"Kənd təsərrüfatında rəqabətqabiliyyətinin artırılması əsas hədəfdir" — Aydın Hüseynov

"Kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olaraq dövlət siyasətində prioritet sahələr sırasında yer alır. Son illərdə aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən proqramlar, fermerlərə göstərilən dəstək mexanizmləri və infrastruktur layihələri bu istiqamətdə mühüm nəticələrin əldə olunmasına şərait yaradıb. Dövlət tərəfindən tətbiq olunan subsidiya mexanizmləri, güzəştli kreditlər, kənd təsərrüfatı texnikasının əlçatanlığının artırılması və digər təşviq tədbirləri fermerlərin fəaliyyətinin genişlənməsinə imkan verir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Qeyd edək ki, kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatında və ərzaq təminatında mühüm yer tutur. Son illərdə aqrar sahədə məhsuldarlığın artırılması, fermerlərin fəaliyyətinin dəstəklənməsi və mövcud problemlərin aradan qaldırılması istiqamətində müxtəlif addımlar atılıb. Bununla yanaşı, su çatışmazlığı, istehsal xərclərinin artması və iqlim dəyişikliklərinin təsirləri kimi məsələlər də sahənin qarşısında duran əsas çağırışlar olaraq qalır.

Deputat qeyd edib ki, bu addımlar həm kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına, həm də məhsul keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

"Mütəxəssislər aqrar sahədə məhsuldarlığın artırılması üçün müasir texnologiyaların tətbiqini, torpaq və su ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirlər. Xüsusilə iqlim dəyişikliklərinin təsirlərinin gücləndiyi bir dövrdə su resurslarının idarə olunması və müasir suvarma sistemlərinin tətbiqi aktuallığını daha da artırır. Aqrar sahədə aparılan islahatlar fermerlərin gəlirlərinin yüksəlməsinə, regionlarda məşğulluğun artmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Qarşıdakı dövrdə də kənd təsərrüfatının rəqabətqabiliyyətinin artırılması və dayanıqlı inkişafının təmin olunması əsas hədəflərdən biri olaraq qalır".

Rəfiqə Namazəliyeva,

AzNews.az