"Həsən bəy Zərdabinin sümükləri 20 il evdə, çarpayının altında gizlədilib" - Nicat Dağlardan sensassion açıqlama

"Milli Mətbuatımızın banisi, böyük mütəfəkkir və xeyriyyəçi Həsən bəy Zərdabinin və onun ailəsinin həyatı məşəqqətlərlə dolu olub. Həsən bəy sağlığında təqiblərlə, mərhumiyyətlərlə, təhqirlərlə çox üzləşib. O böyüklükdə kişinin ölümündən sonra nəşi də rahatlıq tapmayıb. Onu əvvəlcə böyük izdihamla Bibiheybətdə dəfn ediblər".

Bu barədə AzNews.az-a jurnalist Nicat Dağlar danışıb. O, Həsən bəy Zərdabinin sümüklərinin 20 il çarpayının altında gizlədildiyini açıqlayıb:

"30-cu illərin əvvəlində hökumət elan edir ki, bəs yeni yol çəkildiyindən məzarlıq ləğv olunur, kimin orada ölüsü varsa, gəlib çıxarsın və aparıb başqa yerdə dəfn eləsin. Həmin vaxt Həsən bəyin oğullarından biri sürgündə, digəri mühacirətdə olur. Böyük qızı da Əlimərdan bəy Topçubaşovun xanımı kimi Parisdə mühacir həyatı yaşayır. Bircə kişik qızı Qəribsoltan xanım Bakıda olur. O da qorxusunda adam arasına çox da çıxa bilmirmiş. Lakin iki nəfər fəhlə götürüb gedir məzarlığa. Həsən bəyin sümükləri çıxarılır və bir taxta qutunun içinə qoyulur. Qəribsoltan xanım bir müddət sümükləri basdırmağa macal tapmır. Təqvimdəki 1937-ci il vahiməsi öz işini görür...

İndi siz dəhşətə baxın: Qəribsoltan xanım aylarla atasının - BÖYÜK HƏSƏN BƏYİN sümüklərini otağında, çarpayının altında saxlayır. Sonra imkan tapan kimi aparıb sümükləri elə qutudaca anası Hənifə xanımın məzarının ayaq hissəsində basdırır. Nəhayət Stalin repressiyaları başa çatır. O zaman Azərbaycan Dövlət Unicersitetinin professoru Abbas Zamanov Mərkəzi Komitədə ideologiya katibi olan, milli düşüncəli Şıxəli Qurbanovdan Həsən bəyin xatirəsini əbədiləşdirmək məqsədi ilə tədbirlər görülməsini xahiş edir. Şıxəli Qurbanov bu təklifə müsbət yanaşır və hətta Həsən bəyin qəbirüstü abidəsinin hazırlanacağını da bildirir. Amma nə qəbir? Həsən bəy harada dəfn olunub? Bu suala heç kəs cavab tapmır. Nəhayət Abbas Zamanovun təklifi ilə Həsən bəyin qızı Qıribsoltan xanımla əlaqə saxlanılır. Uzun illər dərin psixoloji sarsıntılar yaşamış və nəticədə səhhətində problemlər yaranan Qıribsoltan xanım onun yanına gələn komissiya üzvlərini qapıdan qovur. "İndi də sümüklərindən əl çəkmirsiz, bilmirəm haradadır" deyir. Həmin vaxt Qəribsoltan xanım bəstəkar Rauf Hacıyevin anasının evində- kiçik bir otaqda yaşayırmış. İşə Rauf Hacıyevi də qatırlar və məhz o Qəribsoltan xanımı inandıra bilir ki, hər şey dəyişib, görülən işlər xoşniyyətlidir. Beləliklə komissiya gedir Qəribsoltanın dediyi qəbristanlığa və orada Hənifə xanımın məzarının ayaq hissəsindən içində sümüklər olan taxta qutu çıxarılır. 1957-ci ildə sümükləri gətirib Fəxri Xiyabanda dəfn edirlər və orada Həsən bəyə qəbirüstü abidə qoyulur".

AzNews.az