- Siyasi müzakirə
- 17 İyul 16:11
- 2 397
"Tehran Rusiyanın susqunluğundan narazıdır" - Tural İsmayilov

“Geosiyasi konfiqurasiyanın dəyişən dinamikasına diqqət yetirməliyik. Son illərdə yaranan yeni güc balansları və qarşılıqlı maraqlar matrisi göstərir ki, İran-Rusiya münasibətləri artıq “sarsılmaz strateji müttəfiqlik” çərçivəsindən çıxaraq, daha çox situativ maraqlara əsaslanan əməkdaşlığa çevrilib. Bu münasibətlərdə nə dərin ideoloji bağ, nə də məhdudiyyətsiz qarşılıqlı etimad qalır. İsraillə 12 günlük müharibə zamanı Rusiyanın Tehrana dəstək verməməsi, Kreml üçün İranın əvvəlki əhəmiyyətini itirməyə başladığını göstərdi. Moskva hazırda Qərbin sərt sanksiyaları altındadır və hər diplomatik addımını ciddi şəkildə ölçüb-biçir. Tehran isə bu susqunluqdan narazıdır və bu hal iki ölkə arasında strateji etimadı daha da zəiflədir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, son zamanlar Rusiya-İran münasibətlərində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Moskvanın İsraillə 12 günlük müharibə zamanı Tehrana dəstək verməməsi İranda inamsızlıq yaradıb. Eyni zamanda, ABŞ və müttəfiqlərinin artan təzyiqləri fonunda Kreml Cənubi Qafqaz da daxil olmaqla bir sıra bölgələrdə təsirini itirir. İran isə Azərbaycanla münasibətlərini möhkəmləndirərək regional mövqeyini gücləndirməyə çalışır.
Siyasi şərhçi qeyd edib ki, bu vəziyyət əslində Rusiyanın İrana bir növ “geosiyasi alət” kimi yanaşmasının nəticəsidir və Tehran üçün qəbuledilməzdir.
“İranın Bakı ilə münasibətləri normallaşdırması və strateji platformalarda əməkdaşlığı gücləndirməsi Rusiyanın bölgədə əlavə diplomatik təzyiqlə üzləşməsi deməkdir. İran bununla:
• Azərbaycan vasitəsilə regionun sabitliyində mühüm rol oynadığını göstərir;
• Rusiya qarşısında isə “biz də Cənubi Qafqazda oyun qurarıq” mesajı verir.
İran-Azərbaycan yaxınlaşması sadəcə taktiki siyasi gediş deyil – bu, Moskva üçün təhlükəli presedent yaradır. Çünki Rusiya bölgədə hər kəsin bir-biri ilə toqquşduğu, amma sonda onun vasitəçiliyinə ehtiyac duyulduğu bir “nizamverici” mövqedə qalmaq istəyir. Lakin Bakı-Tehran oxunun güclənməsi bu mövqeni zəiflədə bilər. Mövcud proseslər Rusiya üçün tədricən regional təklənmə ilə nəticələnir. Artıq Cənubi Qafqazda “Rusiya+İran” tandemi yerini “Azərbaycan+Türkiyə+İsrail+İran (məhdud əməkdaşlıqla)” oxuna verir. İran bu yolla Qərbə alternativ diplomatik kanallar açmaqla yanaşı, regionda balans siyasəti apararaq nüfuzunu qorumağa çalışır. Tehran-Bakı yaxınlaşması, əslində, Moskva-Tehran münasibətlərindəki “müttəfiqlik illüziyası”nın sonunu gətirir. Cənubi Qafqazda yeni güc oyunu başlayıb və bu dəfə Rusiya tərəf tutan deyil, prosesləri kənardan izləyən müşahidəçiyə çevrilib. İran isə “ən az risk – maksimum imkan” prinsipilə yaranmış boşluqlardan istifadə etməyə çalışır” .
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az