- Siyasi müzakirə
- 22 İyul 17:15
- 2 815
"Rusiya-İran təlimləri: Azərbaycan üçün həyəcan siqnalı deyil" - Aytən Qurbanova

“İranın “Mehr” xəbər agentliyinin yaydığı məlumata əsasən, iyulun 21-də Xəzər dənizində Rusiya və İran Hərbi Dəniz Qüvvələrinin “CASAREX-2025” kod adlı birgə xilasetmə və dəniz təhlükəsizliyi təlimləri başlayıb. “Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə” devizi altında keçirilən bu təlimlər İranın şimal donanmasının bazasında təşkil olunub və üç gün davam edəcək. Rəsmi məlumatlarda bu təlimlərin humanitar və təhlükəsizlik xarakteri daşıdığı bildirilsə də, mövcud geosiyasi reallıqlar fonunda onların arxasında daha dərin strateji məqsədlərin dayandığını söyləmək mümkündür”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Xatırladaq ki, bu gün Rusiya və İran Hərbi Dəniz Qüvvələri Xəzər dənizində “CASAREX-2025” kod adlı birgə xilasetmə və dəniz təhlükəsizliyi təlimlərinə başlayıb. Təlimlər İranın şimal donanmasının bazasında keçirilir və üç gün davam edəcək.
Siyasi şərhçinin sözlərinə görə, hazırda həm Rusiya, həm də İran beynəlxalq sanksiyalar və siyasi təcrid şəraitində qarşılıqlı yaxınlaşmalarını davam etdirir.
“Bu yaxınlaşma isə yalnız quru sərhədləri ilə məhdudlaşmır, Xəzər kimi strateji əhəmiyyətə malik bir bölgədə də özünü göstərir. Belə şəraitdə keçirilən birgə təlimlərin əsas məqsədi, əslində, regionda təsir dairələrinin qorunması və gücləndirilməsi, eləcə də üçüncü tərəflərin Xəzər bölgəsindəki təsir imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Bu isə onu göstərir ki, Rusiya və İran regional təhlükəsizlik arxitekturasını öz maraqları çərçivəsində formalaşdırmaq niyyətindədir. Azərbaycan üçün Xəzər dənizi milli təhlükəsizliyin və geosiyasi sabitliyin əsas dayaqlarından biridir. Ölkəmiz hər zaman bu regionda beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və çoxtərəfli əməkdaşlığa əsaslanan siyasət yürüdüb. Bu baxımdan, Azərbaycan uzunmüddətli milli maraqlarına və balanslı xarici siyasətinə uyğun olaraq Xəzər dənizində hərbi xarakterli təşəbbüslərə qarşı neytral mövqeyini qoruyub saxlayır. Qeyd edilməlidir ki, əgər gələcəkdə Xəzər hövzəsində tamamilə humanitar məqsədli və bütün sahilyanı ölkələrə açıq təlimlər təşkil olunarsa, bu zaman Azərbaycanın həmin təşəbbüslərə qoşulması mümkündür. Lakin əgər belə təlimlər regional güc balansını pozar, siyasi bloklaşmaya səbəb olar və ya üçüncü tərəflərə qarşı yönələrsə, Azərbaycan bu cür təşəbbüslərdən kənarda qalaraq müstəqil və tərəfsiz mövqeyini qoruyacaq”.
Siyasi şərhçi sonda vurğulayıb ki, nəticə etibarilə Azərbaycan Xəzər regionunda sabitliyin, təhlükəsizliyin və dinc əməkdaşlığın təmin olunması naminə bütün konstruktiv təşəbbüslərə açıqdır:
“Lakin bu əməkdaşlıq heç bir halda ölkəmizin milli maraqlarına və prinsipial mövqeyinə zidd olmamalıdır. Azərbaycanın əsas prioriteti Xəzər dənizinin hərbi gərginlik zonasına çevrilməsinin qarşısını almaq və bölgədə qarşılıqlı etimadın, eləcə də çoxtərəfli əməkdaşlığın qorunmasıdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az