- Pullu iş
- 17 İyul 22:05
- 1 121
Ağıllı qaz şəbəkəsi: enerji səmərəliliyi və rəqəmsal transformasiyada yeni mərhələ - ŞƏRH

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Esyasoft Holding” şirkəti arasında imzalanan müqaviləyə əsasən, ölkə ərazisində ağıllı qaz şəbəkəsinin qurulması və 2,5 milyon sayğacın mərhələli şəkildə quraşdırılması planlaşdırılır. Layihənin icrası 14 illik dövrü əhatə edəcək və bu müddətdə 480 milyon ABŞ dolları həcmində sərmayənin yatırılması nəzərdə tutulur. Əsas hədəflər əməliyyat səmərəliliyinin artırılması, qaz itkilərinin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi və rəqəmsallaşma prosesinin gücləndirilməsidir.
Aznews.az şərh edir ki, infrastruktur sahəsində bu miqyasda rəqəmsallaşma təşəbbüsləri həm texnoloji modernləşmə, həm də iqtisadi rasionallıq baxımından strateji dəyər daşıyır. Xüsusilə enerji sektorunda əməliyyatların avtomatlaşdırılması və real vaxt rejimində monitorinq imkanlarının genişləndirilməsi resursların səmərəli istifadəsini və xərclərin optimallaşdırılmasını təmin edir. Rəqəmsal platformalar vasitəsilə istifadəçilərə daha şəffaf, dəqiq və interaktiv xidmətlərin təqdim olunması isə vətəndaş məmnunluğunun yüksəlməsinə şərait yaradır ki, bu da dövlət xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsində mühüm meyardır.
480 milyon dollarlıq birbaşa xarici sərmayənin Azərbaycan qaz sektoruna cəlb olunması iqtisadi sabitlik, investor etimadı və enerji sahəsində institusional idarəetmənin möhkəmliyi baxımından müsbət göstəricidir. Bu sərmayə təkcə texniki qurğuların yenilənməsi deyil, həm də yerli kadrların qabaqcıl texnologiyalar üzrə təlimi və beynəlxalq təcrübə mübadiləsi üçün imkanlar yaradır ki, bu da uzunmüddətli insan kapitalının inkişafını təşviq edir. Burada “Digital Solutions Lab” və süni intellekt texnologiyalarının tətbiqi kimi komponentlər, informasiya təhlükəsizliyi və Hökumət buluduna inteqrasiya addımları layihənin texnoloji səviyyəsinin yüksək olduğunu göstərir.
Əlavə olaraq, bu layihənin COP29 çərçivəsindəki əməkdaşlıq sənədinin davamı olması göstərir ki, enerji sektorunda atılan rəqəmsal addımlar yalnız iqtisadi deyil, həm də ekoloji və institusional hədəflərlə uzlaşır. Belə yanaşma Azərbaycanın qlobal çağırışlara uyğun çevik strategiyalar həyata keçirməyə qadir olduğunu və dayanıqlı inkişaf prioritetlərini nəzərə aldığını nümayiş etdirir.
Nuray,
Aznews.az