Bəs, ABŞ və Fransada niyə jurnalistlərə fəxri adlar, medallar verilir?- Toplum TV-yə cavabımız

“Ölkədə söz azadlığı və digər insan hüquqlarının vəziyyəti 150 il əvvəl “Əkinçi”nin təsvir etdiyi mənzərədən fərqlənmir…”- öz redaksiya məqaləsində belə yazır Toplum TV.

Daha sonra iddiasını isbatlamaq üçün cox sayda arqument gətirir, müqayisələr aparır, uzun illər ərzində Qərbdən aşılanan və Azərbaycan mətbuatını MİLLİ DÜŞÜNCƏ PLATFORMASIndan kənarlaşdırmaq məqsədi güdən modellər təklif edir.

Odur ki, Toplum TV-nin bir neçə iddiasına qısaca nəzər salaq.

İlk növbədə Azərbaycanda media azadlığının 150 il öncə- Çar Rusiyası dövrü ilə müqayisə olunması ucuz manipulyasiyadan və primitiv düşüncə nümunəsindən başqa bir şey deyil. Əvvəla ona görə ki, müstəmləkə altında olan, millətləşmə prosesinin ilk cücərtilərinin meydana çıxdığı bir dövrlə öz dövlət müstəqilliyini isbatlamış bir cəmiyyətin günümüzdəki yaşam və fəaliyyət standartlarını eyniləşdirmək boşboğazlıqdır. Təsəvvür edin, yazı makinasının (“Daktilo”) belə olmadığı bir dövrlə yüzminlərlə insanın smart cihazlardan istifadə etdiyi çağı eyniləşdirirsən və nəzərə almırsan ki, insanların öz fikir və rəylərini bölüşmək, paylaşmaq üçün mövcud olan platformaları nəzarətdə saxlamağa heç bir dövlətin imkanı yoxdur. Odur ki, hakimiyyətin medianın tənqid azadlığını əlindən alması, söz azadlığı mühitini boğması barədə deyilənlərlə qətiyyən razılaşmaq mümkün deyil. Əgər bu barədə danışanda “Toplum TV” xaricdən aldığı və Azərbaycana qeyri-qanuni yollarla, üsullarla daşıdığı pulların ədliyyə təqibinə məruz qalmasını pərdələməyə çalışırsa, bu da nəticəsiz cəhddir.

Məsələn, Almaniyada “Medienstaatsvertrag” deyilən KİV haqqında Dövlət Müqaviləsi var. Bu müqaviləni heçə sayaraq heç bir media quruluşu xaricdən maliyyələşə bilməz. Əgər Avropanın ən demokratik dövlətlərindən biri olan Almaniya ərazisində fəaliyyət göstərən KİV-lərdən maliyyə şəffaflığı tələb edirsə, Azərbaycanın da öz informasiya təhlükəsizliyini qorumaq üçün Toplum TV-nin para qaynaqlarını təhqiq etmək, qanunazidd, ictimai təhlükəli fəaliyyət göstərən əməkdaşlarını məhkəməyə çəkmək və cəzalandırmaq haqqı var.

Məqalədə iddia olunur: “Bir sıra media rəhbərləri böyük gəlirlər əldə edərək zənginləşiblər. Bir vaxtlar “media kapitanları” ünvanı dəbdə idi, həmin “kapitanlar”ın bir çoxu indi “media oliqarxı”na çevrilib”.

Yenə də sərsəm yanaşmadır. Dünyanın bütün inkişaf etmiş və etməkdə olan ölkələrdə jurnalistika prestijli və yüksək gəlirli fəaliyyət sahəsidir. Çox təəssüf ki, Azərbaycanın media sektorunda nəinki oliqarx jurnalistlərdən, hətta orta təbəqənin ortasında olan media rəhbərlərindən də danışmaq mümkün deyil. Bir neçə istisna ola bilər, amma bu istisnaların həmin jurnalistlərin media dəyərlərinə arxa çevirməsinin nəticəsi deyil- jurnalist prinsiplərinə sadiq qalmaq üçün kasıblıq şərt sayıla bilməz.

Başqa bir “hökm” isə belə verilir: “22 iyulda xeyli media təmsilçisi sovet dövündə olduğu kimi, “Əməkdar jurnalist” fəxri adını aldı və medalla təltif olundu. … Fəxri adlar və medallar da “partiya və dövlətə” göstərilən xidmətlərin mükafatıdır. Mesaj budur ki, xidmətlər diqqətdən kənarda qalmır, mükafatlandırılanlar eyni şövq və sədaqətlə davam etsin”.

Toplum TV-nin redaksiya məqaləsini hazırlayanlar yəqin ki, Uolter Kronkaytı xatırlayırlar. O, ABŞ media tarixinin ən parlaq simalarından sayılır. 1997-ci ildə nəşr olunan “Reportyorun həyatı” kitabı dərhal “bestseller” olmuşdu. ABŞ-nin ən yüksək təltiflərindən olan “Prezident Azadlıq Medalı”na layiq görülüb. 1981-ci ildə. Digər bir dünyaca tanınmış telejurnalist- Jan-Klod Narsi isə lap elə bu yaxınlarda- 2023-cü ildə Fransanın “Xidmətlərə görə” medalı ilə təltif olunmuşdu. Lakin bu təltiflərə görə, kimsə nə Kronkaytı, nə də Narsini qınamış, sözügedən dövlətləri də “sovet ənənələri” ilə işləməkdə ittiham etməmişdi. Çünki bütün sağlam düşüncəli insanlar fərqindədirlər ki, bu cür təltiflər dövlətin müəyyən bir sahədə öz xidmətlərinə görə fərqlənmiş vətəndaşlarına təşəkkürü və vətəndaş cəmiyyəti quruculuğunda rol modeli yaratmaq cəhdidir.

Nəhayət, gələk ultrabönövşəyi yalana. Sayt yazır: “Bir sözlə, hazırda Azərbaycanda xalqdan və toplumdan qopmuş, onun gerçək problemlərini araşdırmayan, işıqlandırmayan media mövcuddur”. Bu gün Azərbaycan mediasında- qəzetlərdə, saytlarda, TV və radiolarda, hətta rəsmi dövlət kanalı AzTV-də belə çoxsayda sosial problemi işıqlandıran materiallar yayımlanır. Elə sözügedən məqalədə də qeyd edilir ki, guya “yalnız bəzi sosial problemlər və xüsusi əhəmiyyət daşımayan mövzularda icazəli tənqidlərə şərait yaradılır”. Bu iki tezis bir-birinə ziddir axı?!. Əgər “icazəli media” cəmiyyətin ayrı-ayrı üzvlərinin və seqmentlərinin sosial problemlərini işıqlandıra bilərsə, o zaman xalqdan qopması mümkün deyil; xalqdan qopubsa, deməli, həmin problemləri gündəminə daşıya bilməz.

Elə bu səbəbdən də, iddianın cəfəngliyini bir qırağa qoyaq, eyni zamanda yada salaq ki, “xalq və media” münasibətləri ən müxtəlif fəlsəfi məktəblərdə belə mübahisəli mövzudur. Həmin mübahisələrə girmədən, Jürgen Habermasın məşhur “ictimaiyyətin yaradılması” konsepsiyasının Azərbaycan mediasının təcrübəsində necə doğrulduğuna baxaq. Həmin mübahisələrə girmədən, Jürgen Habermasın məşhur “ictimaiyyətin yaradılması” konsepsiyasının Azərbaycan mediasının təcrübəsində necə doğrulduğuna baxaq. Müasir Azərbaycan mediası vətəndaşların yalnız informasiyaya çıxışını təmin etmir, eyni zamanda onların fikir bildirdiyi, ictimai proseslərə münasibət formalaşdırdığı bir diskurs meydanı yaradır. Məhz bu yönü ilə mediamız, Habermasın dediyi kimi, xalqın səssizliyi deyil, danışdığı, düşündüyü, razılaşdığı və ya etiraz etdiyi bir ictimai məkan funksiyasını daşıyır. Azərbaycanın informasiya məkanı bu baxımdan passiv izləyici kütləsini fəal vətəndaş subyektlərinə çevirən bir struktur kimi fəaliyyət göstərir. Bütün bunların nəticəsində Azərbaycanda MİLLİ DİSKURSLARLA MÜZAKİRƏ APARAN İCTİMAİYYƏT formalaşıb. "Toplum TV" kimi topluma yad resurslar məhz bu ictimaiyyəti manipulyasiya etmək üçün Azərbaycan mediasını etibarsızlaşdırmağa çalışır.

AzNews.az