Qanun layihəsində imperativ norma niyə dəyişdirilir? - HÜQUQİ ŞƏRH

Milli Məclisin iyulun 14-də keçirilmiş plenar iclasında Torpaq Məcəlləsinin 9-cu və “Balıqçılıq haqqında” qanunun 13-cü maddəsinə təklif edilən dəyişikliklər müzakirə olunarkən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ciddi hüquqi və qanunvericilik texnikasına dair iradlar səsləndirib.

Onun sözlərinə görə, yeni təklif olunan redaksiya hüququn əsas prinsiplərindən biri olan normativ aktların aydın və yekcins anlaşılma tələbini pozur.

Millət vəkili çıxışında haqlı olaraq “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununu əsas gətirərək xatırladıb ki, qanunlar aydın, dəqiq və hər kəs tərəfindən eyni cür başa düşüləcək şəkildə yazılmalıdır. Əvvəlki normada yazılırdı: “Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir”. Yəni bu cümlə imperativ xarakter daşıyır və normativ hüququn aydınlıq prinsipinə tam cavab verir: “keçirilmir” deyildikdə, bu birbaşa qadağa deməkdir.

Yeni təklifdə isə ifadə belə dəyişdirilir: “Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur”. Qüdrət Həsənquliyev də məhz bu hissəyə diqqət çəkərək bildirir ki, “tələb olunmur” ifadəsi müəyyənlikdən uzaqdır, ikibaşlı şərhə açıqdır və hüquqi texnika baxımından zəiflik əlamətidir. Belə ki, “tələb olunmur” ifadəsi iki cür başa düşülə bilər: ya bu dəyişiklik ümumiyyətlə edilməməlidir, ya da istəyə bağlı olaraq edilə bilər - lakin qanun bunu açıq demir. Bu isə gələcəkdə müxtəlif icra və hüquq mühafizə orqanlarının normanı öz maraqlarına uyğun yozması üçün fürsət yarada bilər.

Hüquq nəzəriyyəsində hüquqi normalar imperativ və dispozitiv xarakter daşıyır. İmperativ norma dövlət tərəfindən məcburi tətbiq olunan, dəyişdirilməsi mümkün olmayan hüquqi qaydadır. Dispozitiv norma isə tərəflərə və ya icra orqanlarına seçim imkanı yaradır, müəyyən hallarda hüquqi elastiklik verir. Lakin belə elastiklik yalnız dəqiq müəyyənləşdirilmiş çərçivələr daxilində tətbiq oluna bilər. Qanunvericilikdə dispozitiv ifadələrin qeyri-müəyyən formada işlənməsi, xüsusilə də torpaq münasibətləri kimi strateji sahələrdə, hüquqi risklər yaradır.

Təklif olunan dəyişiklikdə “tələb olunmur” kimi yayğın ifadə normanın mahiyyətini qeyri-müəyyən edir. Qanunvericilik texnikasında bu cür yanaşma həm Konstitusiya qanunvericiliyinin tələbləri, həm də ümumi hüquq prinsipləri baxımından uyğun hesab edilə bilməz. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən, normativ hüquqi aktların dili aydın, konkret və hər kəs tərəfindən eyni cür başa düşüləcək şəkildə olmalıdır. Yəni vətəndaş, sahibkar və dövlət orqanı eyni hüquqi norma haqqında eyni hüquqi nəticəni çıxarmalıdır.

Bu baxımdan, təklif olunan yeni ifadə aşağıdakı hüquqi riskləri meydana çıxara bilər:

Birincisi, torpaq islahatları zamanı manipulyasiyalara yol aça bilər. Akvakultura adı ilə istifadə edilən torpaqlar sonradan sənaye, rekreasiya və ya kommersiya məqsədilə istifadə edilə bilər ki, bu da təyinatın məqsəddənkənar dəyişdirilməsi ilə nəticələnə bilər.

İkincisi, iqtisadi maraqların hüquqi prinsipləri üstələməsi təhlükəsi yaranar. Qeyri-müəyyən norma, torpaq sahələrinin müəyyən iqtisadi qrupların maraqlarına uyğun olaraq yönləndirilməsinə şərait yarada bilər.

Üçüncüsü, məhkəmə çəkişmələrində hüquqi qeyri-sabitlik müşahidə oluna bilər. Tərəflər eyni normanı müxtəlif cür yozaraq torpaqdan istifadə hüququ ilə bağlı qarşılıqlı iddialar irəli sürə bilər və bu da hüquqi münasibətlərdə etimadsızlıq və qeyri-müəyyənlik yaradacaq.

Məsələni yekunda belə ümumiləşdirə bilərik: Dəyişiklik layihəsində təklif olunan ifadə hüquqi texnika baxımından zəif, hüquqi nəticə baxımından isə risklidir. Bu səbəbdən normanın əvvəlki, imperativ xarakterli və aydın ifadəsi olduğu kimi saxlanılmalı, normativ hüququn əsas prinsiplərinə - müəyyənlik, sabitlik və şəffaflıq tələblərinə əməl olunmalıdır.

Zeynal ABDİN,

AzNews.az