- Redaktor masası
- 24 İyul 19:16
- 6 281
Kütləvi Transformasiya Vasitələri və “ictimai intellektual”ın düşüncə arxitekturası - II MƏQALƏ

Azərbaycan mediasının dünyanın qalan heç bir ölkəsi üçün spesifik olmayan və bizim üçün ən başlıca sayılan milli bir missiyası var- “Həqiqətsonrası bərpa olunmuş həqiqətləri” yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq!
Bu missiyanı daha məhsuldar və daha səmərəli şəkildə necə yerinə yetirə bilərik?
Suala cavab arayarkən istər-istəməz Prezident İlham Əliyevin söz açdığı “intellektual media” məfhumunu yada salmalı oluruq.
Terminin məğzinə nəzər salmazdan öncə deyim ki, jurnalistika cəmiyyətin informasiya ehtiyaclarını qarşılamaqla yanaşı, onun intellektual potensialından qidalanır. Başqa sözlə, media cəmiyyətin ideyalarını, biliklərini və düşüncə məhsullarını mənimsəyərək onları kütləvi auditoriyaya yenidən təqdim edir. Bu səbəbdən jurnalistikanın əsasını təşkil edən informasiya daim yenilənməli, zənginləşməli, cəmiyyətin intellektual səviyyəsini əks və inkişaf etdirməlidir.
Rusiyanın sosial fəlsəfə sahəsində tanınmış isimlərindən olan Vladislav Kelle "intellektual potensial" anlayışını yalnız elm və təhsillə deyil, həm də texnologiya, ümumilikdə isə, bütün düşüncə fəaliyyətləri ilə əlaqələndirirdi. Alimin fikrincə, cəmiyyətin intellektual potensialı- cəmiyyətin yenilik yarada bilmək qabiliyyətidir. Məhz bu qabiliyyətlər sayəsində mövcud problemləri həll etmək, tarixi inkişaf prosesinə yeni dinamikalar əlavə etmək və gələcəyə doğru irəliləyişə zəmin yaratmaq mümkündür. Onun yanaşması bir də buna görə aktualdır ki, qloballaşma dövründə informasiyanın həcmi kəskin artıb, ictimai məzmunundan və bilik səviyyəsindən asılı olmayaraq, hər bir fərd özünün yaratdığı xəbəri tirajlamaq imkanı əldə edib. Bəli, bu, bir reallıqdır və bu reallıqda, zənnimcə, jurnalistikanın əsas vəzifəsi odur ki, kütləvi auditoriya ilə cəmiyyətin yenilənən intellektual potensialına söykənən innovativ resurslar arasındakı ziddiyyəti aradan qaldırsın.
Bəs, bu ziddiyyəti- yəni, real informasiya ilə intellektual ehtiyaclar arasında olan boşluğu- necə aradan qaldırmaq olar?
Bunun üçün ilk növbədə jurnalistikanın öz funksiyalarını genişləndirməsi vacibdir. Öz funksiyalarını genişləndirmiş jurnalistika- bax, bu artıq intellektual mediadır. Ənənəvi xəbərçilik görəvi ilə kütləyə yönəlmiş informasiya istehsalının fövqünə qalxan, ictimaiyyət yaradan, milli düşüncə sahəsində ciddi bir transformasiya vasitəsinə çevrilən media. Eyni zamanda həm Kütləvi İnformasiya Vasitəsi, həm də Kütləvi Transformasiya Vasitəsi olan intellektual media - zəkaya, analitik düşüncəyə söykənən, dərin və səviyyəli məzmun təqdim edən, faktlara və arqumentlərə əsaslanan bir ictimai fikir müəssisəsidir. Analitika üzərində qurulmuş ictimai və milli fikir müəssisəsi, ötən yazımızda da vurğuladığımız kimi, həqiqətsonrası çağda həqiqəti yenidən kontekstləşdirməlidir.
Analitik media üçün xəbər - kontekst - interpretasiya - nəticə zənciri vacibdir. Bunu hamımız bilirik. İntellektual media bu ardıcıllıqda hər bir mərhələni intellektual emal prosesi kimi qəbul edir. Bu emal Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyır. Post-konflikt dövrünün problemləri, tarixi transformasiyanın məsuliyyəti, milli təhlükəsizlik çağırışları qarşımıza Azərbaycan auditoriyasını, sadəcə, xəbərlə təmin etmək vəzifəsi qoymur. Məsələlərin arxa planını, əsaslarını və məntiqini, mümkün nəticələrini izah etməyə təlabat var. İntellektual media bu tələbatı qarşılayaraq cəmiyyətin strateji düşüncə bacarığını gücləndirir.
Bütün bunlar həm media sistemində, həm də cəmiyyətdə pozitiv elmi düşüncəyə arxalanmağı zəruri edir. İntellektual media və pozitiv elmi düşüncə məhz bu nöqtədə bir-birini tamamlayan iki mühüm dayağa çevrilir. İntellektual media- ənənəvi informasiya istehsalçısı deyil, ictimai şüurda bilik sistemləri yaradan, fərdlərin və kollektivin təhlil bacarıqlarını gücləndirən bir platformadır. Onun məzmununu yalnız pozitiv elmi düşüncə ilə yaratmaq mümkündür. Pozitiv elmi düşüncə- mühakimələrin şəxsi intuisiya və emosiyalardan deyil, sınaqdan keçmiş, ölçülə, yoxlanıla bilən biliklərdən qaynaqlandığı mühakimə sistemidir. İntellektual medianın bu düşüncə tərzini ictimai informasiya məkanında yayması - cəmiyyətin informasiya mədəniyyətini yüksəltməklə yanaşı, kritik təfəkkürün, rasional debatın və uzunmüddətli strateji yanaşmanın bərqərar olmasına da xidmət edir. Belə olan halda, intellektual media hadisələrin strukturunu və mümkün inkişaf trayektoriyasını analiz edən bir “düşüncə laboratoriyası”na çevrilir. Nəticədə media həm özü etibarlı informasiya institutu kimi formalaşır, həm də cəmiyyətin epistemoloji suverenliyinə zəmin yaradır.
Qlobal səviyyədə dominant informasiya mərkəzləri həqiqət yaymaqla məşğul olmurlar, daha çox faktları manipulyasiya edirlər. Heç bir azərbaycanlıya bunu sübut etməyə lüzum yoxdur. Belə bir şəraitdə bizim kimi cəmiyyətlərin öz düşüncə arxitekturasını qurmaqdan, informasiya təhlükəsizliyini təmin etməkdən və nəticədə epistemoloji suverenliyini qorumaqdan başqa yol qalmır. Bu yol həm də jurnalist olmayanların boynuna ən azı jurnalistlər qədər mənəvi borc qoyur.
Cəmiyyət qarşısında intellektual öhdəlik daşımaq- yəni həm ümumi, həm də savadlı auditoriyaya xitab etmək, konkret şəxsi maraqlardan kənar şəkildə yazmaq, ictimai məsələlər haqqında xalqla birbaşa ünsiyyət qurmaq, ideyalar yaymaq intellektual tipologiyanın əsas xüsusiyyətləridir. Cəmiyyətimizin həqiqətlə olan mürəkkəb və yeniləşmiş münasibətlərini ifadə etmək həm də fərqli şəxsiyyət modeli olaraq bu tipləri üzə çıxarır. Bir insanın öz laboratoriyasında və ya emalatxanasında ustad olması azdır, elm adamları, yazıçılar, incəsənət xadimləri, hüquqşünaslar və digər peşə sahibləri “ictimai intellektual” olmağı bacarmalıdırlar.
İctimai ziyalının nüfuzunu və gücünü onun həqiqətə, daha doğrusu həqiqətsonrası çağda bərpa olunmuş həqiqətə sahib çıxmaq əzmi yaradır. Həqiqəti kim söyləyir? Sualı daha da inkişaf etdirək: həqiqəti kim daşıyır, kim kontekstləşdirir və kim sosial gerçəkliyə çevirir? Bu suala verilə biləcək müsbət cavabın içində yer almaq üçün mütləq siyasi hakimiyyəti, yaxud müxalifəti dəstəkləməyə gərək yoxdur. Plüralist cəmiyyətdə həqiqətə gedən yol heç zaman bir siyasi məhəllədən keçmir. Əsas şərt Azərbaycanı Azərbaycanlı kimi düşünməkdir. 1992-ci ilin qarlı fevralında Xocalıda güllənən, əsir düşən, təcavüzə məruz qalan soydaşımızın harayı ilə Süni İntellektin yeni era yaratmaq ərəfəsində olduğu günümüzün çağırışı eyni deyil. Amma hər iki həyəcanı siqnal kimi yenidən eşitməliyik. Mülki əhalini təşviş içində Kəlbəcərdən təxliyə edən helikopterin səsini bir qulağımızdan çıxarmadan o biri qulağımızı Şuşada keçirilən Beynəlxalq Media Forumda səslənən datalaşma zərurətinə verməliyik. Azərbaycan müstəqillik tarixində iki gerçəklik yaşayıb. Həqiqətdən qorxduğumuz və həqiqətlə qürur duyduğumuz gerçəklik içində. Həqiqət də elə əslində, gerçəkliklər arasındakı fərqdir. Bu fərqi yaradan, ona yeni məzmun verən prezident İlham Əliyevdir. İctimai intellektualın mənəvi borcu həqiqətin yanında olmaq deyil, onu daşımaqdır. Deməli, ictimai intellektual özü-özlüyündə abstrakt məfhum olan həqiqəti İlham Əliyevin fəaliyyətini əks etdirən informasiyaların məcmusu kimi ictimai rəyə daşıdığı qədər faydalıdır. Odur ki, intellektual medianın və milli fikir müəssisəsinin bir təmsilçisi olaraq çəkinmədən, qətiyyətlə və səmimiyyətlə deyirəm: Doğruları yazan, göstərən, danışan bizik!!!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru