- Yazarlar
- 21 İyul 14:29
- 3 725
Göygöl modeli və Toğana reallığı

Bu günlərdə yolum Göygöl Milli Parkına düşmüşdü. Azərbaycan təbiətinin bu nadir incisinə valeh olmamaq mümkün deyil. Hətta zarafatla uşaqlara da dedim ki, Göygölə Taleh kimi gəlmişdim, "Valeh" kimi qayıtdım... Turistlər kifayət qədərdir. Amma hər yerdə təmizlik, nizam-intizam var, mühit olduqca mədənidir. Belə bir şərait yaratdıqları üçün Parkın rəhbərliyinə təşəkkür edirəm.
Gecə Toğanada qaldım. Son dərəcə gözəl, sakit bir kənddir, mehriban insanları var. İçərisindən gur bir çay axır, qıjıltısı aləmi götürüb. Di gəl, çayın yatağı, dərəsi, qıraq-bucağı doludur şüşəylə, plastik qabla, hər cür zir-zibillə. Göygöl də bizimdir, Toğana çayı da. Göygölə gedənlər də bizik, Toğanaya da. Bəs, bu kəskin fərq necə yaranır?
Bu sual əslində çox vacib bir məsələni ortaya qoyur: eyni insan müxtəlif mühitlərdə niyə fərqli davranır? Göygöldə hər kəs nizam-intizamla davranırsa, Toğana çayının sahilində niyə eyni məsuliyyəti hiss etmir?
Cavab aydındır: Göygöl Milli Parkında gördüyümüz səliqə və təmizlik, təbiətə olan qeyri-adi sevgi ilə yox, peşəkar və ardıcıl idarəçilik mədəniyyəti ilə təmin olunur. Orada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa nəzarəti, qaydalar sistemi, xəbərdarlıq lövhələri, işçi heyətin fəaliyyəti var. İnsan baxır ki, bu mühitə hörmət edilir - özü də hörmət etməyə başlayır.
Toğanada isə belə bir idarəçilik strukturu yoxdur. Amma olmalıdır. Çünki burada məsuliyyət bələdiyyənin üzərinə düşür. Əgər Göygöldə park rəhbərliyi bu gözəlliyi qoruyursa, Toğanada da bələdiyyə çay kənarının, kəndin təmizliyinin, ümumi ekoloji mədəniyyətin keşikçisi olmalıdır.
Toğana çayının qıraqları zibillə doludursa, bu təkcə insanların biganəliyindən yox, həm də bələdiyyənin passivliyindən xəbər verir. Bələdiyyə yalnız torpaq bölgüsü və arayışla məşğul olmamalıdır. Əksinə, ərazidə zibil qutuları qoymalı, xəbərdarlıq lövhələri asmalı, maarifləndirici tədbirlər keçirməli və kəndin gəncləri ilə birlikdə təmizlik aksiyaları təşkil etməlidir.
Əgər bu gün Göygöldə turistlər səliqə ilə hərəkət edirlərsə, bu, təkcə onların mədəniyyətinin yox, həm də mühitin onları mədəni davranmağa məcbur etməsinin nəticəsidir. Eyni mühit, eyni idarəçilik Toğanada da qurula bilər.
Nəticə sadədir: təmiz ərazi - qorunan ərazidir. "Göygöl modeli" bələdiyyələr üçün nümunə olmalıdır. Əgər bu model Toğana kimi kəndlərdə tətbiq olunsa, bir gün Toğana çayı da Göygöl kimi təbiət və mədəniyyət harmoniyasına çevrilə bilər. Biz hər yeri Göygölə çevirməyə borcluyuq. Bprcumuzdan çıxmaq üçün isə, ilk növbədə bələdiyyə idarəçiliyi güclənməlidir.
Taleh Şahsuvarlı