orda”, “Ulısmedia” qəzetləri də Azərbaycan Prezidentinin çıxışına geniş yer ayırıb. Onların dərc etdiyi materiallarda Zəngəzur dəhlizinin açılması və bu kontekstdə Mərkəzi Asiya ölkələrinin, o cümlədən Türk dünyasının iqtisadi inkişafı üçün əlavə imkanların yaranacağı vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə bu məsələlər ətrafında fikir mübadiləsi apardığını bildirib. Materiallarda, həmçinin Azərbaycan dövlətinin başçısının AZAL-ın təyyarəsi ilə bağlı insident, Ermənistanla münasibətlərin normallaşması haqqında fikirlərinə də yer verilib.
Materiallarda Azərbaycan Prezidentinin Orta Dəhlizlə bağlı fikirləri sitat gətirilib: “Bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik. Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Mən artıq bir neçə dövləti qeyd etdim. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var”.
Prezident İlham Əliyevin III Qlobal Media Forumundakı çıxışından əsas məqamlar Polşanın “Viadomosci”, “Onet”, Argentinanın “La Nacio”, İnfobae”, Rumıniyanın “Stiripresure” “News.ro” qəzet və portallarında da geniş işıqlandırılıb. Bu media orqanlarının diqqət mərkəzində olan əsas mövzu dövlətimizin başçısının AZAL-a məxsus təyyarənin həlak olan və yaralanan sərnişinlərinə təzminat ödənilməsi, həmçinin təqsirkarların cəzalandırılması barədə fikirləri olub.









