22 İyul – Milli Mətbuat Günü: “Əkinçi” ilə başlanan 150 illik Böyük Yol

Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub. Bu tarix yalnız ilk qəzetin çap olunduğu tarix deyil, həm də xalqın milli oyanışı, dilinin, düşüncəsinin, hüquq və maarif uğrunda mübarizəsinin başlanğıc nöqtəsi oldu. “Əkinçi” qısa müddətdə olsa da, xalqın milli şüurunun formalaşmasında, təhsilin və elmin təbliğində misilsiz rol oynadı. Bu mühüm hadisə ilə Azərbaycan xalqı milli mətbuatla tanış oldu və milli dəyərlərin, ictimai fikir tarixinin formalaşmasına doğru əhəmiyyətli addım atdı. Milli mətbuatımız həmin gün milli kimlik, ictimai təfəkkür və maarifçilik ideallarının daşıyıcısına çevrildi.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda bir sıra yeni mətbuat orqanları fəaliyyətə başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat azadlığı elan edildi. Dövlətin rəsmi orqanı kimi “Azərbaycan” qəzeti nəşr olunmağa başladı. Sovet hakimiyyəti illərində mətbuat dövlət ideologiyasının əsas alətlərindən birinə çevrilsə də, Azərbaycan jurnalistləri bu çərçivələr daxilində belə milli-mənəvi dəyərləri qorumağa və yaşatmağa çalışdılar. Həmin dövrdə “Kommunist”, “Azərbaycan”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Ulduz” və digər mətbu orqanlar fəaliyyət göstərirdi. Mətbuat daha çox kommunist ideologiyasının təbliği ilə məşğul olsa da, istedadlı qələm sahibləri bədii yaradıcılıq və publisistika vasitəsilə milli ruhun ifadəçisi olmağa davam edirdilər.

Azərbaycanın 1991-ci ildə müstəqillik qazanması ilə milli mətbuat da öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Cəmiyyətin demokratikləşməsi və informasiya cəmiyyətinə keçid prosesində milli mətbuatın əsas funksiyaları daha da aktuallaşdı. İctimai nəzarət və dövlət-vətəndaş münasibətlərinin balanslaşdırılması, milli-mənəvi dəyərlərin təbliği və qorunması, azad fikir və plüralizmin təşviqi, ictimai rəyin formalaşmasında aktiv iştirak, sosial və siyasi proseslərin şəffaflığına dəstək mətbuatın əsas funksiyası oldu. Milli mətbuat bu missiyasını yerinə yetirərkən müasir çağırışlara cavab verən hüquqi, texnoloji və struktural dəstəyə ehtiyac duyurdu. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti mühüm nəticələr verdi.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində ifadə olunan ifadə azadlığı və məlumat almaq hüququ ölkəmizdə söz azadlığının əsas hüquqi təminatıdır. 1998-ci ildə ölkə Prezidenti Heydər Əliyevin fərmanı ilə mətbuata dövlət senzurasının ləğvi milli mətbuatın azadlığında yeni mərhələ yaratdı. Bu qərar yalnız hüquqi deyil, həm də siyasi və ideoloji baxımdan ciddi irəliləyiş idi. Bundan əlavə, 2000-ci illərdə “Kütləvi informasiya vasitələri haqqında” qanunun təkmilləşdirilməsi, 2021-ci ildə “Media haqqında” yeni qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatın müasir dövrün tələblərinə uyğun inkişafına mühüm zəmin yaratdı. Bu islahatlar nəticəsində Azərbaycan mətbuatında strukturlaşma, şəffaflıq, hüquqi məsuliyyət və peşəkarlıq meyarları daha da gücləndirildi.

Rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində dünya miqyasında olduğu kimi, Azərbaycanda da internet jurnalistikası informasiya məkanının əsas istiqamətlərindən birinə çevrilib. Onlayn qəzetlər, xəbər portalları, sosial media platformaları bu gün ictimai şüurun formalaşmasında, ictimai iştirakçılığın artırılmasında və operativ informasiyanın yayılmasında önəmli rol oynayır. Dövlət tərəfindən onlayn medianın hüquqi tənzimlənməsi və media subyektlərinin reyestr sisteminə daxil edilməsi istiqamətində sistemli iş aparılır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan mətbuatını hər zaman milli dövlət quruculuğunun mühüm dayaqlarından biri kimi qiymətləndirirdi. O, jurnalistlərlə daim dialoqda olur, onların qarşılaşdığı problemlərin həllinə bilavasitə nəzarət edirdi. Məhz onun dövründə jurnalistlərin təhlükəsizliyi və fəaliyyəti üçün hüquqi mühit yaradıldı, milli mətbuatın maddi-texniki bazası gücləndirildi, mətbuatın cəmiyyətdəki nüfuzu yüksəldi. Onun məşhur ifadəsi – “Azad mətbuat cəmiyyətin güzgüsüdür” – bu sahəyə verdiyi strateji dəyərin rəmzi kimi yadda qalıb.

Möhtərəm Prezident cənab İlham Əliyev medianın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onun rəhbərliyi ilə media sahəsində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. 2021-ci ildə bu qurumun bazasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) təsis olunub. Dövlət media siyasəti vahid informasiya strategiyası əsasında həyata keçirilir, media subyektləri arasında şəffaflıq artırılıb, reyestr sistemi qurulub, jurnalistlərin sosial rifahı və mənzil təminatı ilə bağlı proqramlar icra olunub. Möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində azad, məsuliyyətli və müasir mediaya keçid təmin olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva media nümayəndələrinin sosial müdafiəsinə, milli-mənəvi dəyərlərin qorunmasına və jurnalistlərin humanitar fəaliyyətinin təşviqinə böyük diqqət göstərir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən regionlarda informasiya resurslarının gücləndirilməsi, jurnalistlərin mənzil və sosial məsələlərinin həlli, mətbuatın milli-mənəvi ideyaların daşıyıcısı kimi təşviqi istiqamətində layihələr həyata keçirilir. Mehriban xanım Əliyeva daim jurnalistlərə hörmət və etimadla yanaşır, onların fəaliyyəti cəmiyyətin inkişafında xidmət kimi qiymətləndirir.

22 iyul – Milli Mətbuat Günü bu şərəfli missiyanın və milli sözün zəfərinin rəmzidir. Bu gün media sadəcə informasiya daşıyıcısı deyil, həm də xalqın səsi, dövlətin tərəfdaşı, cəmiyyətin güzgüsüdür.

Vasif Qafarov

Milli Məclisin deputatı,

Tarix elmləri doktoru