- Siyasi müzakirə
- 25 İyul 17:48
- 3 141
“Müharibənin uzanması və genişlənməsində maraqlı qüvvələr var” – Kənan Novruzov

“Düşünmürəm ki, bu məsələ təkcə Ukraynanın hərbi strategiyası kimi qiymətləndirilə bilər. Məncə, burada ola bilsin ki, Qərbin, xüsusilə də ABŞ-ın müəyyən təlimatları var və bəlkə də bu, Rusiyaya ünvanlanmış konkret bir mesajdır. Çünki Tramp hakimiyyətə gələndə ABŞ ilə Rusiya arasında münasibətlər kifayət qədər yaxşı idi, bu da bir çoxumuz üçün təəccüblü görünürdü. Səbəblər məlumdur, lakin mövzudan kənara çıxmaq istəmirəm. Sonradan nə baş verdi? Tramp çalışırdı ki, Rusiya ilə Ukraynanı masa arxasına oturtsun və münaqişəni danışıqlar yolu ilə həll etsin”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, iyulun 24-də Ukrayna Silahlı Qüvvələrinin ilk dəfə pilotsuz uçuş aparatları vasitəsilə Gürcüstanın işğal altında olan qondarma Abxaziya Respublikasının ərazisinə hücum etdiyi barədə məlumatlar yayılıb. Bildirilir ki, Kiyev yalnız Rusiyaya məxsus hərbi hədəfləri vurub. Bu hadisə Moskva ilə davam edən müharibədə qarşıdurmanın Cənubi Qafqaza ilk təması kimi qiymətləndirilir. Beləliklə, daha əvvəl yalnız iki ölkənin ərazisi və sərhəd bölgələrində cərəyan edən döyüşlərin genişlənməsi və miqyasının artması ilə bağlı narahatlıqlar səsləndirilməyə başlanıb.
Siyasi şərhçi bildirib ki, ola bilsin, Ukrayna buna razı idi, lakin Rusiya güzəştə getmək istəmədi.
“Elə buna görə də Tramp Putinlə sonuncu telefon danışığında narazılığını ifadə edərək qeyd etmişdi ki, Rusiya müharibəni sona qədər davam etdirməkdə israrlıdır. Ola bilsin ki, hazırkı proseslər ABŞ-ın Rusiyaya növbəti mesajıdır: “Əgər sən mənim şərtlərimi qəbul etməsən, Abxaziya və ya ümumilikdə Cənubi Qafqazda sənin üçün yeni bir cəbhə aça bilərəm.” Onsuz da vəziyyət kifayət qədər mürəkkəbdir və daha da mürəkkəbləşə bilər. Düşünmürəm ki, bu, Ukraynanın təkbaşına atacağı və ya ata biləcəyi addımdır. Ukraynanın əsas prioriteti bu gün öz torpaqlarını azad etməkdir — onun başqa regionlarda addım atmağa nə marağı, nə də imkanı var. Hazırkı vəziyyətdə müharibənin miqyasının genişlənməsi ehtimalı kifayət qədər yüksəkdir. Yəni bu müharibə ya yaxın zamanlarda bitməlidir, ya da tərəflər arasında konsensus əldə olunmalıdır. Bu baş verməsə, müharibənin uzanmasında və genişlənməsində maraqlı olan qüvvələr kifayət qədər güclüdür. Elə buna görə də müharibənin genişlənməsi ehtimalı, təəssüf ki, daha real görünür”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az