- Siyasi müzakirə
- 22 İyul 20:53
- 1 925
"Azərbaycan Rusiyanın bu planlarının qarşısını aldı" - Azər Həsrət

“Abxaziya və Cənubi Osetiya birmənalı şəkildə Gürcüstanın ərazisidir və oranın sakinləri Gürcüstan vətəndaşlarıdır. Əgər bunu qəbul etmirlərsə, əlbəttə, hər hansı başqa ölkənin vətəndaşlığını seçməkdə sərbəstdirlər. Ancaq vətəndaşlıqlarını dəyişdikdən sonra, düzgün addım həmin əraziləri tərk edib yeni vətəndaşı olduqları ölkəyə köçmək olardı. Rusiyanın bu prosesi asanlaşdıraraq həmin şəxslərə pasport paylaması isə nə təəccüblüdür, nə də qeyri-adi. Oxşar proses Ukraynada da yaşanır — bu gün Rusiyanın işğal etdiyi ərazilərdə Rusiya pasportları kütləvi şəkildə paylanır və əhalinin Rusiyaya yönləndirilməsi təmin olunur. Abxaziya və Cənubi Osetiya faktiki olaraq Rusiya işğalı altındadır. Rusiya bu ərazilərdə istədiyini edir və hazırda Gürcüstanın bu proseslərə müdaxilə imkanı yoxdur. Sadəcə ümid edirik ki, bir gün Gürcüstan da Azərbaycan kimi öz gücünə torpaqlarını işğaldan azad edə biləcək — yəni Rusiya işğalından. Qarabağ ermənilərinin kütləvi şəkildə Rusiyaya köçürülməsi və onlara Rusiya pasportlarının verilməsi məsələsinə gəlincə, bu barədə 44 günlük müharibədən sonra da, əvvəlki illərdə dəfələrlə danışmışam. Qarabağda yaşayan ermənilərin əksəriyyəti əvvəldən Rusiya vətəndaşı olub”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Rusiya qondarma Abxaziya və Cənubi Osetiyadan olanlara vətəndaşlıq verilməsini asanlaşdırıb. İllərdir bu proses genişlənir. Eyni zamanda Qarabağdakı keçmiş qondarma rejimin erməni sakinlərinin Ermənistandan və xarici ölkələrə, o cümlədən Rusiyaya köçü artıb. Bu, Bakı-Moskva münasibətlərində gərginlik fonunda suallar doğurur. Kremlin uzun illər istifadə etdiyi Qarabağ problemi artıq həll olunub, Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş müşahidə olunur.
Siyasi şərhçi bildirib ki, onların bir çoxu işğal dövründə Rusiya tərəfindən məcburi şəkildə Qarabağa köçürülüb.
“Məqsəd bölgədə erməni əhalisinin sayını artırmaq idi. Təbii ki, bu insanlar zamanla Qarabağda məskunlaşdılar və özlərini “Qarabağlı” kimi təqdim etməyə başladılar. Amma əslində onların Qarabağa heç bir tarixi bağlılığı yoxdur. 2020-ci ildəki müharibədən sonra isə minlərlə hərbçi və silahlı şəxs Qarabağdan çəkildi. Onlar orada yaradılmış qondarma “özünümüdafiə qüvvələrinin” üzvləri idilər. Həmin dövrdə dəfələrlə qeyd etmişəm ki, bu şəxslər Rusiyanın müxtəlif bölgələrindən toplanaraq Qarabağa gətirilmişdi. Eyni zamanda, Rusiyanın vətəndaşı olan ermənilər də Qarabağa köçürülmüşdü ki, süni şəkildə əhali artımı göstərilsin və guya muxtariyyətə ehtiyac olduğu iddia edilsin. Lakin Azərbaycan bu planların qarşısını aldı, həm Ermənistanı, həm də Rusiyanı yerində oturtdu və bu saxta demoqrafik dəyişikliklərin kökünü kəsdi. İndi Rusiya Qarabağ ermənilərinə pasport versə belə, bununla Azərbaycandan heç nə tələb edə bilməz. Biz bu vəziyyətdən narahat deyilik. Sadəcə olaraq, Rusiya hazırda regionda vəziyyəti qarışdırmağa çalışır. Amma Azərbaycan bu və bundan da çətin sınaqlardan çıxıb və hər zaman qalib gəlib. Ona görə də heç kim narahat olmasın — elə Rusiya da. Qarabağ ermənilərinin özləri də artıq başa düşürlər ki, onlar bu ərazidə yalnız Rusiyanın maraqları üçün saxlanılırlar, normal insan kimi yaşamaq üçün yox. Bu səbəbdən şəxsən mən də narahat deyiləm”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az