- İşin içi
- 17 İyul 22:05
- 1 140
Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı: regional əməkdaşlıqdan real ticarətə doğru - ŞƏRH

Azərbaycan və Pakistan arasında yüksək səviyyəli siyasi münasibətlər fonunda iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində səylər daha sistemli və konkret platformalar üzərində davam etdirilir. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin İslamabada səfəri zamanı iki ölkə arasında ticarət, investisiya və regional ticarət dəhlizlərinin inkişafı üzrə müzakirələrin aparılması bu baxımdan diqqətçəkicidir. Görüş zamanı vurğulanan əsas məqamlardan biri Pakistanın 250 milyondan çox əhalisi ilə böyük istehlak bazarı kimi təqdim olunması və Azərbaycan tərəfinin bu bazarda mövcud imkanlardan faydalanmaq niyyətini açıq şəkildə ifadə etməsidir.
Regional əməkdaşlığın iqtisadi nəticələrə çevrilməsi üçün əsaslı infrastruktur, gömrük prosedurlarının uyğunlaşdırılması və biznes mühitinin sabitliyi həlledici əhəmiyyət daşıyır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi potensiala nisbətən məhdud miqyasda olsa da, bu cür yüksək səviyyəli təmaslar, o cümlədən Pakistan-Azərbaycan Ticarət Palatası kimi platformalar ikitərəfli əlaqələrin institusional əsaslarla inkişaf etdirilməsi baxımından mühüm rol oynayır. Bu mexanizmlər həm biznes dairələrinin birbaşa təması üçün müstəvi yaradır, həm də hüquqi və inzibati çərçivənin təkmilləşdirilməsi ilə əlaqəli proseslərə təkan verir.
Azərbaycanın regional iqtisadi strategiyasında Cənub-Asiya ölkələri ilə əməkdaşlıq istiqamətinin gücləndirilməsi, həm də nəqliyyat və logistika baxımından strateji mövqeyinin daha effektiv istifadəsini nəzərdə tutur. Pakistanla bu kontekstdə əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də regional ticarət dəhlizlərinin, xüsusilə də Orta Dəhlizin və digər intermodal bağlantıların inkişafı fonunda iqtisadi sinerji imkanları formalaşdırır. Bu baxımdan tərəflər arasında əməkdaşlığın yalnız ticarət mübadiləsi ilə deyil, həm də birgə layihələr və sərmayə təşəbbüsləri ilə zənginləşdirilməsi vacib istiqamət kimi önə çıxır.
Siyasi sabitlik, ortaq maraqlar və tarixi dostluq münasibətləri fonunda iqtisadi əlaqələrin bu səviyyəyə daşınması hər iki tərəf üçün qarşılıqlı faydalı nəticələr vəd edir. Bu yanaşma, eyni zamanda, Azərbaycanın Asiya bazarlarına açılmasında yeni vektorların formalaşması və iqtisadi diplomatiyanın çevik alət kimi tətbiqi baxımından da əhəmiyyətlidir.
Nuray,
Aznews.az