- Hadisə
- 17 İyul 12:02
- 1 830
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib

Bu gün Hanoy şəhərində Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
AzNews.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iclasdan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien arasında görüş olub. Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirələr aparılıb.
Sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər - P.Şahbazov və N.H.Dien çıxış ediblər.
Azərbaycan və Vyetnam arasında 1959-cu ildə Prezident Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Hanoya səfərləri ilə təməli qoyulmuş münasibətlərin, bu ilin may ayında Vyetnam Sosialist Respublikasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə etdiyi dövlət səfəri ilə yeni mərhələyə yüksəldiyi vurğulanıb. P.Şahbazov bildirib ki, bu səfər çərçivəsində qəbul olunan Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanat və imzalanan sənədlər iki ölkə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yol xəritəsi rolunu oynayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu səfəri böyük siyasi əhəmiyyətə malik hadisə, Birgə Bəyanatı isə olduqca ciddi siyasi sənəd kimi dəyərləndirib. “Hökumətlərarası Komissiyaya bu Bəyanatın müddəalarını praktiki layihələrə çevirmək, ticarət-iqtisadi əməkdaşlığı fəallaşdırmaq və genişləndirmək, əmtəə dövriyyəsini və qarşılıqlı sərmayələri artırmaq tapşırılıb. Bu məqsədlə, 2025 - 2027-ci illəri əhatə edən, 17 prioritet istiqamət üzrə 58 tədbirin icrasını nəzərdə tutan “Əməkdaşlıq Sahələri” sənədi hazırlanıb. Azərbaycan və Vyetnam strateji tərəfdaş olaraq qarşıdakı illərdə bütün bu sahələr üzrə əhəmiyyətli nailiyyətlər əldə etmək əzmindədir”,-deyə nazir əlavə edib.
N.H.Dien isə deyib: “Siyasi və diplomatik əlaqələrimiz sabitdir, enerji sahəsində əməkdaşlığımız isə strateji xarakter daşıyır. Bu əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm siyasi iradə və liderlər səviyyəsində qətiyyətli dəstək vardır. Cənub-Şərqi Asiyada üçüncü ən böyük iqtisadiyyata malik Vyetnam 115 milyonluq əhalisi və azad ticarət sazişləri çərçivəsində çıxış əldə etdiyi 600 milyon nəfərlik bazarı ilə əməkdaşlıq üçün böyük imkanlar təqdim edir.”
İclasda siyasi, ticarət, investisiya, enerji, nəqliyyat, kiçik və orta sahibkarlıq, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi, mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib. Bildirilib ki, ticarət dövriyyəsi bu ilin ilk beş ayında 5,4 % artaraq 58,4 milyon ABŞ dollarına çatıb. Bu da əməkdaşlıqda müsbət dinamikanın göstəricisidir. Qeyd olunub ki, birgə səylər bu rəqəmin və qarşılıqlı sərmayələrin daha da artırılmasına töhfə verəcək. Enerji sahəsində əməkdaşlığa toxunularaq bildirilib ki, “SOCAR Trading”in Vyetnam bazarında aparıcı spot tədarükçülərdən biri kimi fəaliyyəti, xam neftin tədarükü və Vyetnam neftinin beynəlxalq satışlarında iştirakı bu sahənin əsas istiqamətlərindəndir. Qeyd edilib ki, Energetika Nazirliyi, SOCAR və müvafiq Vyetnam tərəfdaşları arasında imzalanmış Anlaşma Memorandumları, eləcə də ROX Group ilə bərpa olunan enerji üzrə tərəfdaşlıq sənədi enerji əməkdaşlığını daha da gücləndirəcək.
Sənaye artımı və ixrac potensialını dəstəkləmək məqsədilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Orta Dəhliz, Şimal - Cənub və Şərq - Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq hər iki ölkənin tranzit imkanlarının səmərəli istifadəsini təmin edəcək. Keçən il Silk Way Airlines Vyetnamda nümayəndəlik ofisi açıb və yaxın zamanda yükdaşımalar üzrə birbaşa reyslərin başlaması gözlənilir. Bakı-Hanoy marşrutu üzrə sərnişin reysləri “Azərbaycan Hava Yolları”nın inkişaf planlarına daxil edilib.
Qeyd edilib ki, müdafiə sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensial mövcuddur. Mədəni-humanitar sahələrdə əməkdaşlıqda artan dinamika müşahidə olunur. Bu ilin aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində keçirilmiş mədəni və xeyriyyə tədbirləri bu istiqamətdə qarşılıqlı marağın bariz nümunəsidir. Gələn həftə Azərbaycanda təşkil olunacaq “Vyetnam Günləri” mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək.
Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb və 2025-2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul edilib.
AzNews.az