- Müşahidə məntəqəsi
- 17 İyul 19:32
- 2 600
"Trampın təşəbbüsü ilə Ukraynaya silah yardımı genişlənir" - AÇIQLAMA

“Rusiya ilə danışıqların davam etdiyi bir vaxtda, ABŞ tərəfindən Ukraynaya silah tədarükünün davam etdirilməsi diqqət çəkir. Xüsusilə ABŞ-ın sabiq prezidenti Donald Tramp bu qərarın verilməsində birbaşa rol oynayır. Bu addım, ilk növbədə, Rusiyanı çəkindirmək məqsədi daşıyır. Trampın açıqlamalarından belə nəticə çıxır ki, o, Putini geri çəkindirmək niyyətindədir. Lakin faktiki olaraq, Rusiya Ukraynaya qarşı işğal siyasətini davam etdirir. İkinci məsələ Ukraynanın öz müdafiə sistemlərini gücləndirməsidir. Çünki Rusiya təcavüzü nəticəsində Ukrayna ciddi itkilər verir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp artıq Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə başlayıb. Bu addım münaqişə zonasındakı müdafiə qabiliyyətini və Rusiyanın raket hücumlarına qarşı cavabvermə imkanlarını gücləndirmək məqsədi daşıyır.
Siyasi şərhçi bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri təkmilləşdirilməlidir ki, ölkə quru əməliyyatlarında daha effektiv müqavimət göstərə bilsin.
“Qeyd edilməlidir ki, son vaxtlar Rusiya Ukraynaya qarşı hava hücumlarını intensivləşdirib və ciddi dağıntılar törədib. Üçüncü məqsəd isə Avropa ölkələrinə müəyyən qədər rahatlıq qazandırmaqdır. Çünki Ukraynaya silah tədarükü Avropada siyasi və sosial gərginliyə səbəb olur. ABŞ bu yükün müəyyən hissəsini üzərinə götürməklə Avropa İttifaqının dəstəyini sabit saxlamağa çalışır. Hazırda ABŞ Ukraynaya, xüsusən “Patriot” kimi hava hücumundan müdafiə sistemləri göndərir. Bu, Avropanın təhlükəsizlik mövqeyini dəstəkləməklə yanaşı, Ukraynanın müdafiəsini gücləndirməyə xidmət edir. ABŞ-ın bundan sonra da Ukraynaya silah tədarükünü davam etdirəcəyi gözlənilir. Bu silahların sırasında həm müdafiə, həm də hücum təyinatlı vasitələr olacaq. Mümkündür ki, hücum silahlarının verilməsi avqustun 31-dən sonra daha intensiv xarakter alsın. Çünki ABŞ və Avropa Rusiya ilə bağlı müəyyən sanksiyaların nəticələrini həmin vaxta qədər qiymətləndirməyi planlaşdırır. Əgər Moskva bu tələbələrə əməl etməzsə, hücum silahlarının verilməsi daha da sürətlənə bilər. Beləliklə, həm müdafiə, həm də hücum xarakterli silahların Ukraynaya verilməsi gündəmdədir və bu proses yaxın aylarda daha da genişlənə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az