"Rusiya hazırda buna cəsarət etmir" - Abutalıb Səmədov

“Ukrayna müharibəsində Rusiyanın əsas məqsədi Krımı və dörd vilayəti tam şəkildə nəzarətə götürməkdir. Hazırda bu məqsədin bir hissəsinə artıq nail olunub: Krım və Luqansk tamamilə Rusiyanın nəzarətindədir. Digər üç vilayətin isə təxminən 75 faizindən çoxu Rusiya tərəfindən işğal olunub. Sülh danışıqları aparılarkən Rusiya daim əsas tələbi irəli sürür və bildirir ki, Ukrayna həmin üç vilayətin hələ işğal olunmamış hissəsindən də qoşunlarını çıxarmalı və bu ərazilər Rusiyaya təhvil verilməlidir. Təbii ki, Ukrayna bu tələbi qəbul etmək istəmir. Hazırda Rusiya addım-addım irəliləyir və artıq 125 min kvadrat kilometr Ukrayna ərazisi işğal olunub. Rusiyanın arzu etdiyi ümumi ərazi isə təxminən 135 min kvadrat kilometrdir. Yəni, qalan hissəni də ya hərbi yolla işğal etmək, ya da Ukraynanın öz xoşu ilə təhvil verməsini istəyir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Qeyd edək ki, Rusiya Qara dənizin şimal hissəsinə tam nəzarət etməklə geosiyasi mövqeyini gücləndirməyə çalışır. Lakin bu plan təkcə Ukrayna münaqişəsi ilə məhdudlaşmır, eyni zamanda regionda maraqları olan digər güclü aktorlar – xüsusilə Qərb ölkələri və Türkiyə ilə toqquşur. Rəsmi Ankara böyük ehtimalla Rusiyanın Ukraynanın cənub bölgələrini tam şəkildə işğal etməsinə və Qara dənizdə üstünlük qazanmasına qarşı çıxacaq. Bu isə Kremlin mümkün genişmiqyaslı hərbi addımları üçün əlavə risklər yaradır.

Siyasi şərhçi qeyd edib ki, əslində Rusiya Odessanı və Nikolayevi də işğal edərək Ukraynanın Qara dənizə çıxışını tamamilə kəsmək istəyərdi.

“Lakin hazırda buna cəsarət etmir. Çünki bu istiqamətdə atılacaq addımların qarşısını alan əsas dövlətlərdən biri Türkiyədir. Türkiyə dəfələrlə bu məsələdə öz mövqeyini Rusiyaya açıq şəkildə çatdırıb. Eyni zamanda digər Qara dəniz ölkələri, ABŞ və Avropanın aparıcı dövlətləri də bu cür planların reallaşdırılmasını qəti şəkildə qəbul etməyəcəklərini bəyan ediblər. Məhz bu səbəbdən Rusiya hələlik Odessa və Nikolayev istiqamətində hücumlara başlamır. Hazırda əsas hədəf Donetsk, Zaporojye və Xerson vilayətlərinin işğal olunmamış hissələrini tam nəzarətə götürməkdir. Gələcəkdə daha genişmiqyaslı hücum ola bilərmi? Düşünürəm ki, Rusiya bu riskli addımı atmağa hələlik cəsarət etməyəcək. Çünki bu halda Qərb ölkələri daha aktiv şəkildə hərəkətə keçə bilər və bu da Ukraynaya göstərilən hərbi və maliyyə yardımlarının ciddi şəkildə artmasına səbəb olar. Əgər bu baş verərsə, Rusiya üçün Ukrayna qarşısında durmaq heç də asan olmayacaq. Nə qədər ki, ABŞ Rusiyanın hazırda işğal etdiyi əraziləri əlində saxlamağa göz yumur və qalan hissələri də ələ keçirməsinə zaman tanıyır, Rusiya da bu fürsətdən istifadə etməyə çalışır. Lakin düşünürəm ki, Ukraynanın qəti şəkildə geri çəkilməsi və əraziləri təhvil verməsi çox yanlış bir addım olar. Əgər belə bir addım atılsa, Qərbin reaksiyası necə ola bilər? Təbii ki, Qərb bu halda Rusiya ilə birbaşa müharibəyə girməyəcək. Amma Ukraynaya daha aktiv dəstək verə, öz mövqeyini daha açıq şəkildə ortaya qoya və digər dövlətlərlə birgə Rusiyanın bu cəhdinin qarşısını almaq üçün konkret addımlar ata bilər”.

Siyasi şərhçi əlavə edib ki, Rusiya məğlubedilməz bir dövlət deyil:

“Sadəcə, Ukraynaya göstərilən yardımlar artırılmalıdır. Təəssüf ki, Qərb Ukraynanın tam qələbə qazanması üçün yetərli dəstəyi vermək istəmir. Onlar yalnız Rusiyaya daha çox zərbə vurulmasını istəyirlər ki, bu da əslində ərazilərin geri alınmasından çox Rusiyanı zəiflətməyə yönəlib. Bu strategiyada artıq müəyyən nəticələr də əldə olunub. Bir milyondan çox Rusiya hərbçisi ya ölüb, ya yaralanıb, ya da döyüşə yararsız hala düşüb. Təəssüf ki, Qərbin yanaşması məhz bundan ibarətdir. Daha böyük təəssüf isə odur ki, Ukrayna bunu zamanında tam dərk edə bilmədi”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az