- Redaktor masası
- 25 Avqust 21:09
- 2 446
DİM-in sıralama paradoksu və "təhsil menecerləri" barədə

İxtisas seçimin nəticələri ilə bağlı üç məsələyə diqqət çəkmək istəyirəm.
Birincisi, 600 balı adlayan istənilən keçid balı sünidir. Xüsusən 650, 660, 670, 680 civarında keçid balları Azərbaycanda qəbul sisteminin çox ciddi problemləri olmasından xəbər verir. Bu ballar təhsil sistemi üçün ciddi risklər yaradır. Fikrimcə, 600-dən çox bal toplayan istənilən məzun heç bir əlavə müsabiqə olmadan istədiyi ali məktəbin istədiyi ixtisasında təhsil ala bilməlidir.
İkincisi, mərkəzi yerləşdirmə sistemi mövcud olan bütün təcrübələrdə sıralama paradoksu üzə çıxır. Bu, qaçılmazdır. Çünki yerləşdirmə üçün ya sıra baldan, ya da bal sıradan üstün götürülməlidir. Bizdə yerləşdirmə üçün bal sıradan, ballar eyni olanda isə, sıra baldan üstün götürülür. Bu da sıralama paradoksu yaradır. Sıralama paradoksunun ən tipik nümunəsi 600-dən çox bal toplayan təxminən 10 məzunun qəbuldan kənarda qalmasıdır. Əgər 600-dən çox bal toplayanlar qəbuldan kənarda qalırlarsa, demək, qəbul sistemi ədalətsizdir. Ədalətli sistemdə məzun çox sayda universitetə qəbul olunmalı, sonda birini seçməlidir. Təhsil sahəsində hegemon quruma çevrilmiş Dövlət İmtahan Mərkəzi ilə bağlı təcili islahatlar aparılmalıdır. Ali təhsilin hər üç pilləsi üçün DİM çox ciddi problemlər yaradır. Ən pisi isə budur ki, prosesə öz neqativ təsirlərini ya görmür, ya da görmək istəmir.
Bu gün "Qafqazinfo"da çalışan həmkarlarım maraqlı bir xəbərə imza atıblar. 518 balla imtahandan kəsilən Yeganə İsgəndərova ilə həmsöhbət olublar. Yeganənin arzusu Xarici Dillər Universitetində alman dili üzrə tərcümə ixtisasına qəbul olunmaq imiş. Məqsədli şəkildə ixtisas seçimində başqa yerlər yazmadığı üçün qəbul olunmayıb. Bu gənc balamız, özünün açıqlamasına görə, B2 səviyyəsində alman dili bilir. Xarici Dillər Universiteti 4 il ərzində bu səviyyədə alman dili öyrədir, öyrətmir, düzü bilmirəm. Amma bu cür yüksək səviyyədə alman dili bilən gənc bir istedadın qəbul sistemi tərəfindən dışlanması ciddi problemdir. Bu problemlərə göz yummaq olmaz.
3-cü məsələ. İxtisas seçiminin nəticələri 3 güm ərzində elan edilməli idi. DİM ayrıca bir paylaşım etməyi belə özünə rəva görməyərək səhifəsindəki hansısa statusun altında bildirdi ki, nəticələr gələn həftə elan olunacaq. Bu, kəskin etiraz, hətta hiddət doğurdu. Ardınca ayın 22-də DİM yerləşdirməni elan etdi. İndi sul olunur: bu nəticələr vaxtında elan oluna bilərdisə, o sayğısız məlumat nə idi? DİM yaratdığı təşvişə görə üzr istədimi? Ümumiyyətlə, Məleykə Abbaszadə niyə hesab edir ki, o nəticələri nə zaman istəsə, o zaman açıqlaya bilər? Odur ki, fikrimcə, DİM-də islahatlar elə sədrdən başlamalıdır. Amma onun da yerini hansısa "təhsil meneceri" tutsa, batdıq.
Soruşa bilərsiniz ki, sənin "təhsil menecerləri" ilə nə problemin var. Deyim.
Qarabağ Universiteti Azərbaycanın təhsil siyasətində ən strateji ali təhsil müəssisəsidir. Bu il ixtisas seçimi edənlərdən neçə nəfər Qarabağ Universitetini 1-ci, 2-ci, 3-cü yazıb? 3-cü qrup üzrə "600+" bal toplayanlar 1005 nəfər, hüquq üzrə əyani təhsil planı isə xeyli az olduğu halda, bu universitetin Hüquq fakültəsinə keçid balı nədən 600 balın altına düşüb? Xankəndiyə yaxın ərazilərdən olan məzunlar pulsuz yaşayış yeri təminatını da nəzərə almaq istəmədən nədən digər universitetlərə üstünlük verirlər? Ötən il QU-dan nə qədər tələbə köçürülmək üçün müraciət edib? QU-da ingilis dili qruplarının ləğvinə nə səbəb oldu? Bütün bu suallara aydınlıq gəlməlidir.
Cəmiyyət QU-nun UNEC kimi nüfuzlu brendə çevrilməsini gözləyirdi, sürətlə "Mingəçevir" olur. Sıfırdan qurulan bir ali məktəb üçün çox pis siqnaldlr. Dövlətin strateji niyyətləri baxımından acınacaqlı durumdur. Belə olmalı deyildi. Belə olmaması üçün Qarabağ Universitetini Ədalət Muradovun "Narxoz"u UNEC-ə çevirən əsas keyfiyyətinə- aydınlıq yanğısına malik ziyalılar qurmalıdır. Elmar Qasımovun Bakı Ali Neft Məktəbini sıfırdan necə qurduğu gözümüzün önündə əla təcrübədir. Bu iş "təhsil menecerləri"nin ümidinə qalsa, ora heç kollec səviyyəsində də qala bilməyəcək.
Verdikləri son elanda İƏ departamentinin rəhbəri postunu tutmaq üçün ingilis dili şərti qoyurlar. Bu elanı ilk dəfə verəndə də yazmışdım, indi bir daha təkrar edirəm.QU-ya Topxana meşəsində əzgilin nə zaman lalıxladığını bilən PR mütəxəssisi lazım. Fərqi izah edim. Lalə Əliyeva Laçında Bakı Abadlıq Xidmətinin mətbuat katibi idi. Laçının cazibəsini cəmiyyətə ən yüksək səviyyədə çatdırdı, işğaldan öncə Laçında olmadığı halda, Laçının mistikasını ictimai yaddaşa köçürdü. Bəs, QU nə ilə yadda qalıb? Diskoteka ilə! Çox kreativ, yəni!..
Taleh ŞAHSUVARLI