- EKONEWS
- 21 İyul 20:02
- 915
Cəlilabadda balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü faktına aydınlıq gətirib.
Aznews.az xəbər verir ki, məsələ ilə bağlı nazirlikdən bildirilib ki, Cəlilabad rayonunun Pərdi kəndində yerləşən və kənd əhalisinin ümumi təsərrüfat məqsədləri üçün istifadə olunan, yağış suları ilə qidalanan, təxminən 40-50 sm dərinliyə malik göldə balıqların kütləvi tələf olması faktı qeydə alınıb.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ölmüş balıqlar arasında əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb.
"Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C qeydə alınıb. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu vəziyyət xüsusilə dayaz və durğun sular üçün xarakterik olub, balıqların həyatı üçün ciddi risk yarada bilər.
Araşdırmalar davam etdirilir və laborator nəticələr əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Aznews.az

