"Azərbaycan zəif oyunçu deyil, Moskva bununla barışa bilmir" — Sultan Zahidov

“Hazırda biz 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana qarşı atdığı addımların bir çoxunun bu gün Azərbaycana qarşı da tətbiq olunduğunun şahidi oluruq. O zaman da Gürcüstan biznesi sıxışdırıldı, gürcü sahibkarlara qarşı təzyiqlər və təqiblər həyata keçirildi. Gürcüstandan idxal-ixraca sanksiyalar tətbiq olundu. Rusiya mediasında Gürcüstana qarşı psixoloji savaş başlandı. Gürcüstan və onun rəhbərliyi daimi şəkildə sərt tənqid və qınaq obyektinə çevrildi. Bu, həmin dövrdə Gürcüstanın yürütdüyü müstəqil siyasətin nəticəsi idi. Rusiya bu siyasəti qəbul etmirdi və Gürcüstanın müstəqil geosiyasi orientasiyasını heç bir halda həzm edə bilmirdi. Nəticədə isə 2008-ci ildə hərbi qarşıdurma baş verdi. Təbii ki, başqa geosiyasi amillər də var idi — məsələn, Kosovo məsələsi, Gürcüstanın NATO-ya üzv olmaq niyyəti və s”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Qeyd edək ki, Rusiyada azərbaycanlılara qarşı təzyiqlər artır. Yekaterinburqda baş verən qətldən sonra Uralda Azərbaycan diasporunun rəhbəri və onun oğlu saxlanılıb. Fərqli bölgələrdə soydaşlarımızın çalışdığı bazarlara reydlər keçirilir, mallar dağıdılır, insanlar təqib olunur. Bu hallar 2008-ci ildə Gürcüstana qarşı tətbiq edilən təzyiq mexanizmlərini xatırladır. Azərbaycanlı iş adamlarının leqal kapitalları isə “vergi yoxlaması” bəhanəsi ilə müsadirə edilir.

Siyasi şərhçi bildirib ki, hazırda bu amillər Azərbaycanla bağlı mövcud deyil.

“Azərbaycan nə NATO-ya üzv olmaq istəyindədir, nə də Rusiyaya qarşı hansısa cəbhədə yer almaqdadır. Düşünürəm ki, Rusiyanın Azərbaycanla münasibətlərdəki bu ritorikası və davranışı sırf onun imperialist düşüncə tərzi ilə bağlıdır. Rusiya özünü bu bölgənin “arxa baxçası” kimi görərək digər dövlətləri öz iradəsinə tabe etdirmək istəyir. Ukraynadakı hadisələr də bu siyasətin nəticəsidir. Rusiya postsovet ölkələrinin müstəqil siyasət yürütməsini qəbul edə bilmir. Bu isə MDB ölkələri, xüsusən də qonşu dövlətlərlə münasibətlərdə problemlərin yaranmasına gətirib çıxarır. Azərbaycanla münasibətlərdə son 6 ayı təhlil etsək, görərik ki, Dekabrdakı təyyarə insidentindən sonra Moskvanın bu məsələyə obyektiv münasibət sərgiləməməsi, Azərbaycanı media vasitəsilə davamlı şəkildə qınaması, göstərir ki, Rusiya imperiya siyasətindən hələ də vaz keçməyib. O, Cənubi Qafqazı hələ də öz təsir dairəsi kimi görür və Azərbaycanın güclənməsi ilə barışmaq istəmir. Bu siyasətin davamı olaraq, Rusiya daxilində Azərbaycan diaspor nümayəndələrinə və biznes təmsilçilərinə qarşı təzyiqlər həyata keçirilir. Artıq bir neçə aydır ki, biz bunun Rusiya mediasında şahidi oluruq. Dövlət tərəfindən qeyri-rəsmi şəkildə dəstəklənən media kanalları, xüsusilə də “Tsargrad” kimi resurslar, Azərbaycana qarşı təzyiq və təqib kampaniyaları aparır, Azərbaycan biznesinə və diasporasına qarşı qarayaxma kampaniyaları həyata keçirirlər. Bütün bunlar açıq-aşkar bəhanədir. Rusiya sadəcə Azərbaycana bir növ “gözdağı” vermək istəyir. Halbuki, bu nə Azərbaycanda, nə də digər ölkələrdə nəticə verməyib və verməyəcək. Çünki artıq dünya 30 il əvvəlki dünya deyil”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan bu gün müstəqil, prinsipial və çoxvektorlu xarici siyasət həyata keçirir:

“Ölkəmiz həm Çin, həm Avropa, həm də ABŞ-la fəal və dinamik əlaqələrə malikdir. Azərbaycan Avrasiya nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından biridir və Avropanın enerji təchizatında mühüm rola sahibdir. Bir sözlə, Azərbaycan təsadüfi və zəif oyunçu deyil. O, həm regional, həm də qlobal problemlərin həllində iştirak edən və mövqeyini prinsipial şəkildə qoruyan dövlətdir. Bu da onu göstərir ki, Rusiya yalnız Azərbaycana deyil, bütün dünyaya qarşı çıxış edir. Belə olan halda dünya da Rusiyaya qarşı birləşmək təşəbbüsləri göstərir. Bu gün biz bunun nəticələrini görürük — Rusiya dünyadan təcrid olunub, müxtəlif sanksiyalara məruz qalıb. Azərbaycan heç bir halda bu sanksiyalara qoşulmayıb, Rusiyaya qarşı açıq cəbhədə yer almayıb. Amma bütün bunlara baxmayaraq, Rusiya Azərbaycana təşəkkür etmək əvəzinə, əksinə, haqsız təzyiqlər və təqiblər həyata keçirir. Bu təzyiqlərə isə əsasən oradakı diaspor üzvlərimiz, biznes nümayəndələrimiz məruz qalır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az